19 
Yan
2021
16:21
71
21
830
Virtual karabakh

Özəlləşdirmədən və icarədən dövlət büdcəsinə daxil olan vəsait açıqlandı

Ötən il özəlləşdirmədən və icarədən dövlət büdcəsinə 71,8 milyon manat vəsait daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən məlumata əsasən, 2020-ci il ərzində koronavirus pandemiyası ilə əlaqədar bir sıra sahələrlə yanaşı, dövlət əmlakının özəlləşdirilməsində də bəzi məhdudiyyətlər yaranıb.

Belə ki, mart ayından özəlləşdirmə hərracları dayandırılıb, avqust ayından isə yenidən bərpa olunub. 2020-ci ildə 47 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi, 3 yarımçıq tikili və 100 nəqliyyat vasitəsi özəlləşdirilib.

İnnovasiyaların və elektron üsulların tətbiqi, prosedurların daha da sadələşdirilməsi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 53 elektron sifariş qəbul edilib, 5 dövlət əmlakı “Elektron hərrac” xidməti vasitəsilə özəlləşdirilib.

2020-ci il ərzində qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə 258 müqavilə bağlanıb, 320 icarə müqaviləsinin müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzrə isə ümumilikdə 160 icarə müqaviləsi bağlanıb, 4 icarə müqaviləsinin müddəti artırılıb. 2020-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 61,5 milyon manat təşkil edib və illik proqnoz 99,2 faiz icra olunub. Dövlət əmlakının icarəsindən isə büdcəyə 10,3 milyon manat ödənilib və illik proqnoza 128,8 faiz əməl edilib.

Ümumilikdə, ötən il dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə 71,8 milyon manat vəsait daxil olub və illik proqnoz 102,6 faiz yerinə yetirilib. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 19 mart tarixli və Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamlarına əsasən, dövlət əmlakına dair bağlanmış icarə müqavilələri üzrə sahibkarlara 1 milyon 350 min manat həcmində güzəşt tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri