26 
Okt
2020
14:10
1184
25
3305
Virtual karabakh

Vüsal Qasımlı: “Qarabağın sənaye istehsalı güclənəcək”

Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Qarabağda dağ-mədən, metallurgiya, emal sənayesi, ərzaq istehsalı, elektrik enerjisi istehsalı, meşə sənayesi və kreativ sənayenin inkişafı imkanları var.  

Vüsal Qasımlının fikrincə, meşə sənayesinin və turizm industriyasının inkişafı üçün Kiçik Qafqazın dağlıq zonasının iri meşə massivi əhəmiyyətlidir:

“Regionun ümumi meşə sahəsi təxminən 246,7 min hektardır, o cümlədən 13,2 min hektar qiymətli meşə sahələridir. Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılıb ki, bunun da 42,3 min hektarı işğalda olub. İşğala son qoyulduqdan sonra Qarabağın dağlıq və Aran hissələri sənaye istehsalı nöqteyi-nəzərindən inteqrasiya olunacaq”.

O bildirib ki, sovet dövründə Dağlıq Qarabağ Aran Qarabağla və Azərbaycanın digər iqtisadi rayonları ilə sıx iqtisadi əlaqədə inkişaf edib:

“Bütün istiqamətlərdə keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlayıb. Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxu isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi. 1985-ci ildə Xankəndidəki İpək Kombinatına daxil olan barama xammalının 8 faizi Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92 faizi isə Azərbaycanın digər rayonlarından gətirilirdi.

Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi iqtisadi əlaqələrin həcminin cəmi 0,3 faizi, idxalının isə 1,4 faizi Ermənistan SSR-in payına düşdüyü halda, keçmiş vilayətdə istehsal olunan məhsulun 33,3 faizi Azərbaycanın qalan ərazisində realizasiya olunurdu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi vaxtilə birbaşa Azərbaycan dəmir və avtomobil yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sisteminə sıx bağlanıb”.

V.Qasımlı qeyd edib ki, Xankəndidən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir. Bir sözlə, işğala qədər Qarabağ həmişə Azərbaycan iqtisadiyyatının bir parçası olaraq inkişaf edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri