18 
Sen
2020
12:26
99
10
1001
Virtual karabakh

Azərbaycanda fındıq məhsulları üzrə milli standartlar yaradıla bilər

Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərlə onlayn videokonfrans keçirilib.

Videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, fındıq emalı müəssisələrinin rəhbərləri, “Ata-baba” Fındıq İstehsal Kooperativinin üzvləri, Balakən, Zaqatala, Qax, Qəbələ və Xaçmaz rayonlarından olan fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər müəyyənləşdirib.

Görüşdə yaxın günlərdə fındıq yığımının aktiv mərhələsinin başlayacağı xatırladılıb, fındıq istehsalı zamanı erkən yığımın yaratdığı problemlər, fermerlərlə emal müəssisələri arasında münasibətlər, bağlarda aqrotexniki qulluq tədbirlərinin daha da yaxşılaşdırılması, müxtəlif xəstəliklərə qarşı mübarizə işinin sistemli təşkili, fındıq ixracında aflatoksin problemi və digər məsələlər müzakirə olunub.

İştirakçılar fındığın yaş formada erkən yığımının məhsuldarlığa mənfi təsir etdiyini bildirib, bununla bağlı fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, məhsulun vegetasiya dövrü başa çatdıqdan sonra yığılması orta məhsuldarlığı 10 faiz artırır. Bu səbəbdən fermerlər fındığı vaxtında yığsalar, daha çox məhsul götürə və daha çox gəlir əldə edə bilərlər.

Görüşdə fındıq məhsulları üzrə milli standartların yaradılması, subsidiyaların emal müəssisələri tərəfindən alış aktları əsasında verilməsi, emal müəssisələri ilə fermerlər arasında “müqavilə əsaslı istehsal” razılaşmalarının imzalanması kimi təkliflər səsləndirilib.

Qeyd edək ki, ölkədə fındıq istehsalı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv fındıq bağlarının hər hektarına görə 400 manat, köhnə bağların hər hektarına görə isə 240 manat subsidiya ödənilir. 

Hazırda Azərbaycanda fındıq bağlarının ümumi əkin sahəsi 79,5 min hektardır. Fındıq bağlarının 43,4 min hektarı və ya 54,6 faizi bar verən yaşdadır.

Ötən il Azərbaycanda 53,8 min ton fındıq istehsal olunub. 2019-cu ildə Azərbaycandan qabıqlı fındıq ixracı əvvəlki ilə nəzərən 2,2 dəfə, fındıq ləpəsi ixracı isə 20,9 faiz artıb.

2019-cu ildə cəmi fındıq ixracının 97,3 faizi fındıq ləpəsinin, 2,7 faizi isə qabıqlı fındığın payına düşüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri