27 
Yan
2021
15:03
258
27
2309
Virtual karabakh

Qarabağdakı ermənilər yalnız Azərbaycan daxilində davamlı inkişaf perspektivlərinə malikdirlər - TƏHLİL

27 Yan, 2021
15:03
2309

Qarabağdakı ermənilər yalnız Azərbaycan daxilində davamlı inkişaf perspektivlərinə malikdirlər - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Qarabağ bölgəsində dağlıq hissədə yaşayan ermənilərin davamlı inkişafı üçün tələb olunan resurs, sərmayə, nəqliyyat şəbəkəsi, bazarlara çıxış və aydın strategiya rəsmi Bakı tərəfindən təmin olunacaq.

Bu, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən 2021-ci ilin yanvar ayında hazırlanan təhlildə öz əksini tapıb.

Burada qeyd olunur ki, Davos İqtisadi Forumunun hesablamasına görə, “hökumətin dəyişməyə cavabdehliyi” göstəricisinə görə dünyada beşinci, “hökumətin uzunmüddətli strategiyası”na görə 10-cu və “hökumətin siyasi sabitliyi təmin etməsi”nə görə 11-ci yerdə olan Azərbaycan Qarabağın dağlıq hissəsinin davamlı inkişafını təmin edəcək.

Oxu.Az mövzu ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı sənədi təqdim edir:

Giriş

Azərbaycanın tarixi Qarabağ bölgəsində dağlıq hissədə yaşayan erməni icmasının ayrılıqda özünü təmin etməsi üçün heç bir iqtisadi və resurs əsası yoxdur. Azərbaycanın 42 inzibati rayonu yerli gəlirləri hesabına özünü təmin edə bildiyi halda, Qarabağda erməni icmasının saxlanılması üçün illik 200-250 milyon ABŞ dolları yardım tələb olunur. Hətta Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalı altında olduğu zaman da Qarabağın separatçı rejimi Ermənistanın illik büdcə transferi və digər yardımları, eyni zamanda “Hayastan” fondu və erməni diasporunun maliyyəsindən xroniki asılı vəziyyətdə olub. Beləliklə, Ermənistan Azərbaycan torpaqlarının 20 faizində inkişafı buxovlamaqla 30 il ərzində həm erməni, həm də Azərbaycan xalqının maraqlarına və davamlı inkişaf xəttinə zərbə vurmuşdur.

2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə Qarabağdakı erməni separatçı rejiminin onsuz da zəif olan iqtisadi-maliyyə əsasları sıradan çıxdı. Belə ki, əsasən Kəlbəcər və Zəngilanda talançı hasilatla məşğul olunan qızıl, mis və digər sənaye zonalarında Azərbaycan öz suverenliyini təmin etdi və separatçı erməni rejimi qanunsuz gəlirlərindən məhrum oldu. Qarabağdakı erməni separatçı rejimi 2020-ci ilə qədər qanunsuz istifadə etdiyi enerji generasiya güclərindən məhrum olmuşdur, buna görə də Qarabağdakı erməni əhalisi həm də enerji təminatı üçün resursla zəngin Azərbaycanın imkanlarından gələcəkdə rahat istifadə edəcək. 100 min hektar əkin sahəsinin Azərbaycanın qanuni nəzarətinə keçməsi ilə separatçı rejimin taxıl, meyvə, tərəvəz, üzüm, eləcə də heyvandarlıq məhsulları ilə təminat səviyyəsi 2-3 dəfə aşağı düşdü. Hazırda Qarabağın dağlıq hissəsində erməni icmasının təkcə məhdud imkanlara malik Laçın dəhlizi ilə inkişaf perspektivləri yoxdur. Davos İqtisadi Forumunun hesabatında dünyada dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci və avtomobil yollarının keyfiyyəti üzrə 24-cü yerdə olan Azərbaycan həm də Qarabağın erməni icmasının inkişafı üçün nəqliyyat-logistika imkanlarını təqdim etmişdir.

Qarabağın dağlıq hissəsində erməni əhalisinin yaşadığı ərazi iqtisadi, resursla təminat, nəqliyyat-logistika və xarici bazarlara çıxış imkanı baxımından Azərbaycan iqtisadiyyatının davamı və inteqral hissəsi kimi qiymətləndirilə bilər. Dünya Bankının “Doing Business” hesabatında “top 10 islahatçı” siyahısında olan Azərbaycan 50 milyard ABŞ dolları strateji valyuta ehtiyatları ilə Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilərin də inkişafını təmin edə biləcək gücdədir. İqtisadi staqnasiya şəraitində yaşayan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatına uyğun gəlməyən humanitar yardımları daimi ola bilməz və davamlı inkişafı təmin etmir. Qarabağın dağlıq və aran zonası tarixən Azərbaycanın iqtisadi coğrafiyasında ölkənin digər bölgələri ilə vahid iqtisadi məkanı təşkil etmişdir. Azərbaycanın 2016-cı ildə işğaldan azad etdiyi Cocuq Mərcanlı kəndində abadlıq, sosial rifah və yerli iqtisadi imkanlar Ermənistanın işğalda saxladığı ərazilərdəki istənilən uyğun yaşayış məntəqəsi ilə müqayisədə kəskin üstünlük təşkil edir. Bu da Azərbaycanın və Ermənistanın iqtisadi inkişafa və layiqli həyat səviyyəsinə olan fərqli münasibətidir. Azərbaycan Qarabağın dağlıq hissəsindəki erməni əhalisinə də onların indiki miskin durumlarından fərqli olaraq, Cocuq Mərcanlıda yaratdığı şəraitə uyğun layiqli həyatı təmin edəcəkdir.   

Maliyyə perspektivsizliyi

Hesablamalar göstərir ki, Qarabağın dağlıq hissəsindəki qondarma rejimin maliyyələşdirilməsi üçün illik 200-250 milyon ABŞ dolları yardım tələb olunur. Separatçı rejimin bu həcmdə dotasiyanı kompensasiya etmək üçün müstəqil maliyyə mənbələri yoxdur.

Son on ildə Ermənistan birbaşa Dağlıq Qarabağ qondarma rejiminin büdcəsinin 50-60 faizini maliyyələşdirib. Təkcə 2019-cu ildə Yerevan qondarma rejimin büdcəsinə 120 milyon ABŞ dolları büdcə transferi formasında vəsait köçürüb. Transfer məbləği yerli sənədlərdə tez-tez “dövlətlərarası borc” olaraq da adlandırılırdı. Ermənistan Dağlıq Qarabağ qondarma rejiminə birbaşa transfer formasından başqa, avtomobillərdən tutmuş kompüter serverlərinə qədər vaxtaşırı ianələr daxil olmaqla digər yardım formaları da təqdim edib.

Qondarma rejimin digər əsas maliyyə mənbəyi olan erməni diaspor təşkilatlarının ianələrin Dağlıq Qarabağdakı təşəbbüslərə göstərdikləri yardımın heç bir dövlət sənədində ümumi həcmi öz əksini tapmır. İşğal olunmuş ərazilərdəki layihələrdən - ümumi dəyəri 35 milyon dollar olan Vardenis-Ağdərə avtomobil yolunun tikintisinə Hayastan Fondu, təxminən 15 milyon dollar yardım etmişdir. İşğal müddətində Hayastan Fondu ümumilikdə qondarma rejimə 150 milyon  ABŞ dolları yardım edib.

ABŞ-da yerləşən Tufenkian Vəqfi, Cəbrayıl rayonunda yeni bir kəndin inşasına 900 min dollar xərclədiyi bildirir. ABŞ-da sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanların vergi orqanlarına təqdim etdikləri rəsmi sənədlərə əsaslanan təxminlərə görə, Tufenkian Vəqfi 2003-2015-ci illər arasında işğal olunmuş ərazilərdə təxminən 2 milyon dollar xərcləyib.

Beləliklə, Dağlıq Qarabağ qondarma rejimin iqtisadiyyatı Ermənistanın dəstəyindən və erməni diasporunun maliyyə yardımından çox asılı olub. (B. A. Graham 2009, Czachor 2015). Üstəlik, bölgənin iqtisadi inkişafı “nə müharibə, nə də sülh” prinsipləri əsasında dondurulub (Tadevosyan 2010).

Araşdırmalar göstərir ki  Qondarma rejimin əsas sponsoru - davam edən hərbi-siyasi-iqtisadi böhran üçlüyünün təsiri altında olan Ermənistanın Qarabağın dağlıq ərazilərində yaşayan ermənilərə dəstək olmağa nə strateji valyuta ehtiyatları, nə də digər maliyyə resursları imkan verir. 21 faiz işsizlik, 23,5 faizi yoxsulluq, əkiz kəsirlər, 66 faizdən yuxarı xarici dövlət borcu, ÜDM-in 5 faizdən artıq geriləməsindən əziyyət çəkən Ermənistan rusiyalı sülhməramlılarının nəzarət etdiyi regiona davamlı yardım göndərmək imkanına malik deyil. Digər tərəfdən, Ermənistanın xarici borclarının yüksək olması beynəlxalq kredit reytinqini aşağı salır və beynəlxalq maliyyə təşkilatlarından yeni kredit almaq ehtimalını da aşağı salır. Bir sözlə, xarici borc və ianələrdən asılı olan Ermənistanın Qarabağdakı erməni əhalisini maliyyələşdirmək imkanları məhduddur.

2021-ci ilin Azərbaycanın dövlət büdcəsinə əsasən artıq 42 inzibati rayon bütün xərclərini yerli gəlirləri hesabına maliyyələşdirir. Son 7 il ərzində özünü təmin edən rayonların sayı 9 faizdən 65 faizə qədər qalxıb. Bu rayonların siyahısına baxsaq görərik ki, aran rayonlarda olduğu kimi çətin relyefli daha çox xərc tələb edən dağlıq rayonlarda da özünü maliyyələşdirmə təmin olunub. Azərbaycanının əksər rayonlarının nail olduğu maliyyə müstəqilliyinə qondarma rejim 30 ildə nail ola bilməyib. Qondarma rejimin statistik məlumatları göstərir ki, 30 il ərzində işğal olunmuş ərazilərin böyük iqtisadi potensialı olmasına baxmayaraq heç bir şəhər və rayon öz xərclərini yerli resurslar hesabına maliyyələşdirə bilməyib. Şəhər və rayonların büdcəsi 60 faizdən yuxarı Ermənistandan gələn dotasiya və diaspora ianələrindən asılı vəziyyətdə olub. Azərbaycanın öz ərazisini azad etməsi ilə torpaq, meşə, su, faydalı qazıntı resurslarından məhrum olan qondarma erməni separatçı rejimi maliyyə mənbələri minimal həddə enib.

Ermənistan iqtisadiyyatının mövcud durumu və diasporanın artıq heç bir motivinin olmaması Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin xərclərini ödəmək üçün tələb olunan yardımı məhdudlaşdırır. 50 milyard ABŞ dollarından çox strateji valyuta ehtiyatları və aşağı xarici borcu da nəzərə alınmaqla geniş “fiskal fəzası” olan Azərbaycan Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilərin inkişafını təmin edə biləcək gücdədir. 

Sənaye sektorunun perspektivsizliyi

Xammal və ixrac bazarlarının olmaması, sərmayə çatışmazlığı, nəqliyyat-logistika imkanlarının məhdudluğu Qarabağın dağlıq hissəsində sənaye sahələrinin əlahiddə olaraq inkişaf perspektivsizliyini müəyyənləşdirən əsas faktorlardır. Buna görə də bölgənin sənaye inkişafı Avropada ən çox sənayeləşmə səviyyəsinə malik olan və 2020-ci ildə dünyada sənaye böhranına rəğmən qeyri-neft sənayesini 12 faizdən artıq inkişaf etdirən Azərbaycanla reinteqrasiya şəraitində mümkündür.

Dağlıq Qarabağ qondarma rejimin 2019-cu ilin statistik məlumatlarına əsasən ümumi daxili məhsulda ən çox payı olan sektorlar: mədənçilik, hidroenerji, kənd təsərrüfatı, alkoqol istehsalı (xüsusilə Artsakh Brandy Company tərəfindən istehsal olunan tutdan alınan spirtli içkilər) və turizm olub. Mis və qızılın zəngin yataqları daha çox “Base Metals” şirkəti tərəfindən çıxarılıb.

2019-cu ildə mədən sənayesi qondarma rejimin ÜDM-un 13,7 faiz paya malik olub. Qondarma rejimin vergi ödəyiciləri arasında ilk sırada qərarlaşan, işğal altında olan ərazilərdə talançılıqla məşğul olan “Base Metals” şirkəti Ağdərə rayonu ərazisində yerləşən Kaşen mis-molibden yatağına 250 milyon ABŞ dolları qanunsuz investisiya yatırmasına baxmayaraq hazırda bu müəssisə fəaliyyət göstərmir.

Kəlbəcərin Zod qızıl yatağını istismar edən və eyni zamanda region ərazisində ekoloji terror yaşadan “GeoMiningPro Gold” şirkəti də həmin ərazilərdə talan etdiyi ərazilər qanuni sahibinın nəzarəti altına keçdiyi üçün qanunsuz fəaliyyətini dayandırıb.

İşğal dövründə mineral sularla zəngin ərazilərdən toplanan sular - Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və s. Ermənistana daşınıb orada qablaşdırılaraq erməni məhsulu kimi dünyaya çıxarılırdı. 30 illik işğal dövründə mineral suların qablaşdırılması belə xaricdən asılı vəziyyətə salınmışdı. İndi bu ərazilərdə Azərbaycan öz suverenlik hüququnu bərpa etdiyi üçün mineral suların daşınması və dünya bazarına Ermənistan məhsulu kimi satılması dayandırılıb.

Yüngül sənayenin əsas sektorlarından olan şərabçılığın ən böyük istehsalçılarından olan Mike-Hadrut, Kataro şərab zavodunun yerləşdiyi əraziləri artıq Azərbaycan işğaldan azad etdiyi  üçün və həmin müəssisələr öz qanunsuz fəaliyyətini davam etdirə bilməyəcək. Digər tərəfdən Qarabağın dağlıq ərazilərində yerləşən rejimin ən böyük vergi ödəyicilərindən olan Stepanakert Brandy Company və Artsax Brandy Company zavodu kimi müəssisələr, üzümün 50 faizindən çox hissəsini tədarük etdikləri əraziləri itiriblər. Adı çəkilən şirkətlər əmək resursu və xammal çatışmamazlığı səbəbindən artıq normal fəaliyyət göstərmirlər. Üstəlik Azərbaycanın 30 il ərzində işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı təzminat iddiaları, digər investorları da bu əraziyə sərmayə yatırmamışdan əvvəl Azərbaycan dövlətindən razılıq almağa vadar edir.

Bütün bunlar göstərir ki, Qarabağın dağlıq ərazilərində yerləşən sənaye müəssisələrinin heç birinin Azərbaycan iqtisadiyyatına inteqrasiya etmədən inkişaf prespektivi yoxdur. Təhlil göstərir ki, bu ərazidə sənaye müəssisələrinin xammal təminatı, satış bazarları və sərmayə cəlbi yalnız Azərbaycanın vahid iqtisadi məkanı daxilində mümkündür.

Enerji təminatının perspektivsizliyi

Qarabağın dağlıq ərazilərində yaşayan ermənilərin enerji təhlükəsizliyini təmin edəcək enerji resursları  məhduddur. Hidrokarbon ehtiyatları olmayan Qarabağda digər enerji resurslarının coğrafi paylanması fərqlidir. Belə ki,  ən çox su resursları Tərtər, Cəbrayıl, günəş enerjisi  potensialı Füzuli, Cəbrayıl, Zəngilan, külək enerjisi potensialı Kəlbəcər, Laçın, geotermal enerji potensialı isə Kəlbəcər, Şuşa ərazisindədir. Qarabağın dağlıq əraziləri elektik enerjisi istehsalı üçün resursu əsasən ətraf regionlardan təmin edirdi. 

Qarabağda 30 illik işğal müddətində 187,5 meqavatt elektrik enerjisi istehsal edən 36 SES fəaliyyət göstərirdi, hal-hazırda isə onlardan ümumi gücü 75 MVt olmaqla 6-sının istehsal etdiyi enerjidən qondarma rejimin məhdud istifadə imkanları qalır. Təhlil göstərir ki, enerji generasiyasının 60 faizindən yuxarısını itirən Qarabağın dağlıq ərazilərində yaşayan ermənilərin enerji təminatı üçün enerji resursları ilə zəngin Azərbaycanın enerji generasiya, transmissiya və bölüşdürmə şəbəkələrinə qoşulmaqdan başqa heç bir alternativləri yoxdur. Qarabağın rekonstruksiya və reinteqrasiyası çərçivəsində Azərbaycan bu ərazinin ölkənin enerji şəbəkəsinə uğurla inteqrasiyasını təmin edəcəkdir.

Ərzaq təminatının perspektivsizliyi

Qarabağın dağlıq hissəsindəki ərazilərdə ərzaqla özünütəminetmə heç bir məhsul növü üzrə mümkün deyil. Separatçı rejimin əkinçilik, heyvandarlıq, ərzaq habelə içkilərlə özünü təminetmə problemi 30 illik işğal dövründə öz həllini tapmayıb, ərazilərin işğaldan azad olunması ilə bu problemin yalnız Azərbaycanın ərzaq təhlükəsizliyi çərçivəsində həlli mümkündür.

Cədvəl 1-dən göründüyü kimi əsas kənd təsərrüfatı məhsullarının və xammalı aqrar sektordan götürən istehsal müəssislərinin məhsul buraxılışının böyük payı Kəlbəcər-Laçın iqtisadi rayonundan əldə edilirdi. Kəlbəcər-Laçın iqtisadi rayonu buğda, tərəvəz, kartof, meyvə və üzüm istehsalının 50 faizini, dənli və paxlalı bitkilərin 57 faizindən, bostan bitkilərinin 67 faizindən çoxunu tədarük edirdi. Əkinçilik məhsullarının satışından əldə olunan təqribi 47 milyon ABŞ dolları vəsaitin  26 milyon dolları, yəni 55 faizdən yuxarısı Qarabağın indi işğaldan azad olunan ərazilərinin payına düşürdü. Bu gün Qarabağda rusiyalı sülhməramlılarının yerləşdiyi 3000 kv. km ərazi daha çox dağlıq relyefə malik olduğundan az məhsuldar torpaqlardır.

Ərzaq təminatının digər elementi olan heyvandarlıq sahəsində də eyni tendensiya davam edib. Mal-qaranın saxlanılması üçün vacib olan otlaq sahələrinin və yem bitkilərinin əsas əkin sahələri əsasən Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı ərazisinə düşür. Tarixən Azərbaycanın vahid iqtisadi məkanı çərçivəsində Qarabağın aran və dağlıq hissələrinin bir-birini tamamlaması müşahidə edilmişdir. Məsələn, heyvandarlığın inkişafı üçün Aran Qarabağ - qışlaq, Qarabağın dağlıq hissəsi isə yaylaq funksiyasını yerinə yetirib. Bu da onu göstərir ki, bu ərazidə heyvandarlığın inkişafı Azərbaycanın vahid iqtisadiyyatı daxilində Qarabağın dağlıq və aran hissələrinin bir-birini tamamlaması ilə mümkündür. Beləliklə, Qarabağın dağlıq hissəsində heyvandarlıqla məşğul olan erməni əhalisi üçün Azərbaycanla, xüsusilə də, Qarabağın aran hissəsi ilə iqtisadi inteqrasiya mühüm şərtdir. 

Azərbaycan Qarabağın dağlıq hissəsində yerləşən məhdud və natamam kənd təsərrüfatını inkişaf etdirmək üçün bir tərəfdən əsas və dövriyyə vəsaitləri ilə təminat və subsidiya siyasətindən istifadə edəcək, digər tərəfdən isə daxili və xarici bazarlara çıxış imkanı yaradacaq. Təhlil göstərir ki, Qarabağın dağlıq hissəsində ərzaqla özünü təminetmə mümkün olmadığından, 30 illik ərzaq təminatı probleminin həlli yalnız Azərbaycan iqtisadiyyatına reinteqrasiya ilə mümkündür.

Nəqliyyat-logistika perspektivsizliyi

Qarabağın dağlıq hissəsindəki ərazilərin nəqliyyat əlaqəsinin təkcə məhdud Laçın avtomobil dəhlizi deyil, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub meqalayihələrinə qoşulmuş multimodal nəqliyyat şəbəkəsinə inteqrasiyası ilə təmin etmək planlaşdırılır. Laçın dəhlizinin eninin 5 km olduğunu, dəhlizdə yalnız avtomobil yolunun mövcudluğunu, dəhlizin dağlıq ərazilər və çətin döngələrdən keçdiyini və 1998-ci ildən bəri təmir olunmadığını, digər tərəfdən yolun həm sülhməramlılar, həm də vətəndaşlar və yük daşınması üçün istifadə olunacağını nəzərə alsaq, görərik ki, nəqliyyat dəhlizinin buraxılış imkanı məhduddur. Qarabağın dağlıq hissəsində nəqliyyat-kommunikasiya problemlərinin həlli Kəlbəcər, Ağdam, Şuşa və Laçın istiqamətində Azərbaycanın təklif etdiyi dəmiryolu, avtomobil yolu və hava yolu vasitələrinin təmin olunması ilə mümkündür.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur. Bununla da təkcə Şuşaya gedən yolların sayı üçə çatacaq. Həmçinin Toğanalı - Kəlbəcər yolu layihəsinə start verilib.Yeni yol Laçın rayonuna da davam etdiriləcək. Bununla da hər iki tərəfdən həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq. Məhdud Laçın dəhlizi ilə müqayisədə işğaldan azad olunmuş əraziləri Azərbaycanın digər regionları ilə birləşdirən geniş nəqliyyat şəbəkəsi olacaq.

İlk dəfə 1974-cü ildə istifadəyə verilən Xocalı aeroportu Dağlıq Qarabağ müharibəsinə qədər yalnız İrəvan-Xankəndi beynəlxalq reysi həyata keçirib. Beynəlxalq hüquq normalarına əsasən həmin aeroportdan beynəlxalq uçuşların təşkil olunması yalnız Azərbaycanın icazəsi ilə mümkündür. Qarabağın bərpa strategiyasına əsasən Füzuli və Kəlbəcər-Laçın zonasında sərnişin dövriyyəsi, yük daşınması və turizmin potensialının artırılması məqsədilə beynəlxalq aeroportların tikilməsi nəzərdə tutulub. Füzulidə artıq bu prosesə başlanılıb.

Işğaldan azad olunmuş ərazilərimizdə Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa, Horadiz-Ağbənd dəmir yolunun tikintisi də nəzərdə tutulur. Horadiz-Ağbənd dəmir yolu Naxçıvan dəhlizini açmaq üçün xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən Ağdam-Xankəndi dəmir yollarının bərpası ilə işğaldan azad olunmuş bütün torpaqlar əvvəlcə Azərbaycanın, daha sonra isə beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya olunacaq. Davos İqtisadi Forumunun hesabatında dünyada dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci və avtomobil yollarının keyfiyyəti üzrə 24-cü yerdə olan Azərbaycan həm də Qarabağın erməni icmasının inkişafı üçün nəqliyyat-logistika imkanlarını təqdim etmişdir. Azərbaycanın müəyyənləşdirdiyi nəqliyyat xəritəsində pay almaqla Qarabağın dağlıq hissəsi iqtisadi inkişaf üçün imkan qazanır.

Rusiya Qarabağın dağlıq hissəsində erməni əhalisinin yardımdan xroniki asılılığını dərinləşdirir

Rusiyanın nə staqnasiyada olan iqtisadiyyatı, nə də ki, sülhməramlılarının mandatı Qarabağda qondarma rejimə uzunmüddətli iqtisadi yardım üçün əsas yaratmır.

Rusiya Qarabağın dağlıq hissəsindəki erməni əhalisinə ərzaq yardımı etdiyi halda, Rusiyanın öz əhalisinin 13,5 faizi və ya 20 milyondan çox insan yoxsulluq həddində yaşayır. Rusiya vergi ödəyicilərinin vəsaiti hesabına ermənilərə ərzaq yardımı vermək əvəzinə, sayı 10 milyona çatan işsizlərin məşğulluq problemlərinin həlli ilə məşğul olmaq mümkündür.

Hazırda tikinti sektorunda son onilliyin ən böyük geriləməsini yaşayan Rusiya Qarabağ ərazisinə 800 min tondan yuxarı tikinti materialı göndərib. Bu gün Rusiya üçün Qarabağ ərazisinə tikinti materialları yardımı göndərmək əvəzinə, evsizlikdən əziyyət çəkən 5 milyondan artıq insanının problemini həll etmək yerinə düşər.

Rusiya başa düşməlidir ki, 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamaqla və meşə, torpaq, su və faydalı qazıntı ehtiyatlarını talan etməklə Qarabağdakı separatçı rejim yenə də kənardan yardım dilənirdi. İndiki halda bu resurslardan və imkanlardan məhrum olmaqla ermənilərin yardım diləməyinin sonu görünmür. Bir növ Qarabağın dağlıq hissəsindəki ermənilər yardımdan xroniki asılılığa düşüblər. Azərbaycan bu məsələnin həllini bölgənin reinteqrasiyası və davamlı inkişafını təmin etməklə həll edəcəkdir. Buna görə də xroniki yardım asılılığından əziyyət çəkən Qarabağın dağlıq hissəsindəki ermənilərin normala dönməsi vacibdir. Dünya tarixində heç bir iqtisadiyyat xroniki hal almış yardımla inkişaf etməyib. Rusiyanın yardımı Qarabağdakı erməni əhalisinin xroniki asılılığını daha da şiddətləndirir və onların davamlı inkişaf xəttinə keçməsinə mane olur.    

Nəticə

Ermənistan 29 min kv.km ərazidə və 3 milyon nəfər əhali ilə iqtisadi-siyasi müstəqilliyini tam təmin edə bilməmiş və daha böyük dövlətlərin xammal əlavəsinə və forpostuna çevrilmişdir. 2020-ci ildə Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə Qarabağın dağlıq hissəsində yaşayan 50-60 min nəfər erməni əhalisini də işğalın girovluğundan xilas etmişdir. BMT-nin 2019-cu ildə Dayanıqlı İnkişaf Proqramı çərçivəsindəki hesabatda göstərilir ki, dağlıq ərazilərdə ərzaq təhlükəsizliyini təmin etmək, və yoxsulluqla mübarizə daha çətindir. Dağlıq ekosistemi təbii fəlakətlərə, iqlim dəyişkənliyinə və resurslardan dayanıqsız istifadəyə daha həssasdı. Hesabatda dünyanın ən yoxsul 1,1 milyard əhalisinin dağlıq regionlarda yaşadıqları göstərilir. Bütün bunlar deməyə əsas verir ki, Qarabağın dağlıq ərazilərinin bərpası və inkişafı investisiya, resurs və aydın strategiya tələb edir. Davos İqtisadi Forumunun hesablamasına görə, “hökumətin dəyişməyə cavabdehliyi” göstəricisinə görə dünyada beşinci, “hökumətin uzunmüddətli strategiyası”na görə 10-cu və “hökumətin siyasi sabitliyi təmin etməsi”nə görə 11-ci yerdə olan Azərbaycan Qarabağın dağlıq hissəsinin davamlı inkişafını təmin edəcəkdir. Çünki “Davamlı inkişaf hesabatı 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə Azərbaycan 54-cü pillədə qərarlaşmaqla regional liderdir və 57-ci olan Rusiyanı, 58-ci olan Gürcüstanı, 59-cu olan İranı, 65-ci olan Qazaxıstanı, 70-ci olan Türkiyəni, 75-ci olan Ermənistanı və 114-cü olan Türkmənistanı üstələyib. Artıq Azərbaycan hökuməti Qarabağın inkişafı strategiyasını hazırlayıb və bu istiqamətdə layihələr gerçəkləşdirməyə başlayıb. Qarabağın dağlıq hissəsindəki erməni əhalisi Qafqazın ən böyük iqtisadiyyatına malik olan Azərbaycanın vahid iqtisadi məkanı daxilində davamlı inkişaf perspektivlərinə malikdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri