14 
Avq
2020
13:29
24
178
2668
Virtual karabakh

Parlament partiyalarından biri büdcə pulundan imtina edib, YAP liderdir, digərlərinin isə kassası boşalıb

14 Avq, 2020
13:29
2668

Parlament partiyalarından biri büdcə pulundan imtina edib, YAP liderdir, digərlərinin isə kassası boşalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisdə təmsil olunan partiyaların hamısı 2019-cu ilin maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Oxu.Az-ın xəbərinə görə, təkcə deputat Sabir Hacıyevin sədrlik etdiyi Vətəndaş Birliyi Partiyası qazancının olmadığını bəyan edib.

Bunun isə səbəbləri var. Belə ki, VBP dövlət tərəfindən büdcədən ayrılan puldan imtina edir. Eyni zamanda, partiya üzvlərindən vəsait də yığılmır.

VBP-nin arqumenti budur ki, dövlət büdcəsindən partiyaya ayrılan vəsait digər əhəmiyyətli sahələrə, məsələn, orduya yönəldilsin.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) maliyyə hesabatı isə əhatəlidir. YAP hesabatında qeyd edir ki, partiyanın balansında ayrıca torpaq sahəsi yoxdur.

Partiya 2019-cu ildə hər hansı sahəyə investisiya yatırmayıb. Partiya qeyri-kommersiya təşkilatıdır, mənfəət vergisi, əmlak vergisi və əlavə dəyər vergisi ödəyicisi deyil.

“Partiya muzdlu və muzdlu olmayan gəlirlərdən gəlir vergisi, yol vergisi, bu gəlirlərlə əlaqədar sosial sığorta ayırmaları, ödəmə mənbəyindən tutulan vergilərin, gömrük qanunvericiliyinin tələblərinə müvafiq olaraq gömrük rüsumlarının ödəyicisidir”, - deyə, YAP özünün maliyyə hesabatında bildirib.

YAP-ın gəlirləri 10 milyon 668 min 284 manat olub. Bunun 9 milyon 309 min 25 manatını üzvlük haqları, 1 milyon 359 min 259 manatını büdcədən siyasi partiyalara dövlət dəstəyindən YAP-a düşən pay təşkil edir. YAP gəlirlərinin 5 milyon 307 min 213 manatı İcra Katibliyinin və yerli təşkilatların əməkdaşlarının əməkhaqqının ödənilməsinə sərf olunub. Ümumilikdə partiyanın xərcləri 8 milyon 363 min 323 manat təşkil edib.

Partiyanın bank hesablarında milli valyuta ilə saxlanılan pul vəsaitlərinin həcmi 4 milyon 151 min 63 manatdır.

YAP özünün kredit riskini də qeyd edib. Bildirilib ki, partiyanın kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Partiyanın pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilib.

Sədri deputat Tahir Kərimli olan Vəhdət Partiyasının 2019-cu ilin dekabrın 31-i tarixinə olan hesabatına əsasən, partiyaya dövlət büdcəsindən 100 min manatdan çox pul verilib.

Hesabatda bildirilir ki, partiya həmin pulların hamısını təyinatı üzrə xərcləyib. Buna görə də, partiyanın kassasında həmin dövr üçün nağd pul vəsaiti qalmayıb.

Vəhdət Partiyasının bank hesabında isə 265,25 manat pul var.

Deputat Qüdrət Həsənquliyevin sədrlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 2019-cu ilin dekabrın 31-nə olan məlumatlarına əsasən, partiyaya dövlət büdcəsindən 118 min manatdan çox vəsait daxil olub.

Xərcləmələrdən sonra partiyanın hesabında cəmi 29,45 AZN pul qalıb.

Parlamentdə təmsil olunan Demokratik İslahatlar Partiyasına (DİP) ötən il büdcədən 100 min manatdan çox vəsait ayrılıb. DİP-in banklarda cəmi 69.25 manat pulu qalıb, kassasında isə nağd pul yoxdur.

DİP-in sədri deputat Asim Mollazadədir.

Ana Vətən Partiyasının (AVP) ötən il üçün gəlirlərini dövlət büdcəsindən ayrılan vəsait təşkil edib (100 min manatdan çox).

Deputat Fəzail Ağamalının sədrlik etdiyi partiya hesabatında göstərir ki, vəsaitin hamısı təyinatı üzrə xərclənib. Bank hesabında və kassada birlikdə cəmi 2,64 manat pul qaldığı bildirilib.

2019-cu ildə Vətəndaş və Həmrəylik Partiyasına dövlət büdcəsindən 100 min manatdan çox pul verilib. 2019-cu ili partiya 22,54 manat mənfəətlə başa vurub. 2018-ci ilin zərəri çıxıldıqdan sonra 2019-cu ilin yekununa partiyanın 1,39 manat mənfəəti qalıb. Kassasında nağd pul vəsaiti qalmayıb, amma bank hesabında 1245,9 manat vəsait mövcuddur.

Demokratik Maarifçilik Partiyasına (sədri deputat Elşən Musayevdir) ötən il dövlət büdcəsindən 118 min manatdan çox pul ayrılıb.

Üzvlük haqlarından isə 122 manat vəsait yığılıb. Partiyanın bank hesabı və kassada qalan nağd pul vəsaitinin cəmi 527,18 AZN təşkil edib.

Deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasına ötən il dövlət büdcəsindən 118 min manatdan çox vəsait daxil olub. Üzvlük haqlarından yığılan vəsait isə 503 manat təşkil edib.

Xərclərdən sonra partiyanın kassasında nağd 5,68 AZN, bank hesabında isə 387,59 manat vəsait qalıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, yalnız parlamentə düşən siyasi partiyalara hər il dövlət büdcəsindən vəsait ayrılır.

“Siyasi partiyalar haqqında” qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı üç faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri