19 
Yan
2021
15:26
277
61
6408
Virtual karabakh

50 günlük fasilə başa çatır: Restoranlarda hansı hazırlıqlar görülür? - REPORTAJ + FOTO

19 Yan, 2021
15:26
6408

50 günlük fasilə başa çatır: Restoranlarda hansı hazırlıqlar görülür? - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 1-i, saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektlərinin yerində fəaliyyətinə start verilir. Bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ardıcıl olaraq ictimai iaşə müəssisələrində hazırlıqlara nəzarət həyata keçirilir.

Biz də yerində prosesi izləmək üçün müəssisəyə baxış keçirdik və bununla da Agentliyin müəssisələrdəki pandemiya şəraiti ilə bağlı tələblərə əməl olunub-olunmaması və sanitar-gigiyenik vəziyyətə nəzarəti necə həyata keçirdiyi ilə tanış olduq.

Qida Təhlüəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrin iş şöbəsinin müdiri Əkbər Əliyev bizə prosesin gedişatı, nəzarətin necə həyata keçirildiyi, qayda pozuntularına qarşı tədbirlər haqqında məlumat verdi.

- Əkbər müəllim, hazırda ictimai iaşə obyektlərində hazırlıq işləri hansı səviyyədədir, qurumunuz tərəfindən nəzarət funksiyası necə həyata keçirilir?    

- Nazirlər Kabinetinin 160 nömrəli qərarına əsasən ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiq edilib. Həmin metodiki göstərişlərdə ictimai iaşə müəssisələrinin pandemiya dövründə hansı qaydalara riayət etməli olduğu öz əksini tapıb. Eləcə də, Nazirlər Kabinetinin 237 nömrəli qərarı ilə ictimai iaşə müəssisələrində pandemiya dövründə sıxlıq normaları təsdiq edilib ki, bununla da müəssisənin qonaq zallarının ölçüsünə uyğun olaraq qonaq qəbulu sayı müəyyən edilib. Məsələn, restoranlarda bu adambaşına 4,71 kvadrat metr nəzərdə tutulub. 

Qanunun icrasına uyğun olaraq ictimai iaşə müəssisələrində masalar arasındakı məsafə 2 metr, hər masada oturacaqlar arasındakı məsafə 1 metr olaraq müəyyən edilib. Həmçinin, bir masada 6 nəfərdən artıq şəxsin oturulmasına icazə verilmir. Burada şəxslərin bir ailə üzvlərindən olması da qaydanı dəyişmir. Məsafə və sıxlıq normaları da mütləq gözlənilməlidir. Digər tərəfdən bütün müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınmalarına nəzarət edilir. Bu qanunvericiliyin əsas tələbidir. Qida təhlükəsizliyi qeydiyyatına alınmayan subyektlərin qida məhsulları sahəsində fəaliyyəti qadağandır.

- Müəssisəyə nəzarəti kim və ya kimlər həyata keçirəcək?

- Nazirlər Kabinetinin qərarına əsasən bütün bu proseslərin operativ idarə edilməsi üzrə hər bir müəssisə məsul şəxs təyin etməlidir. Bu şəxs müəssisəyə gələn qonaqlara qaydaları izah etməli, mətbəxdə çalışan işçiləri, xidmət göstərən süfrəçiləri mütəmadi olaraq koronavirus infeksiyasının profilaktikasına dair məlumatlandırmalıdır. Eləcə də, müvafiq keyfiyyət üzrə sənədlər tərtib edərək dediyim bütün proseslərin mütəmadi olaraq qeydiyyatını aparmalıdır. Bu şəxs ictimai iaşə müəssisəsinin sahibkarı tərəfindən təyin edilir, müvafiq əmrlə sahibkar və sahibkarlıq subyektləri tərəfindən rəsmiləşdirilir. Bu şəxsin fəaliyyəti isə AQTA əməkdaşları tərəfindən reydlər aparılan zaman nəzarətdən keçiriləcək.

Onu da deyim ki, maarifləndirmə işlərini genişləndirmək məqsədilə Agentliyin könüllü nəzarətçilərini də işə cəlb edəcəyik. Bakı şəhəri üzrə təxminən 100-ə yaxın könüllü nəzarətçilərimiz AQTA tərəfindən hazırlanmış posterlərlə sahibkarları maarifləndirmə işlərinə cəlb edəcək.

- Həyata keçirilən reydlər zamanı ən çox hansı qaydaların pozulduğu aşkar edilib?

- 2020-ci ilin avqust ayının 18-dən Agentliyin və digər aidiyyəti dövlət qurumları ilə birgə ictimai iaşə obyektlərində monitorinqlər keçirilib. Dekabrın 14-ə qədər davam edən reydlər zamanı ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə obyektlərində ümumilikdə 50 mindən artıq monitorinq həyata keçirilib ki, onlardan da 23 mindən çoxu Bakı şəhərinin payına düşür. Qeyd edim ki, Bakı üzrə 6500-ə yaxın ictimai iaşə obyekti fəaliyyət göstərir. Əməkdaşlarımız reydlər zamanı təxminən 3500-ə yaxın sahibkarlıq subyektində qanun pozuntuları aşkar edib.

Ən çox qayda pozuntuları isə burada xidmət göstərən personalın qoruyucu vasitələrdən düzgün istifadə edə bilməməsi və ümumiyyətlə istifadə etməməsidir. Həmçinin, ictimai iaşə müəssisələrində sıxlıq normalarının və ara məsafənin gözlənilməməsi kimi nöqsanlar da aşkar olunub. Bununla bağlı bildirim ki, İnzibati Xətalar Məcəlləsində məsuliyyət növü müəyyən edilib. Məcəllənin 211.1-ci maddəsinə əsasən karantin rejiminin qaydalarının pozulmasına görə vəzifəli şəxslərə 4 000 manatdan 5 000 manata qədər, hüquqi şəxslərə isə 5 000 min manatdan 11 000 manata qədər cərimə sanksiyası tətbiq olunur. Qoruyucu vasitələrdən, maskalardan istifadə edilməməsinə görə isə vəzifəli şəxslərə 300 manat, hüquqi şəxslərə isə 600 manat məbləğində cərimə sanksiyaları tətbiq edilir.

- Qayda pozuntularını necə aşkar edirsiniz?

- Rayonlar üzrə bölünmüş dislokasiya üzrə əməkdaşlarımızın apardığı reydlər zamanı aşkarlanır. Həmçinin, Agentliyinin 1003 – Çağrı Mərkəzi fəaliyyət göstərir və çağrı mərkəzinə də qayda pozuntuları barədə zənglər daxil olur.

- Reydlər hansı sıxlıqla təşkil edir?

- Həftənin 7 günü bütün saatlarda həyata keçirilir. Elə müəssisə olur ki, bura gün ərzində 2, 3 və 4 dəfə daxil oluruq.

- Qayda pozuntuları daha çox sahibkarlar tərəfindən, ya müştərilər tərəfindən pozulur?

- Bizim apardığımız monitorinqlər zamanı ən çox sahibkarlıq subyektləri tərəfindən karantin rejimi qaydalarının pozulması müşahidə olunur. Bəzi hallarda sahibkarlıq subyektləri bizə bildirir ki, müştəri dediyimiz tələblərə riayət etmədi. Bu zaman təbii ki, aidiyyəti üzrə əməkdaşlarımız tərəfindən həmin şəxslər barədə məlumatlar Daxili İşlər Nazirliyinə ötürülür və həmin şəxslər karantin rejimini pozduqları üçün məsuliyyətə cəlb olunurlar. Əgər, müştəri sahibkar üçün çətinlik yaradırsa, qaydalara riayət etmirsə bununla bağlı sahibkarlıq subyektləri Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər.

- Agentliyin adından da göründüyü kimi əsas məqsəd qida təhlükəsizliyinə nəzarətdir. Müəssisə tərəfindən mətbəxdə sanitar-epidemioloji vəziyyətə nəzarət necə həyata keçirilir?

- İlk növbədə müəssisədə çalışan işçi heyətin qanunvericiliyə uyğun olaraq mütəmadi tibbi müayinələrə cəlb olunmasına diqqət yetirilir. Az öncə bəhs etdiyimiz məsul şəxs də müəssisənin özündə keyfiyyət göstəricilərinə nəzarət etməlidir. Müəssisədə çalışan işçinin hərarəti mütəmadi nəzarətdə saxlanılmalı, müvafiq qeydlər aparıldıqdan sonra istehsal sahəsinə buraxılmalıdır. Mətbəxdə, anbarda çalışan şəxslər, həmçinin süfrəçilər qoruyucu vasitələrdən istifadə etməlidirlər. Əlbəttə ki, müəssisədə çalışan insanlar üçün də sıxlıq normaları tətbiq edilir, ara məsafələrin gözlənilməsi tələb edilir. Müəssisələrin fəaliyyəti zamanı daha çox işlək sahələrdə, kassalarda dezinfeksiyası işlərinin aparılmasına xüsusi diqqət yetirilir.

Eləcə də, ictimai iaşə müəssisəsinə qəbul edilən xammallar müvafiq sənədlərlə müşahidə olunmalıdır. Xüsusilə də, heyvan mənşəli məhsullar baytarlıq nəzarətindən keçməlidir. Onlar texniki emal edilərkən, yuyularkən və bişirilərkən qoyulan sanitar qaydalara riayət edilməlidir. Mətbəxdə xüsusi təmizliyə nəzarəti ölçmək üçün isə bizim yoxlama suallarımız mövcuddur. Həmin yoxlama suallarına uyğun olaraq ictimai iaşə müəsisələrində monitorinqlər aparılır.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Priyev də bəzi məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, hər bir ictimai iaşə müəssisəsinin özünün daxilində nəzarət sistemi qurulmalıdır və müəssisə rəhbərinin daxili əmri əsasında təyin olunmuş məsul şəxslər hər bir əməkdaşın bu qaydalara əməl etməsinə ciddi nəzarət etməlidir:

“Obyekt sahibi nəzarət sisteminin düzgün qurulmasında maraqlı olmalıdır ki, reydlər zamanı hər hansı bir nöqsan aşkarlanmasın. Əməkdaşlarımız tərəfindən maarifləndirici tədbirləri genişləndirmək məqsədilə pandemiya dövrü ərzində 74 adda maarifləndirici posterlər hazırlayıb və respublikanın bütün regionlarına, ən ucqar kəndlərdə belə çatdırılıb ki, bütün sahibkarlar proseslərlə yaxından tanış olsunlar”. 

Mansur Priyev bir məsələni də diqqətə çatdırıb ki, əslində pandemiyadan əvvəl də hər bir müəssisənin qəbul edə biləcəyi müvafiq qonaq sayı var idi və pandemiya dövründə normal qonaq sayı 2 dəfə az olmalıdır. 

Sonda Agentliyin şöbə müdiri əlavə edib ki, hazırda ictimai iaşə müəssisələrinin fəaliyyətə başlamağa hazır olub-olmamasını monitorinq edən zaman ilk növbədə Nazirlər Kabinetinin 237 saylı qərarın icra vəziyyətini yoxlayırlar:

“Yaxın günlərdə həmin qərarda dəyişiklik oldu və müəssilərə məsul şəxsin təyin olunması tələb olaraq əlavə edildi. Onu diqqətə çatdırmaq istərdik ki, ictimai iaşə müəssislərinin sahibləri məsul şəxsin təyin olması məsələsinə çox ciddi yanaşmalıdırlar və əgər sahibkarlarda müəyyən suallar yaranarsa, Agentliyin rəsmi səhifəsinə daxil olaraq “COVID-19” bölməsindən qanunvericiliyin rəsmi sənədləri və müəssisələrin pandemiya dövründə fəaliyyətinə dair bütün məlumatlarla tanış ola bilərlər”.

Eyni zamanda ictimai iaşə müəssisələrinin sahibləri bilməlidirlər ki, ictimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən məsul şəxsin müəyyən edilərək müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcəkdir. Monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyətləri məhdudlaşdırılacaq və inzibati cəza tədbirləri görüləcəkdir.

Odur ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları ən qısa zaman ərzində Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya [email protected] elektron poçt ünvanına göndərilməsini təmin etməlidirlər.

 

Baxış keçirdiyimiz müəssisə üzrə məsul şəxs Rüstəm Allahyarov da hazırda həyata keçirdiyi fəaliyyət, həmçinin növbəti dövrdəki icra edəcəyi nəzarət funksiyası barədə də məlumat verib: 

“Hazırda müəssisədə hazırlıq işləri aparılır. Mənim vəzifəm bütün müəssisə üzrə dezinfeksiya işlərinə, təmizliyə nəzarət etməkdir. Həmçinin, müəssisəmizdə indi onlayn çatdırılma mövcuddur, bununla əlaqədar mətbəxdə sanitar vəziyyətə, işçilər arasında təmizlik qaydalarına nəzarətin təmin olunmasını da həyata keçirməklə məşğulam. Qida hazırlanarkən işçinin qoruyucu vasitələrdən istifadəsinə xüsusilə diqqət yetiririk. Envanterlərin təmizliyi və istifadəyə yararlı olması yoxlanılır. Elə, işçilərin mütəmadi yoxlanışına da baxış keçirilir. Müəssisə fəaliyyətə başladıqdan sonra isə qonaqları qaydalarla tanış etmək, onlar arasındakı məsafəni təmin etmək, hərarəti ölçmək və bu kimi digər işlərin həyata keçirilməsini də təmin etməliyəm”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri