23 
Fev
2021
13:42
125
32
2005
Virtual karabakh

“SOCAR Trading” neft qiymətləri ilə bağlı müsbət proqnoz verdi

23 Fev, 2021
13:42
2005

“SOCAR Trading” neft qiymətləri ilə bağlı müsbət proqnoz verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il neftin bir barelinin qiyməti 80 ABŞ dollarına qədər arta bilər. Lakin, istehsalçıların bu gurultulu tələbə dərhal və kifayət qədər təkliflə cavab verə bilməyəcəyi ehtimal olunur”.

Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) hasil etdiyi xam neft həcmlərinin satışını həyata keçirən, qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən “SOCAR Trading SA”nın ticarət üzrə icraçı direktoru Xəyal Əhmədzadə “Bloomberg”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiya ilə əlaqədar yaradılmış əlavə neft ehtiyatları bu ilin yay aylarına qədər tamamilə azalacaq: “Həmçinin, neft hasilatını təmin edən qurğulara və quyularda istifadə olunan avadanlıqlara tələbatın artması ilə əlaqədar polad qiymətlərinin də artması gözlənilir”.

İcraçı direktor bildirib ki, yaz aylarında və ya ilin sonuna qədər neftin bir barelinin qiyməti 80 ABŞ dollarına qədər arta bilər və hətta, yaxın 18-24 ay ərzində bir barel üçün qiymət 100 dolları ötə bilər. 

Bildirilib ki, “Socar Trading” tərəfindən gün ərzində bir milyon barelə yaxın xam neft və neft məhsullarının satışı həyata keçirilir. X.Əhmədzadə əlavə edib ki, SOCAR böhran vəziyyətində 15 milyon barelə yaxın saxladığı bütün neft ehtiyatını artıq satıb. 

O qeyd edib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) və Rusiyanın da daxil olduğu müttəfiq ölkələrin hasilatı yenidən artırması ilə xam neft tədarükü tezliklə tam şəkildə təmin edilə bilər. 

“Hətta, Səudiyyə Ərəbistanı və Texas neft hasilatını tam şəkildə davam etdirsə belə ən qorxulusu budur ki, 12 ayda mövcud bazarda çatışmazlıq yaşana bilər və bu da qiymətlərə çox böyük sürətlə təsir edəcək”.

Qeyd edək ki, 2008-ci ilin aprelində fəaliyyətə başlayan “SOCAR Trading” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hasil etdiyi neftin Avropa, Asiya və Amerika istehlakçılarına çatdırılmasını təmin edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri