20 
Fev
2020
11:53
20
142
1963
Virtual karabakh

Qızılımız var, zərgərimiz yoxdur...

Pərviz Heydərov yazır...

Azərbaycan təbii sərvətlər sarıdan zəngin ölkədir, yerüstü və yeraltı sərvətlərimiz kifayət qədərdir. Lakin sərvətin olması onun həm də istifadə edildiyi demək deyil. 

Bunun üçün gərək müvafiq texnologiya, kadr potensialı və investisiya ola... 

Bunların hər biri isə təkcə daxili imkanlar hesabına, yəni yalnız Azərbaycan dövlətinin və hökumətinin gücünə əldə edilə bilməz. Mütləq xaricə müraciət etmək tələb olunur. Məsələn, ölkədə hələ sovet dövründən əvvəl neft çıxarılırdı. 1803-ci ildə bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda dünyada ilk dəfə olaraq iki quyudan neft çıxarmağa başlayıb. 

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı isə XIX əsrin ortalarından başlayıb. Dünyada texnikanın tətbiqi ilə ilk neft quyuları 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda qazılıb. 1859-cu ildə Bakıda Dubinin qardaşları tərəfindən iri neftayırma zavodu istifadəyə verilib, zavodda, əsasən, ağ neft istehsal olunub. 1872-1873-cü illərdə isə Xəzər dənizində taxta barjlarla neft nəql edilib. 

SSRİ dövründə bu sahədə böyük infrastruktur formalaşdı və dənizdən də neft çıxarılmağa başlandı. Ancaq müstəqillik əldə etdikdən sonra bu sahəni əldə saxlamaq və inkişaf etdirmək üçün xarici şirkətlərə müraciət etmək məcburiyyəti yarandı. Odur ki, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi” bağlandı. Çünki Azərbaycanın özünün buna imkanı yox idi. Belə ki, nə pul, nə texnologiya, nə də tələb olunan səviyyədə kadr potensialı var idi. Odur ki, ölkəyə BP kimi xarici şirkətlər dəvət olundu. 

Sözümü ona gətirirəm ki, elə resurslar da vardır ki, onların əldə olunmasına və realizəsinə bütün lazım olan vasitələri qısa müddət ərzində cəlb etmək və istənilən nəticəyə nail olmaq mümkün deyil. Bunlardan biri də qızıl hasilatı sahəsidir. 

Təsadüfi deyil ki, Azərbaycanda qızıl hasilatının, yəni sənaye üsulu ilə qızıl metalının hasil edilməsi tarixinə nəzər yetirsək, onun yalnız bu yaxınlara təsadüf etdiyini görərik. Yəni müstəqillik illərinə. İlk qızıl və gümüş 2009-cu ilin mayında “Gədəbəy” yatağından hasil edilib. Halbuki həmin ərazidə XIX əsrin ortalarında mis filizi yataqları kəşf edilib və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilib və daha sonra həmin zavod Almaniyanın “Simens” şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulub. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyibər. 

Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən biri olub. 1883-cü ildə isə Qalakənddə ikinci misəritmə zavodu işə düşüb ki, 1891-ci ildə burada elektroliz yolu ilə qızıl və gümüş istehsal olunub. Qazma işləri əvvəllər əllə aparılırdısa, 1893-cü ildən almazla, 1902-ci ildən elektriklə görülüb. Rəsmi məlumatlara görə Gədəbəy mədənlərində bütövlükdə 100 milyon yarım puddan çox mis filizi çıxarılıb. Simenslərin fəaliyyəti dövründə hər 18 min pud misdən 13 kiloqramdan artıq qızıl, 240 kiloqrama qədər gümüş alınıb.

1864-1914-cü illərdə Gədəbəy dağlarında 3 ton qızıl, 52 ton gümüş, 1867-1916-cı illərdə 640 ton kobalt istehsal edildiyi məlumdur. 1914-cü ildə Siemens qardaşlarının Gədəbəy-Qalakənd bölgəsində fəaliyyətləri müxtəlif səbəblərə görə sona yetib. Sözüm bunda deyil. Bayaq qeyd etdim ki, Azərbaycanda qızıl hasilatının, yəni sənaye üsulu ilə qızılın hasil edilməsi tarixi bu yaxınlara təsadüf edir. 

Bu işlə 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Böyük Britaniyanın “Anglo Asian Mining Plc” şirkəti məşğul olur. 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın “Anglo-Asian Mining plc” şirkətinin isə 49 faiz təşkil edir. 

Müqaviləyə əsasən, 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil edilməlidir. Bəzi ekspertlər qeyd edirlər ki, ölkədə sözügedən sahədə, başqa sözlə desəm, mövcud potensialdan tam istifadə olunması işləri tələb olunan səviyyədə həyata keçirilmir. Lakin bu, belə deyil. O səbəbdən ki, Azərbaycanda qızıl hasilatı və ümumiyyətlə, bu sahədə müvafiq sənayenin formalaşması istiqamətində işlər ləng aparılmayıb və heç də passiv vəziyyət deyil. Bu sahədə dövlət və hökumət tərəfindən indiyədək bir sıra addımlar atılıb. “AzerGold” QSC yaradılıb və sair... 

Hazırda qızıl “AzerGold” QSC tərəfindən Daşkəsəndə və “Anglo-Asian Mining” şirkəti tərəfindən Gədəbəydə hasil olunur. Yəni demək istədiyim budur ki, qızıl neft deyil. Başqa sözlə desəm, operativ şəkildə investisiya cəlb edərək, realizə imkanlarına malik deyil. Bunun üçün yataqlar kəşf edilməli, investisiya qoyulmalı, müvafiq infrastruktur yaradılmalıdır. Bundan əlavə, hazırda Azərbaycanın ərazisinin 20 faizə yaxın hissəsi Ermənistanın işğalı altındadır. Kəlbəcər ilə Zəngilanda isə üç yataq var. 

Yəni obyektiv maneələr də mövcuddur. Bu mənada, ölkədə qızıl hasilatı qənaətbəxş vəziyyətdədir. Ancaq qarşıda yeni-yeni yataqların aşkar olunacağı və əlavə investisiyaların cəlb olunacağı gözlənilir ki, ümumiyyətlə, neftdənkənar sahələrin inkişafı prioritet təşkil etdiyindən bu, həm də qızıl sənayesinə diqqətin daha çox artacağı ilə nəticələnməlidir. Ancaq bir cəhət var. O da bundan ibarətdir ki, ölkəmizdə qızıl da daxil olmaqla, qiymətli metalların emalı sahəsi və yaxud sənayesi təşəkkül tapmayıb.

Daxili bazarda təklif olunan bütün növ qızıl və digər növ qiymətli metallar üzrə məmulatlar xarici ölkələrin istehsalçılarına məxsusdur ki, sanki bu sahədə faktiki olaraq heç bir yerli emal xarakterli sahibkarlıq fəaliyyəti yoxdur. Və elə nəzərə çarpır ki, müvafiq ənənə deyilən bir şey də olmayıb. Halbuki Azərbaycanda qızıl hasilatı yaxın illərə təsadüf etsə də, zərgərlik sahəsində zəngin təcrübə və tarixi ənənə mövcuddur. 

“AzerGold” QSC-nin rəhbərliyi bildirib ki, 2017-ci ildən bəri 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 399,3 milyon manat həcmində vəsait cəlb edilib ki, bu əməliyyatlar nəticəsində dövlət büdcəsinə 30.6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənib. Hasil edilən qiymətli metalların beynəlxalq bazarlara çıxarılaraq satılması ilə yanaşı, Dövlət Neft Fondu, “Azərsuvenir” MMC və bir sıra digər qurumların təminatı da aparılır. 

Sual yaranır ki, bəs yerli zərgərlik fəaliyyəti niyə görünmür? Hanı bizim öz zərgərlik məmulatlarımız? Bu sahədə təşəkkül tapmış sahibkarlar, istehsalçılar qrupu haradadır, nəyə görə nəzərə çarpmır? 

Bu gün istənilən zərgərlik məhsulu satan şəbəkəyə yaxınlaşsaq, həmin məhsulun hamısının kənardan idxal edildiyini görərik. Xüsusilə Türkiyə, ərəb ölkələrindən, İtaliya və Rusiyadan... Çünki həmin məhsulların ölkəyə idxalı, satışının təşkili bu sahədə yerli istehsala məxsus məmulatlardan daha ucuz başa gəlir. Bunun isə vergi və gömrük rüsumlarının tətbiqi mexanizmi və prosedurları ilə bağlı olduğunu söyləmək çətin deyil. Sadəcə olaraq, cüzi təhlil və monitorinq aparmaq lazımdır. Bəli, reallıq budur ki, xaricdən gələn məhsullar həm maya dəyəri baxımından bazara ucuz daxil olur, həm də keyfiyyətə nəzarətsizlik ucbatından yerli zərgərlik məmulatlarını bazardan sıxışdırıb çıxarır. 

Ümumiyyətlə, qızıl və digər qiymətli metallardan hazırlanan məmulatlar üzrə hazırda daxili bazarda rəqabət yoxdur. Qiymətlərin də tələb və təklifin nisbəti nəticəsində təşəkkül tapdığını söyləmək çətindir. Vətəndaşlar zərgərlik məmulatı alanda, onun keyfiyyəti və mövcud qiymətə necə uyğunlaşması barədə məlumatlı deyillər. 

Qiymət hansı əsasla qoyulur? Həmin qiymətin ortaya çıxmasında rəqabət varmı? Bu şərtlərin, əslində, heç biri ödənmir. Zərgərlik məmulatları üzrə istehsal, idxal-ixrac və ümumiyyətlə, satış bazarında isə həmişə böyük məbləğlərdə gəlirlər olur. Ona görə də bu sahədə kölgə amillərinin təşəkkül tapması üçün geniş imkanlar və meyillər yaranır ki, bu gün ölkəmizin iqtisadiyyatında ümumən, kölgə iqtisadiyyatının bir hissəsi də məhz bu sahəni əhatə edir. 

Belə ki, zərgərlik məmulatlarının istehsalı, idxal-ixracı və satışında külli miqdarda vəsait qeyri-leqal dövr edir. Başqa sözlə desəm, qeyri-şəffaflıq, bəlkə də, ən çox sözügedən sektorda hökm sürür. Nəticədə, sektorun, demək olar, bütün iştirakçılarının hüquqları pozulmuş vəziyyətdə sayılır. Bəs vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır? Ölkədə qiymətli metalların emalı, xüsusən zərgərlik məmulatlarının istehsalı, idxalı-ixracı və satışı üzrə hər birində bütün həlqələr nəzarətə götürülməli, sözügedən sahədə bazar yenidən təşkil olunmalı, qiymətlərin düzgün təşəkkül tapması və qeyri-leqal dövriyyənin ləğvi üçün müvafiq tənzimləmə mexanizmi yaradılaraq tətbiq olunmalıdır. 

Təkrar edirəm: ən böyük problem odur ki, ölkəyə daxil olan zərgərlik məmulatları yerli məhsulları satış şəbəkələrindən tamamilə sıxışdırıb çıxarır. Əhali seçim edəndə yerli istehsalçıların əl əməyinə, onların məhsullarına nəinki rast gəlir, heç bu barədə düşünmür də... Ona görə də daxili bazarda yerli istehsal xarici məhsulla rəqabət aparmaq gücündə deyil. Müəyyən qrup işbazlar, əsasən, xaricdən keyfiyyəti məlum olmayan, dəyəri qiymətindən aşağı məhsulların ölkəyə gətirilməsi ilə məşğuldurlar ki, bu baxımdan da aşağıdakıları təklif edirəm. 

Birincisi, zərgərlik sahəsində yerli istehsalçılar, sənətkarlar müəyyən güzəştlərin tətbiqi, sair yolla təcili olaraq himayəyə götürülməli, ikincisi, kənardan zərgərlik məmulatlarının idxalı gömrük rüsumlarını artırmaqla məhdudlaşdırılmalı, üçüncüsü, satışda olan məhsulların keyfiyyətinə (əyar və sair məsələlərə) inzibati metodların tətbiqi ilə nəzarət gücləndirilməli, dördüncüsü, ümumən zərgərlik sahəsində yerli sənayenin formalaşması, inkişafı dövlətin və hökumətin diqqət mərkəzinə alınmalı, beşincisi isə, yerli xammaldan daxildə istehlak üzrə səmərəlilik artırılmalıdır. 

Son olaraq qeyd edim ki, bəli, keçən əsrin 90-cı illərin axırı və 2000-ci illərin əvəllərində bütün Qafqaz regionunda zərgərlik məmulatlarının əsas satış bazasını Azərbaycan təşkil edirdisə, bu imkan çoxdandır Türkiyə, İran, ərəb ölkələri və bəzi MDB ölkələrinin xeyrinə əlinə keçib. Halbuki biz, o zaman qızıl hasil etmirdik. İndi isə qızılımız var, “zərgərimiz yoxdur”... 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri