26 
Mar
2020
16:49
26
142
2436
Virtual karabakh

Fuad Nağıyevdən turizm sənayesinin nümayəndələrinə MÜRACİƏT

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib.

Agentlikdən verilən məlumata görə, müraciətdə deyilir:

“Sevindirici haldır ki, bir çox sənaye nümayəndələri hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq çağırışımıza müsbət cavab verdilər.

Bu, dövlət tərəfindən yüksək qiymətləndirilir. Sosial məsuliyyətə əməl edərək, sənayenin gələcək inkişaf perspektivlərini nəzərə alan sahibkarlar dövlətin diqqətindədir və tətbiq olunan məhdudiyyətlərin turizm sənayesinə təsirlərinin azaldılması istiqamətində ilk iş məhz sahibkarlara dövlət dəstəyinin verilməsi olacaq.

Biz sənayenin digər üzvlərini də sosial məsuliyyətlilik nümayiş etdirən, sosial-mənəvi öhdəlikləri yerinə yetirən sənaye təmsilçilərinə qoşulmağa dəvət edirik.

Hazırda həm Bakıda, həm də regionlarda bir sıra hotellər xaricdən qayıdan vətəndaşlarımızın karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur.

Bu məqsədyönlü addım, ümumilikdə, vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qorumaqla yanaşı, hotellərin dolmasını da təmin edir.

Biz karantin rejimində vətəndaşlara xidmət göstərən hotellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla işçi heyətlərinə təşəkkür edir, bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk.

Əmin ola bilərsiniz ki, Dövlət Turizm Agentliyinin əməkdaşları bütün aidiyyəti dövlət qurumları ilə birlikdə qlobal böhran nəticəsində ölkəmizin turizm sənayesinə dəyən zərərin minimuma endirilməsi üçün tam gücləri ilə çalışırlar. Ən qısa müddətdə sənayeyə dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri ilə bağlı işlər yekunlaşacaq.  

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olaraq, turizmin böhrandan sonrakı dövrdə daha sürətlə inkişaf edəcəyinə inanırıq.

Azərbaycanı turizm ölkəsinə çevirmək üçün bu günədək nümayiş etdirdiyimiz həmrəyliyimizi ölkəmizin və cəmiyyətimizin qarşılaşdığı bu çətin günlərdə də göstərməliyik.

Bir daha tövsiyələrə və çağırışlara müsbət cavab verən bütün sahibkarlara təşəkkür edir, hər kəsi sosial məsuliyyətlilik nümayiş etdirməyə çağırırıq.

Əminliklə bildiririk ki, gücümüz birliyimizdədir və məhz birlikdə bütün çətinliklərin öhdəsindən gələrək, daha böyük işlərə imza ata bilərik”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri