İyl
2020
12:53
36
169
2451
Virtual karabakh

Deputat: “Güzəştli kreditlərin illik faiz dərəcəsinin yarısı dövlət tərəfindən maliyyələşdiriləcək”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 4 iyun 2020-ci il tarixli fərmanına əsasən, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Belə ki, yaxın vaxtlarda sahibkarlara ayrılacaq 500 milyon manatlıq kredit portfelinin verilməsində yeni mexanizm tətbiq olunacaq.

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev Bizimyol.info-ya bildirib ki, yeni mexanizmin tətbiqinin əsas niyyəti pandemiya nəticəsində ziyan görmüş sahibkarın təsərrüfatını dirçəltməsinə yardım etmək və milli biznesi kredit öhdəliklərinin yarada biləcəyi əlavə çətinliklərdən sığortalamaqdır:

“Bu mexanizmin şərtlərinin və yeniliklərinin hər biri vacibdir. Məsələn, götürək girov məsələsini. Sahibkar var ki, krediti götürərkən girov qoymağa daşınmaz əmlakı yoxdur. Yeni mexanizmə görə, o, avadanlıq almaq üçün güzəştli kredit götürdüyü zaman daşınmaz əmlakı yoxdursa, elə həmin avadanlığı girov qoyacaq. Bu zaman bankların faiz dərəcəsi yeddi faiz təşkil edəcək. Beləliklə də bu, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə, investisiya fəallığına, iqtisadi dirçəliş və iş yerlərinin bərpası prosesinin dəstəklənməsinə stimul olacaq”.

E.Allahverdiyevin sözlərinə görə, o, yeni qaydaların özünü xüsusilə kənd təsərrüfatı sahəsində göstərəcəyini gözləyir, çünki son illərdə milli iqtisadiyyatın bu istiqamətində canlanma müşahidə olunur və bu baxımdan, sahibkara dəstək hava-su kimi lazımdır: “Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü təmin edən ölkədir. Əgər biz qeyri-neft sektorunu inkişaf etdirib, enerji daşıyıcıları ixracından asılılığı azaltmaq istəyiriksə, daxili tələbatı təmin etməklə yanaşı, ixracat imkanlarının genişlənməsi barədə də düşünməliyik. Yeni mexanizm imkan verəcək ki, kənd təsərrüfatının uzunmüddətli investisiya tələb edən sahələrində kiçik həcmli kreditlərin müddəti üç ildən beş ilə, orta həcmli kreditlərin müddəti isə beş ildən yeddi ilədək artırılısın. Çox vacib bir məqam da bundan ibarətdir ki, yeni qaydalar kredit dövrünün yarısını güzəşt müddəti olaraq təsbit edir”.

Millət vəkilinin fikrincə, aydındır ki, COVID-19 pandemiyası şəraitində əsaslı ziyan görmüş özəl sektorun tez bir zamanda, dərhal bərpası mümkün deyil: “Buna görə də, dövlət sahibkara dəstək verməli, milli biznesə gəlir əldə etmək üçün kömək etməlidir. Hamı anlayır ki, bu yol hamar olmayacaq, sahibkar biznesini ən azı əvvəlki həddə çatdırmaq üçün enişli-yoxuşlu yol keçməlidir. Ancaq indiki reallıqda o, bunu təkbaşına etmək iqtidarında deyil. Şükürlər olsun ki, hökumətimiz bunu bilir və real kömək üçün maddi imkanı və ehtiyatı var. Məsələn, yeni qaydalar sahibkarlara ayrılan kreditlər üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması, habelə mövcud kredit borclu sahibkarların kredit faizlərinin bir qisminin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini nəzərdə tutur. Bir sözlə, bütün bu yeniliklərin başlıca amalı yaşadığımız mürəkkəb reallıq şəraitində milli sahibkarlığın ayağa qalxmasına maksimum dəstək verməkdir. Bu güzəştlərinin mütləq müsbət nəticələr verəcəyinə əminəm”.

“Sahibkarlıq subyektlərinə ayrılacaq güzəştli kreditlərə dövlət dəstəyi və onların qaytarılması müddəti necə olacaq?” sualına gəlincə, deputat Elnur Allahverdiyev bildirib ki, qlobal pandemiya dövrünün törətdiyi obyektiv maneələr fonunda bu istiqamətdə tətbiq olunacaq yeniliklər inqilabi xarakter daşıyır: “Biznes kreditlərinə verilən dövlət zəmanəti və faizlərin subsidiyalaşdırılması mexanizmindəki yeniliklərə görə, 500 milyon manatlıq yeni biznes krediti portfelinin 60 faizinədək hissəsinə zəmanəti dövlət verir.

Bundan əlavə, illik faiz dərəcəsinin yarısı dövlət tərəfindən maliyyələşdirilir. Mexanizm üç ilədək qüvvədədir, faiz dərəcəsi bir il üçün 15 faizdən çox olmayan kreditlərə tətbiq olunacaq. Güzəşt müddəti isə 12 aya qədərdir. Fikrimcə, kreditlərin 60 faizinədək dövlət tərəfindən zəmanətin verilməsi çox müsbət haldır. Hökumətimizin özəl sektora münasibətdə tətbiq etdiyi liberal xarakterli yeniliklərin müsbət nəticə verəcəyinə inam böyükdür. Böhranlı vəziyyətlərdən çıxmağın başqa yolu yoxdur. Özəl sektor dövlətdən ayrı olsa da, lazımi anlarda dövlətin dəstəyini görməlidir ki, indi biz bunun şahidi oluruq. Liberal iqtisadiyyat şəraitində güclü sahibkar rəqabətə dözümlü iqtisadiyyat deməkdir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri