14 
May
2020
16:24
56
180
8535
Virtual karabakh

Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR

14 May, 2020
16:24
8535

Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliklər layihəsini çox zəruri sənəd kimi dəstəkləyirik. Qanun layihəsinə 11 dəyişiklik təklif olunur. Dəyişikliklərin əsas məğzi ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi, şərtlərin yumşaldılması və bu sahədə kök salmış bürokratik əngəllərin bir hissəsinin aradan qaldırılması hesabına əlçatanlığının təmin edilməsidir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli deyib.

Təklif edilən dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququ olan ailələrin kateqoriyası genişlənir.

“Mövcud qaydalara görə, kredit öhdəliyi olan vətəndaşın ünvanlı sosial yardıma müraciət hüququ məhdudlaşdırılır. Amma yeni qaydalar təsdiq olunduqdan sonra krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda, aliment gəlir, ya xərc kimi nəzərə alınmayacaq. Bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq”, - deyə Ə.Məsimli bildirib.

Deputat ünvanlı sosial yardıma əlçatanlığın daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndirib.

O qeyd edib ki, adambaşına gəlir göstəricisi prioritet götürülməklə aztəminatlı ailələrin statistikası dəqiqləşdirilməlidir:

“Bu zaman məlum olacaq ki, pandemiyanın təsiri ilə işsizlik və yoxsulluq artdığından Azərbaycanda aztəminatlı ailə 85-90 min yox, ondan çoxdur”.

Ünvanlı sosial yardım verilərkən ehtiyac meyarı əsas götürülür. Bu meyar isə ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunur.

Əli Məsimli prosesi sadə şəkildə izah edib:

“Fərz edək ki, dörd nəfərdən ibarət ailənin orta aylıq gəliri 400 manatdır. 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat müəyyən edilib. Deməli, həmin ailənin ehtiyac meyarının məcmusu 640 manat təşkil edəcək.

Bu halda 640 manatdan 400 manat çıxılır və 240 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilir. Hesab edirik ki, əgər ehtiyac meyarından söhbət gedirsə, onda ehtiyac meyarının aşağı həddi yaşayış minimumundan az olmamalıdır. Ona görə də mahiyyəti təhrif olunmuş ehtiyac meyarı göstəricisinin ləğv edilməsini və ünvanlı dövlət sosial yardım təyin edilərkən yaşayış minimumu göstəricisindən istifadə edilməsini zəruri hesab edirik”.

2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edilib. Bu zaman dörd nəfərlik ailənin ehtiyac meyarının yaşayış minimumu baxımından məcmusu 760 manat təşkil edəcək.

“Bu halda ailəyə indi olduğu kimi 240 manat yox, 360 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilə bilər”, - deyə Ə.Məsimli bildirib.

Parlamentarinin təklifinə əsasən, mexanizm elə sadələşdirilməlidir ki, kənddə kiçik torpaq sahəsi olub, amma ondan dolanışıq səviyyəsində gəlir götürə bilməyənlər də ünvanlı sosial yardım ala bilsinlər.

Ə.Məsimli qeyd edib ki, ünvanlı sosial yardımın qüvvədə olduğu müddətdə bu sahədə yetərincə məmur özbaşınalıqları, sui-istifadə halları və qüsurların olduğu hamıya məlumdur.

“Son illər bu sahədə mövcud olan əsas problemin - məmurların həmin sosial yardımdan 40-50 faizlik pay götürməsinin aradan qaldırılması istiqamətində atılan addımları müsbət qiymətləndiririk. Bununla yanaşı, digər problemlərin də həllinin sürətləndirilməsini, şəffaflığın artırılmasını və səmərəli fəaliyyət göstərən nəzarət mexanizminin tətbiqini təklif edirəm. Həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizminin gücləndirilməsini də zəruri hesab edirəm”.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri