Mar
2021
10:14
83
26
1031
Virtual karabakh

Azərbaycan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə altı pillə irəliləyib

Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan altı pillə irəliləyərək, 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb.

Bununla da Azərbaycan cari il dünya üzrə orta göstəricidən yuxarı və Avropa ölkələri səviyyəsində nəticə göstərib. İndeksin nəticələrinə əsasən, ən yaxşı nəticə göstərən ölkələr Sinqapur, Yeni Zelandiya və Avstraliyadır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirib ki, Azərbaycan indeksin nəticələrinə əsasən, Avropa regionunda 45 ölkə arasında 23-cü yerdə qərarlaşıb. Bundan əlavə, sözügedən hesabatın nəticələrinə əsasən, Azərbaycan Polşa, İspaniya, Sloveniya, Fransa, İtaliya və bu kimi inkişaf etmiş ölkələri qabaqlayıb.

Əlavə edilib ki, iqtisadi azadlığın inkişafı ilə insan kapitalının inkişafı arasında sıx əlaqə mövcuddur və Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə ən çox irəliləyən ölkələr sırasındadır. Bu yüksəlişə isə əsas etibarı ilə bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə istiqamətlərdə qeydə alınan inkişaf trendləri ilə nail olunub.   

Azərbaycan öz göstəricilərini 0,8 bənd artırmaqla 70.1 bal əldə etməyə nail olub ki, bu da ölkəyə “mülayim azad iqtisadiyyat ölkələri” qrupundan “əsasən azad iqtisadiyyat ölkələri” qrupuna keçməyə imkan verib. 2021-ci il hesabatında “Qanunun aliliyi” indikatoru üzrə əmlakın qeydiyyatı, kreditlərin əldə olunması, minoritarların hüquqlarının müdafiəsi, müqavilələrin icrası kimi sahələrdə inkişaf tendensiyaları qeydə alınıb.

Hesabatda “Dövlətin ölçüsü” indikatorunun hər üç alt-indikatoru - “vergi yükü”, “dövlət xərcləri”, “fiskal sağlamlıq” üzrə, “idarəetmənin səmərəliliyi” indikatorunun isə “monetar azadlıq” alt-indikatoru üzrə irəliləyişlər müşahidə olunub.

“İqtisadi Azadlıq İndeksi” “qanunun aliliyi”, “idarəetmənin səmərəliliyi”, “dövlətin ölçüsü”, “bazarın əlçatanlığı” kimi əsas indikatorlar və onların alt-indikatorları daxil olmaqla ümumilikdə 12 göstərici əsasında iqtisadi azadlığa təsir amillərini cəmləyərək vahid bal və reytinq ilə qiymətləndirir.

Qeyd edilib ki, hər bir göstərici üzrə ölkələrə 0-100 arası bal verilir. Ölkə nə qədər çox bal alsa, deməli, iqtisadi azadlıq səviyyəsi də bir o qədər yüksəkdir. Beləliklə, “tamamilə sərbəst” iqtisadiyyat 100 bal ilə qiymətləndirilirsə, prinsip etibarilə fundamental azadlıqların olmaması, müvafiq olaraq 0 balla qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri