21 
Okt
2020
12:57
934
52
2354
Virtual karabakh

SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə uşaq bağçası tikir - FOTO

SOCAR Gürcüstanın etnik azərbaycanlıların yaşadığı Qabalı kəndində uşaq bağçasının tikintisinə başlayıb.

SOCAR-dan verilən məlumata əsasən, oktyabrın 20-də Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 min etnik azərbaycanlının yaşadığı Qabalı kəndində SOCAR Energy Georgia tərəfindən tikiləcək uşaq bağçasının təməli qoyulub.

Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan hökumətinin Kaxeti bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin vəzifələrini icra edən İrakli Şioşvili, Laqodehi meri Condo Mdivnişvili, Laqodehi bələdiyyəsindən parlament üzvü Quram Maçaraşvili və digər rəsmi şəxslər iştirak edib.

100 nəfərlik uşaq bağçasının infrastrukturuna dörd sinif otağı, yeməkxana, idman və oyun zalları, tibb məntəqəsi və yataq otaqları, həmçinin, inzibati-texniki tikililər daxildir. Uşaq bağçasının ərazisində açıq oyun meydançası da tikiləcək. Binada məhdud fiziki qabiliyyətə malik uşaqlar üçün panduslar və xüsusi sanitariya qovşaqları nəzərdə tutulub. Uşaq bağçasının ümumi sahəsi 1242 kvadrat metrdir. Tikinti işlərinin səkkiz ay müddətində başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, SOCAR, Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri yaradıb. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri