10 
Fev
2020
13:07
20
328
4091
Virtual karabakh

Azərbaycanda kredit faizlərinin yüksək olma səbəbləri - TƏHLİL

10 Fev, 2020
13:07
4091

Azərbaycanda kredit faizlərinin yüksək olma səbəbləri - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, bank sistemi iqtisadiyyat və maliyyə sisteminin formalaşmasında və tənzimlənməsində mühüm rol oynayır. Müasir dövrdə bankların rolu daha da artaraq, iqtisadiyyatın aparıcı sütunlarından birini təşkil edir.

Son illərdə ölkədə bank sisteminin möhkəmləndirilməsi və sağlamlaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan islahatlar öz müsbət təsirini göstərməkdədir. Bu tədbirlər bank sisteminin kapitallaşmasının möhkəmlənməsinə, kredit portfelinin sağlamlaşmasına, likvidliyin yüksəlməsinə, sistemyaradıcı bankların sayının artmasına və bir çox problemli - ölkə iqtisadiyyatında rolu olmayan bankların ləğvinə şərait yaradıb.

Lakin qeyd edilən müsbət dəyişikliklərlə yanaşı, ölkənin bank sistemi qarşısında bir çox vəzifələr durmaqdadır. Hazırda ən prioritet məsələlərdən biri kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasıdır. Sirr deyil ki, işgüzar mühitin yaxşılaşdırılmasını və qeyri-neft sektorunun davamlı inkişafını təmin edən vacib amillərdən biri təsərrüfat subyektlərinin və əhalinin sərfəli şərtlərlə kreditləşdirilməsidir. Hətta bir neçə gün əvvəl Prezident İlham Əliyev də bankların məsuliyyətsizliyinə görə sərt xəbərdarlıq etmişdi:

“Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcək. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər”.

Mövzu ilə bağlı İqtisadiyyat.az saytına açıqlama verən maliyyə və investisiya üzrə ekspert Rəşad Hacıyev bildirib ki, 2019-cu ilin üçüncü rübünün nəticələrinə görə (Azərbaycan Banklar Assosiasiyası (ABA) saytından əldə olunmuş məlumata əsasən) ölkənin bank sisteminin məcmu aktivləri 31.3 milyard manat, kredit portfeli 13.3 milyard manat, depozit portfeli 20.4 milyard və xalis mənfəəti 580 milyon manat olub. 

Qeyd edilən dövrdə ölkə üzrə bütün bank aktivlərinin 67%-i, depozitlərinin 70.5%-i və xalis mənfəətinin 88%-i beş bankın payına düşür. Belə ki, ölkədə 30 kommersiya bankı fəaliyyət göstərdiyi halda, bank sisteminin mühüm bir hissəsi ən iri 5-7 sistemyaradıcı bankda cəmləşib.

Son illərdə bank kreditləri üzrə faizlər müəyyən dərəcədə aşağı ensə də, onlar hələ də yüksək hədlərdədir. Kreditlər üzrə faizləri formalaşdıran əsas faktorlar Mərkəzi Bankın uçot faiz dərəcəsi, inflyasiya, depozitlər üzrə cəlbetmə faizi, banklarda likvidlilik səviyyəsi və kreditlər üzrə faiz marjasıdır. Hər bir faktora ayrı-ayrılıqda nəzər salaraq, kredit faizlərinin yüksək olmasının səbəblərini araşdıraq:

- Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsi hal-hazırda 7.25% təşkil edir (Rusiya: 6.25%, Qazaxıstan: 9.25%). Məlumdur ki, uçot faiz dərəcəsi makroiqtisadi vəziyyəti və inflyasiya perspektivlərini nəzərə alaraq müəyyən edilir.

Belə ki, inflyasiya və inkişaf templəri yüksək olduqda uçot faiz dərəcəsi yüksəldilir və inkişaf templəri zəiflədikdə iqtisadiyyatı stimullaşdırmaq məqsədilə uçot dərəcəsi aşağı salınır. Dünya Bankının məlumatına əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM-in və inflyasiyanın artımı 2.8% təşkil edib.

2020-ci il üçün bu rəqəmlər 2.3% və 3.2% həddində proqnozlaşdırılır. 2019-cu ilin nəticələrinə görə, Rusiya və Qazaxıstanda ÜDM-in artımı 1.3% və 4.5%, inflyasiya isə 4% və 5.4%-dir. Bu baxımdan, ölkəmizin hazırkı və gözlənilən iqtisadi inkişaf və inflyasiya templərini nəzərə alaraq, 7.25% həddində müəyyən olunmuş uçot faiz dərəcəsinin aşağı salınmasına ehtiyac duyulur.

Çünki AMB-nin uçot dərəcəsi bank sistemində maliyyə resurslarına görə faiz dərəcələrinin formalaşmasında mühüm rol oynayaraq, kredit resurslarının dəyərinə birbaşa təsir edir. Məsələn, ABŞ-ın Federal Ehtiyatlar Sistemi inflyasiyanın 2.1% təşkil etdiyi mühitdə, iqtisadiyyatı canlandırmaq məqsədilə uçot faiz dərəcəsini tək 2019-cu ildə üç dəfə azaldaraq, 1.5 – 1.75%-ə çatdırıb.

Şübhəsiz ki, Azərbaycan və ABŞ iqtisadiyyatları müqayisəedilməzdir, lakin Federal Ehtiyatlar Sistemi ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədilə misilsiz tədbirlərə əl ataraq, hətta uçot dərəcəsini inflyasiya həddindən də aşağı salıb.

- AMB-ın saytından əldə olunan məlumatlara əsasən, depozitlər üzrə milli və xarici valyutalarda orta faiz dərəcələri 9.27% və 1.84%, kreditlər üzrə isə orta faiz dərəcələri 13.92% və 5.90% təşkil edir.

Belə ki, milli valyutada verilən kreditlər üzrə faiz marjası 4.65% (13.92 – 9.27), xarici valyutada isə 4.06% (5.90 – 1.84) həddində müəyyən olunub. Rəqəmlər göstərir ki, bankların kredit faiz marjası sağlam hədlərdədir və onun azaldılması bank sisteminin gəlirliyinə və səmərəliliyinə mənfi təsir göstərəcək.

Şübhəsiz ki, girovsuz və yüksək riskli kreditlər üzrə faiz marjası daha yüksək səviyyədə müəyyən olunur, lakin belə kreditlərin payı bütün bank sistemi üzrə kiçik olduğundan yekun nəticələrə əhəmiyyətli təsir göstərmir. Bununla da, rəqəmlərə istinad etdikdə banklarda faiz marjasının adekvat hədlərdə olması qənaətinə gəlmək olur.

- Bank sisteminin likvidlilik vəziyyətinə nəzər saldıqda, onun qənaətbəxş həddə olduğu görünür. Ölkə bank sisteminin 20.4 milyard manat depozitlərinə qarşı banklar cəmi 13.3 milyard manat kredit ayırıb (üçüncü rüb, 2019-cu il, ABA məlumatına əsasən). Kredit portfelinin depozitlərə olan nisbəti ölkə bank sistemi üzrə cəmi 66% təşkil edir.

Dünya praktikasına əsasən, bu nisbətin 80-90% həddində olması tövsiyə olunur. Bu nisbət nə qədər aşağı olarsa, bankın gəlirliliyi də o qədər aşağı olur. Hətta ayrı-ayrı bankların balansını nəzərdən keçirdikdə, onların, əslində, yüksək likvidlikdən əziyyət çəkdiyi görünür.Yəni maliyyə resurslarının hansısa bir qıtlığı müşahidə olunmur.

- Eyni zamanda, qeyd etmək lazımdır ki, bəzi banklar qısa zaman ərzində daha çox gəlir əldə etmək məqsədilə ayrı-ayrı hallarda yüksək faiz marjası ilə kreditləşmə aparır, lakin belə bir yanaşma uzun müddətdə heç bir müsbət nəticəyə gətirib çıxarmır.

Əksinə, problemli kreditlərin sürətlə artmasına səbəb olaraq, bankın balans göstəricilərini pisləşdirir. Eyni zamanda, biznesə və əhaliyə mənfi təsir göstərərək xoşagəlməz hallara səbəb olur. Belə halların baş verməsini tam istisna etmək mümkün olmasa da, onlar requlyator tərəfindən daimi izlənməli və tənzimdə saxlanmalıdır.

Yuxarıdakı faktorları nəzərdən keçirdikdən sonra belə bir qənaətə gəlmək olar ki, ölkədə kredit resurslarının bahalı olmasının əsas səbəbləri banklarda depozitlər üzrə faizlərin və mövcud uçot dərəcəsinin yüksək olmasıdır.

Məlumdur ki, banklar daxili bazarda maliyyə resursları üzrə rəqabət aparmaq məqsədilə müştərilərə yüksək faizlər təklif edirlər, lakin, belə bir yanaşma nəticədə kredit resurslarının bahalaşmasına səbəb olur. İnflyasiyanın 2-2.5% təşkil etdiyi halda, bankların depozitlərə görə illik 8-10% ödəməsi real bazar şəraitinə, ümumiyyətlə, uyğun deyildir.

Beləliklə, faiz dərəcələrinin yüksək həddlərdə formalaşmasına görə məsuliyyətin böyük bir hissəsi ölkənin sistemyaradıcı bankların üzərinə düşür.  Mövcud makroiqtisadi mühitdə, milli valyutada depozitlər üzrə orta faiz dərəcəsi hazırki 9.27%-dən 5-5.25%-ə, Mərkəzi Bankın uçot faiz dərəcəsi isə 4-4.25%-ə qədər endirilə bilər.

Şühbəsiz ki, AMB-nin dəstəyi ilə depozitlər üzrə faiz dərəcələrinin endirilməsində aparıcı rol ölkənin sistemyaradıcı bankların üzərinə düşəcəkdir. Maliyyə resurslarına görə faizlərin enməsi, kreditlər üzrə orta faiz dərəcələrini 9-10%-ə qədər ucuzlaşdırmaq imkanını yaradacaqdır.

Kreditlər üzrə faiz dərəcələrinin aşağı düşməsi, kredit portfelinin bütün bank sistemi üzrə daha da sağlamlaşmasına və mümkün zərərlərin ödənilməsi üçün ayrılan ehtiyatların azalmasına şərait yaradacaq. Belə olduğu halda, bankların faiz marjası və gəlirliyi artaraq, kredit faizlərin perspektivdə daha da aşağı hədlərə endirilməsinə imkan verəcək.

Depozitlər üzrə faiz dərəcələrinin enməsi, investorların alternativ investisiya alətlərinə marağını artıraraq, ölkənin qiymətli kağızlar bazarının inkişafına təkan verəcək. Şübhəsiz ki, mövcud mühitdə, investorun qiymətli kağızlar bazarında həmin gəliri əldə etmək üçün əlavə risk götürmək marağı heç bir zaman olmayacaq.

Kapital bazarlarının dərinləşdirilməsi, ölkədə biznes mühitinin inkişafına və rəqabətin artmasına şərait yaradaraq, maliyyə resurslarının tədricən uçuzlaşmasına müsbət təsir göstərəcək.

Əlavə məlumatlar üçün bu linkə daxil ola bilərsiniz: www.rmcapitalanalytics.com

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri