21 
Yan
2021
17:15
20
295
7720
Virtual karabakh

İş adamı biznesini itirib və Azərbaycandan çıxa bilmir - FOTO/VİDEO

21 Yan, 2021
17:15
7720

İş adamı biznesini itirib və Azərbaycandan çıxa bilmir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son beş ildə İqtisadiyyat Nazirliyi ölkə prezidentinin qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən etdiyi prioritetlərə və verdiyi tapşırıqlara uyğun olaraq, yerli məhsulların ixracının stimullaşdırılması ilə məşğul olur.

Məhsulların ixracı üçün yaradılan xüsusi şərait, dünya bazarlarının araşdırılıması, genişmiqyaslı marketinq fəaliyyəti, “Made in Azərbaycan” brendinin dünyaya tanıdılması istiqamətində görülən işlər, bu brend altında fəaliyyət göstərən çoxsaylı ticarət nişanlarının yaradılması nazirliyin uğur qazandığı fəaliyyət istiqamətlərindən yalnız bir neçəsidir.

Sözügedən ticarət nişanlarından biri də 2008-ci ildə yaradılmış “O'GRAE” brendi idi. Bu marka altında istehsal olunan məhsullar Rusiyanın demək olar ki, bütün federal satış şəbəkələrində təmsil olunurdu. Elə həmin il “O'GRAE” nüfuzlu “İlin brendi” mükafatına layiq görülüb.

Yuxarıdakı videoçarxda 2003-2009-cu illər ərzində Rusiya vətəndaşı olan iş adamı Zeynulla Qurbanovun rəhbərliyi altında ticarət nişanının yaradılması və tanıdılması istiqamətində görülən işlər öz əksini tapıb. Lakin Beynəlxalq Bankın keçmiş rəhbərliyinin (Cahangir Hacıyev və onun komandası) fırıldaqçı fəaliyyəti nəticəsində uğurlu iş adamı öz biznesini itirib.

Çirkin əməllərin qurbanı olan biznesmen Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətin bir nüsxəsi haqqin.az portalı redaksiyasına göndərilib və dərc olunub. Müraciətdə deyilir:

“Hörmətli Prezident cənab İlham Əliyev.

İlk növbədə, müzəffər Ali Baş Komandan kimi ərazilərimizin işğaldan azad olunması ilə nəticələnən müqəddəs savaşa rəhbərlik etdiyiniz və xalqımıza qürur hissini qaytardığınız üçün Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizin təkcə respublika ərazisində deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların hüquqlarının ən böyük müdafiəçisi olduğunuzdan əminəm. Bu səbəbdən də başıma gələn haqsızlıqlarla bağlı məhz Sizə müraciət etmək qərarına gəlmişəm.

Mən, Qurbanov Zeynulla 16.09.1965-ci ildə Azərbaycanda dünyaya gəlmişəm. Hazırda Rusiya vətəndaşıyam. Xeyli müddət dövlət qulluğunda çalışdıqdan sonra Rusiyaya köçərək, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və ilk milli Azərbaycan brendi olan “O'GRAE”ni yaratmışam. Uzun müddət ərzində sizin Azərbaycanın qeyri-neft sektorunun inkişafı istiqamətindəki tapşırıq və göstərişlərinizə uyğun olaraq, əlimdən gələni etmiş, “O'GRAE” ticarət nişanının tanıdılması istiqamətində durmadan çalışmışam.

Lakin çox təəssüf ki, böyük zəhmət hesabına qurulmuş və dinamik inkişaf edən bir biznes hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbərliyi və onun komandasının fırıldaqçı fəaliyyəti nəticəsində tənəzzülə uğramışdır.

2015-ci ilin mart ayından etibarən mən Ramazan Abdullatipovun rəhbərliyilə Dağıstan Respublikası hökumətinin tərkibində çalışmışam. 2016-cı ilin may ayında Sahibkarlıq və investisiya Agentliyinin sədr müavini qismində Dağıstan Respublikası nümayəndə heyətinin tərkibində Azərbaycana səfərə gəlmişəm. Səfərdə məqsədimiz Azərbaycanda keçirilən Dağıstan mədəniyyəti günləri çərçivəsində təşkil olunacaq iqtisadi forumda iştirak etmək idi. Lakin 13 may 2016-cı il tarixində ölkəni tərk edərkən məni buraxmadılar. Məlum oldu ki, 2006-2008-ci illərdə “O'GRAE” şirkətilə “Beynəlxalq Bank Moskva” arasında yaranmış kredit mübahisəsinə görə mənim Azərbaycandan çıxışım qadağan olunub.

Bu qadağa qeyri-qanunidir. Belə ki, mən nə Azərbaycan, nə də vətəndaşı olduğum Rusiyanın qanunlarını pozmamışam. Kredit mübahisəsi isə Moskvada fəaliyyət göstərən iki Rusiya təsərrüfat subyekti arasında yaranıb. Həmin ildə Rusiyada məsələ ilə əlaqədar məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, bank kredit borcunun ödənilməsi məqsədilə vaxtilə kreditin alınması üçün qoyulan girovu, yəni “O'GRAE” şirkətinin bütün əmlakını və Moskva şəhərinin mərkəzindəki (Kutuzov prospektindəki) 4 otaqlı mənzilimi əlimdən alıb.

Moskva Arbitraj Məhkəməsi ekspertlərinin qiymətləndirməsinə əsasən, əlimdən alınan əmlakın dəyəri verilən kreditin dəyərini dəfələrlə üstələyib. Bunu nəzərə alaraq, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən respublikanın Xarici İşlər Nazirliyinə dəfələrlə nota göndərilib. Rusiya Baş Prokurorluğu da dəfələrlə Azərbaycan Baş Prokurorluğuna müraciət edib. Həmçinin Dağıstan Respublikası hökuməti, Rusiya ombudsmanı Azərbaycanın müvafiq qurumlarına çoxsaylı müraciətlər ünvanlayıblar.

Bütün bu səylərə rəğmən Azərbaycanın hüquq-mühafizə orqanları mənim adımı “Beynəlxalq Bankın işi” ilə bağlı kredit öhdəliyi olan şəxslərin siyahısından çıxarmayıb və mənim ölkəni tərk etməyimə icazə verməyiblər.  Azərbaycanın hüquq-mühafizə orqanları nəzərə almayıblar ki, kredit öhdəliyi şəxsən mənə yox, şirkətə aiddir və həmin şirkət artıq bankın ixtiyarındadır. Ötən 5 il ərzində mən yalnız iki dəfə formal olaraq hüquq-mühafizə orqanlarına çağırılmışam.

Mən öz izahatımda bildirmişəm ki, “Beynəlxalq Bank Moskva” tərəfindən verilmiş kreditin sərf olunması prosesində iştirak etməmişəm. Belə ki, 2008-ci ilin avqust ayından etibarən bank “O'GRAE” şirkəti səhmlərinin 70%-ini alıb və onun bütün maliyyə fəaliyyətini özü təyin etdiyi əməkdaşlar vasitəsilə idarə edib. Səhmlərin alınmasına ehtiyac isə bu səbəbdən yaranıb ki, Azərbaycanda Beynəlxalq Banka məxsus konserv zavodu tərəfindən 1 milyon manatlıq məhsul istehsal olunub və satılmasında çətinliklər yaranıb. Vəziyyətdən çıxış yolunu isə bank Rusiyada hazır satış müqavilələri olan analoji məhsul istehsalçısı bir şirkətin alınmasında görüb.

Səhmlərin alınması müqabilində bank şirkətin kredit borcunu silməyi öz öhdəsinə götürüb, lakin bu öhdəliyə əməl etməyib. Mənim çoxsaylı etirazlarımdan sonra 13 oktyabr 2010-cu il tarixində kredit mübahisəsinin həlli barədə razılıq imzalanıb. Razılığa əsasən bank biznesi tam olaraq öz nəzarətinə götürür və əlavə olaraq 1 milyon dollar ödəməli idi.

Razılığı yerinə yetirmək əvəzinə bank yenidən məhkəməyə müraciət edərək süründürməçiliyə başladı.

Əvvəlcə “O'GRAE” şirkətinə qarşı 1,95 milyon dollar məbləğində iddia qaldırıldı və şirkətin əmlakı, həmçinin mənim şəxsi evim əlimdən alındı. Lakin ekspertlər tərəfindən bankın girov qismində mənimsədiyi əmlakın 7,5 milyon dollar dəyərində olmaması iki dəfə təsdiqləndikdən sonra “Beynəlxalq Bank Moskva” rəhbərliyi şəxsən mənə qarşı fiziki şəxs olaraq məhkəmə iddiası qaldırdı. İddiaya əsas isə mənimlə bədnam kreditin zaminliyi haqqında imzalanmış müqavilələr idi.

Bank rəhbərliyinin bu addımları ilk növbədə mənimlə haqq-hesab çəkməyə yönəlmişdi. Məhz bu məqsədlə Azərbaycanın milli və iqtisadi maraqları qurban verildi. Belə ki, ötən müddət ərzində Azərbaycan brendi olan “O'GRAE” öz fəaliyyətini tam olaraq dayandırdı.  

Hörmətli cənab Prezident. Mən “Beynəlxalq Bank işi”ndə faktiki olaraq qurumun əvvəlki rəhbərliyinin fırıldaqçı əməllərinin qurbanıyam. Bu barədə dəfələrlə təfsilatlı şəkildə aidiyyatı orqanlara müraciət etsəm də məsələyə baxılmayıb.

Artıq 5 ildir ki, Rusiyada yaşayan ailəmin yanına gedə bilmirəm və çox çətin vəziyyətdəyəm. Azərbaycanda 5 il ərzində qanunsuz olaraq saxlanılmağım mənim üçün həyatımın ən məhsuldar dövrünün itirilməsi deməkdir. Halbuki, bu müddət ərzində mən öz peşəkar təcrübəmdən istifadə edə və Azərbaycanın iqtisadi inkişafına öz töfhəmi verə bilərdim.

Ədalət və insan haqları sahəsindəki prinsipial mövqeyinizi bildiyimə görə Sizə ətrafımda yaranmış vəziyyətlə bağlı kömək üçün müraciət edirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim ölkədən çıxışıma qoyulan qadağanın aradan qaldırılması üçün yardım edəsiniz. Bir daha bildirirəm ki, istənilən vaxt yenidən Azərbaycana qayıdaraq izahat verməyə hazıram”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri