16 
Fev
2020
12:42
282
94
4529
Virtual karabakh

Azərbaycan yaşıl iqtisadiyyatda lider mövqe tutur

16 Fev, 2020
12:42
4529

Azərbaycan yaşıl iqtisadiyyatda lider mövqe tutur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar hakimiyyətə iqtisadiyyatın daha da modernləşdirilməsi və enerji mənbələrinin şaxələndirilməsi üzərində işləməyə başlayan yeni nəslin gətirilməsinə səbəb olub. 

“Modern Diplomacy”də dərc olunan “Oil-Rich Azerbaijan Takes Lead in Green Economy” materialında yazılıb ki, neft və qaz Azərbaycanın ixracının təxminən 95%-ni və dövlət gəlirlərinin 75%-ni, karbohidrogen sektoru ölkənin iqtisadi fəaliyyətinin təxminən 40% -ni təşkil edir.  Ötən ilin noyabr ayında Azərbaycan Türkiyə ilə birlikdə Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) inşasını uğurla başa çatdırıb. Azərbaycan qazı boru kəməri ilə Avropaya çatdırılacaq.

Gələcəyə qayğı göstərən ölkə bərpa olunan enerji sahəsində addımlar atmağa başlayıb. Günəş və külək elektrik stansiyaları quraşdırılıb və ümumi elektrik istehsalında onların payı artıq 17%-ə çatır. 2030-cu ilə qədər bu rəqəmin 30%-ə çatacağı gözlənilir.

Günəş elektrik stansiyaları Qobustan və Samuxda, eləcə də Bakının yaxınlığındakı Pirallahı, Suraxanı və Sahil qəsəbələrində fəaliyyət göstərir.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavatdan çoxdur ki, bu da ildə 62,8 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu potensialın böyük hissəsi beş min meqavat qiymətləndirilən günəş enerjisi ilə təmin olunur. Külək enerjisi 4500 meqavat, bioenerji 1500 meqavat, geotermal enerji isə 800 meqavatdır.

Prezident İlham Əliyev bərpa olunan enerjinin əldə olunmasına dəstək verib. 2019-cu ildə İlham Əliyev Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə komissiya yaradılması haqqında sərəncam imzalayıb. 

Azərbaycanın bərpa olunan enerjiyə olan diqqəti Avropa tərəfdaşlarının marağını oyatdı: Fransanın aparıcı şirkətləri ölkədə günəş və külək elektrik enerjisi istehsalına sərmayə yatırmaq istəyirlər.

Bu yaxınlarda Fransanın Azərbaycandakı səfiri Zahar Qross deyib ki, Fransa İnkişaf Agentliyi Azərbaycanın yaşıl layihələrinə, məsələn, ətraf mühit və yerli əhali üçün xeyirli olan yeni ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə bərk tullantıların emalı kimi layihələrə investisiya qoymağa hazırdır.

“Hesab edirəm ki, ən böyük inkişaf potensialı olan sahələrdən biri də şəhər xidmətləri sektorudur. Təkmilləşdirilmiş su paylama sistemi sərf olunan resursların miqdarını azaltmağa, keyfiyyətinin yaxşılaşdırılmasına, həmçinin qışda daşqınlarla bağlı problemlərin həllinə kömək edə bilər”, - səfir deyib. 

Hazırda Azərbaycanda iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantıları aşağı səviyyədədir. Avropa Komissiyasının məlumatına görə, 2018-ci ildə Azərbaycan atmosferə 34,7 milyon ton karbon qazı (CO2) tullantıları buraxıb ki, bu da adambaşına 3,5 deməkdir və bu, dünya üzrə müəyyən edilmiş 4.9 ton səviyyəsindən aşağıdır.

Öz növbəsində, Qazaxıstan 2018-ci ildə atmosferə 309,2 milyon ton, Ukrayna - 196.8 milyon ton, Özbəkistan - 101.8 milyon ton, Belarusiya - 64.2 milyon ton CO2 buraxıb.

Eyni zamanda, Azərbaycanda karbon qazı tullantılarının miqdarı daim azalmaqdadır. 1990-cı ildə ölkənin karbon qazı tullantıları 73,3 milyon ton təşkil edirdisə, 2018-ci ildə bu göstərici 34,7 milyon tona düşüb. 2030-cu ilədək ölkə illik istixana qazı tullantılarını 35% azaltmağı planlaşdırır.

Azərbaycanda Avro-4 yanacaq standartlarının erkən tətbiqi və üstəlik, A-5 standartlarına 2021-ci ildən keçid hökumət tədbirlərinə daxildir. Hazırda, böyük şəhərlərdə elektrik mühərrikli avtobus və taksilərin sayı artmaqdadır. 

Digər əsas addım 150 ildən çox müddətdə neft hasilatı nəticəsində yaranan ətraf mühitin deqradasiyasına qarşı mübarizədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Abşeron yarımadasında, xüsusən vaxtilə Böyük Şor gölü ətrafında neftlə çirklənmiş torpaqların bərpasına kömək edir. Görülən tədbirlərə milyonlarla kubmetr neftlə çirklənmiş torpağın təmizlənməsi daxildir.

Azərbaycan həmçinin neft hasilatı zamanı yandırılan qazın miqdarını azaldır. Avropa Komissiyası tərəfindən maliyyələşdirilərək aparılan araşdırmaya görə, neft hasilatı zamanı çıxan qazdan səmərəli istifadədə Azərbaycan Avropa Birliyinə neft ixrac edən 10 ölkə arasında birinci yerdədir. Bu cür qaz tullantıları 2009-cu ildən 2015-ci ilə qədər 282,5 milyon kubmetr azalıb. 2022-ci ilə qədər bu rəqəmin 95 milyon kubmetrə düşəcəyi gözlənilir.

Hökumət genişmiqyaslı abadlıq işləri də həyata keçirir. 2019-cu ilin dekabr ayında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə məşhur Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə kütləvi şəkildə ağac əkilib. 

2018-ci ildə türkiyəli mütəxəssislərlə birlikdə hazırlanan hesabata görə, Azərbaycanda meşə sahəsi 1,2 milyon kvadrat metr və ya ölkənin ümumi sahəsinin 11,4% -ni təşkil edir. Keçən il meşələrin qırılmasının qarşısını almaq və biznes layihələrinin ətraf mühitə mənfi təsirini azaltmaq üçün yeni tələblər tətbiq edilib.

Neft ehtiyatlarına görə dünyada 20-ci yeri tutan Azərbaycan karbohidrogen gələcəyini seçə bilər. Bununla yanaşı, hökumət enerji, nəqliyyat, iqtisadiyyat və ətraf mühit kimi sahələrə daha çox diqqət ayırıb. Azərbaycan digər nəhəng neft istehsalçılarına nümunə olacaq ölkədir.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri