15 
Fev
2020
00:56
47
261
3349
Virtual karabakh

Sahil Babayev: “Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur”

15 Fev, 2020
00:56
3349

Sahil Babayev: “Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın 7-ci iclası keçirilib.

İclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasdan əvvəl S.Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto arasında ikitərəfli görüş olub, ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Komissiyanın 7-ci iclasında Azərbaycan-Macarıstan əlaqələrinin ildən-ilə inkişaf etdiyini vurğulayan S.Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində mühüm addım olduğunu qeyd edib. Bildirib ki, xüsusilə də Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini əks etdirən müddəaların yer alması Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığın daha bir göstəricisidir.

Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafı təmin etdiyini vurğulayan S.Babayev, eyni zamanda, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu, xarici ölkələrlə qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq əlaqələrini daim genişləndirdiyini diqqətə çatdırıb.  

Nazir Macarıstanla da ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin hüquqi bazasının formalaşdıraraq genişlənməsinə zəmin yaratdığını deyib. O, xüsusilə enerji sahəsində Macarıstanla fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əməkdaşlığın davam etdirilməsinin, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılmasının  əhəmiyyətini qeyd edib.

İqtisadi əməkdaşlıqda ticarət əlaqələrinin önəmindən bəhs edən S.Babayev 2019-cu ildə Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcminin 35,70 mln. ABŞ dolları təşkil etdiyini bildirib. Ticarət əlaqələrinin inkişafı məqsədilə aparılan işləri, həmçinin ölkəmizin ixrac missiyasının Macarıstana səfərinin, Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsinin və s. mühüm rolunu diqqətə çatdırıb. O, ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə Macarıstan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, iki ölkə arasında əməkdaşlıq üçün mövcud olan potensialın əlaqələrin daha geniş miqyasda və daim yüksələn xətt üzrə inkişafına imkan yaratdığını bildirib. 

P.Siyyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O, iqtisadi sahədə əməkdaşlıq istiqamətləri üzrə əldə olunan təcrübəni qeyd edib. Birgə səylər nəticəsində bu əlaqələrin ildən-ilə genişlənəcəyinə, əməkdaşlıqda yeni müsbət nəticələrin olacağına əminliyini ifadə edib.

İclasda enerji sahəsində əməkdaşlığın davam etdirilməsi, bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılması, ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri müzakirə olunub. Macarıstan şirkətlərinin Azərbaycanın sənaye parklarında, eləcə də aqroparklarında, startapların Macarıstan və Azərbaycanda keçirilən sərgi, konfrans və forumlarda iştirak imkanları, Macarıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin genişləndirilməsi və s. məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

Təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də ikili diplom proqramlarının hazırlanması və tətbiqi, müəllim və tələbə mübadiləsinin, ali təhsil müəssisələri arasında ortaq araşdırmaların təşviqi və s. məsələlər nəzərdən keçirilib. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, bu sahələrdə idxal və ixracın mövcud potensiala uyğun artırılması, səhiyyə, mədəniyyət, nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Azərbaycanın turizm imkanları haqqında Macarıstanda məlumatlılığın artırılmasının, məlumat turlarının təşkilinin, turizm sahəsində təcrübə mübadiləsinin hər iki ölkə üçün önəmi qeyd edilib. Əmək bazarının tənzimlənməsi, məşğulluğa dəstək proqramlarının hazırlanması, sosial xidmətlərin göstərilməsi, tibbi-sosial  reabilitasiya, gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirakı ilə aparılan müzakirələrin yekununda həmsədrlər tərəfindən Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb. Sənəddə  iki ölkənin qeyd edilən sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ifadə olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri