31 
Mar
2020
15:58
32
176
3541
Virtual karabakh

Komitə sədri: “Bu sınaqdan uğurlu çıxmağın üç mühüm şərti var”

“Beynəlxalq təşkilatlar 2020-ci il üçün dünyada iqtisadi artım proqnozunu 2.6 faizdən mənfi 1.5 faizə endiriblər. Karantin tədbirlərinin qlobal tələbi və təklifi azaltması labüddür. Digər tərəfdən, dünya bazarlarında neftin qiymətlərinin iki dəfəyə yaxın enməsi vəziyyəti daha da kəskinləşdirir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, mövcud vəziyyətin nə qədər və hansı formada davam edəcəyi ilə bağlı çoxlu proqnozlar var.

“Amma burada bir mühüm məqam var. İqtisadi nəzəriyyələrə görə, böhran dövründə dövlətin rolu xeyli artır. Məhz dövlətin çevikliyi, verdiyi qərarlar, icra mexanizmləri böhranı dəf etməkdə və ya minimal itkilərlə post-böhran dövrünə daha yaxşı keçməkdə həyati əhəmiyyətli rol oynayır”, - deyə T.Mirkişili əlavə edib.

Deputatın sözlərinə görə, müasir vəziyyətin təhlili göstərir ki, indiki sınaqdan uğurlu çıxmağın üç mühüm şərti var: dövlətin çevikliyi və effektivliyi, ehtiyatların mövcudluğu, iqtisadiyyatın şəffaflığı.

Komitə sədrinin fikrincə, məhz bu üç şərtə uyğun gələn ölkələr epidemiyanın daha çox yayılmasının qarşısını ala, dəyən iqtisadi və sosial zərərləri kompensasiya edə bilərlər və post-böhran dövrünə daha hazırlıqlı daxil olarlar.

T.Mirkişilinin sadaladığı bu üç mühüm şərt Prezident İlham Əliyev tərəfindən 2018-ci ildən daha da sürətli və əhatəli həyata keçirilən sosial-siyasi-iqtisadi islahatların əsas məqsədlərindəndir.

Məhz son illər idarəetmə sahəsində aparılan islahatlar, kadr dəyişiklikləri və idarəetmə prinsiplərində yeniliklər dövlət orqanlarını xeyli çevik edib.

Dövlət başçısının tapşırıqlarını yerinə yetirən hökumətin çevikliyi və peşəkarlığı çox yüksəkdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən vətəndaşların qorunması üçün həyata keçirilən tədbirlər xüsusi təqdir olunur.

Toplanan və qorunan strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan çoxdur.

T.Mirkişili deyib ki, bu amillər qlobal böhranın ölkə vətəndaşlarına təsirini minimallaşdırır, manatın kursunu sabit saxlayır və maliyyə dəstəyi üçün digər təşkilatlara, dövlətlərə müraciət etməmək üçün mühüm suveren əsas yaradır.

Eyni zamanda, dövlətin digər mühüm ehtiyatları vətəndaşlara sosial yardımlar etməyə, sahibkarlıq subyektlərinə dəstək üçün bir milyard manat vəsait ayırmasına imkan yaradır.

“Son illər aparılan iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının şəffaflıq səviyyəsinin artırılmasına imkan yaradıb, büdcə gəlirlərini artırıb və dövlət-sahibkar münasibətlərində yeni bir mərhələ yaradıb. Dövlət başçısının son sərəncamında sahibkarlıq subyektlərinə dəstək məqsədilə işçi qruplar qarşısında qoyulan vəzifələrin bir hissəsi iqtisadiyyatımızın daha da şəffaflaşmasına, uçotun təkmilləşməsinə və innovativ fəaliyyətin artmasına şərait yaratmaq məqsədi daşıyır. Eyni zamanda, artıq hər kəsə aydındır ki, vətəndaşlarımızın da daha intizamlı olması verilən tapşırıqların daha səmərəli icrasına imkan yaratmış olacaq”, - deyə deputat bildirib.

Onun fikrincə, Azərbaycan bu sınaqdan üzüağ çıxacaq:

“Dövlətimiz güclənəcək, iqtisadiyyatımız daha dayanıqlı olacaq, insan kapitalının və innovasiyaların rolu daha da artacaq. Biz birlikdə həmişə güclü olmuşuq, yenə də birlikdə olmağın əsl vaxtıdır”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri