22 
Apr
2021
16:18
167
24
1726
Virtual karabakh

“SOCAR Türkiyə”: “Rəqəmsallaşma ilə 43 milyon dollar əlavə maliyyə əldə edəcəyik“

22 Apr, 2021
16:18
1726

“SOCAR Türkiyə”: “Rəqəmsallaşma ilə 43 milyon dollar əlavə maliyyə əldə edəcəyik“

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiyə” şirkətinin Rəqəmsal Transformasiya üzrə İcraçı direktoru Hakan Irgıt “Report”un Türkiyə bürosuna müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Hazırda STAR neft emalı zavodu (NEZ) rəqəmsal texnologiyaların tətbiqində üstündür. Bu, istehsala, ətraf mühitə və ümumi qazanca necə təsir edəcək?

- “SOCAR Türkiyə” şirkəti və neft emalı əməkdaşlığının “çətiri altında” fəaliyyət göstərən STAR neft email zavodu öz sahəsində tətbiq etdiyi texnologiyalarla son dərəcə ağıllı bir investisiya yatırımı kimi özünü reallaşdırıb. Səmərəlilik və davamlılığın əsas elementi olan texnologiyanın bütün proseslərinə inteqrasiya edərək fəaliyyət göstərən neft emalı zavodumuz, bu xüsusiyyətləri ilə Avropanın ən müasir və rəqəmsal emal zavodları sırasındadır. Bu rəqəmsal infrastrukturla STAR zavodu istehsalatdan mütəmadi baxıma, satışdan maliyyəyə qədər bütün şöbələrinin izləndiyi və hesabatlılığa əsaslanan bir sistemə malikdir. 2018-ci ilin oktyabrında istehsala başlaması ilə bu sistemlər tələbin tam şəkildə qarşılanması, gəlir artımı və istifadə olunan yüksək texnologiyalar ilə ətraf mühitin qorunması baxımından çox faydalı oldu. Bunlardan bəzilərini qısaca olaraq belə izah edə bilərəm.

Birincisi, STAR NEZ-in hələ quruluş mərhələsində olarkən, qabaqcıl texnoloji avadanlıqlar üçün 70 milyon ABŞ dolları məbləğində sərmayə qoyduq. NEZ-miz malik olduğu rəqəmsal texnologiyaların yaratdığı dəyərlər ilə Dünya İqtisadi Forumunun (WEF) qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələri daxil etdiyi “Global Lighthouse Network”una seçilib. Qeyd etmək lazımdır ki, gələcəyin fabriklərinin də yer aldığı “Global Lighthouse Network”da dünyada seçilən ilk neft emalı zavodu məhz STAR-dır. Bununla yanaşı, STAR zavodu 2021-ci ildə Türkiyədən bu şəbəkəyə qoşulan ilk və tək şirkət olub.

İkincisi, işçi qruplarımız daxilində rəqəmsal transformasiya çalışmalarımız davam etdiyi zaman, 2020-ci ilin martında Türkiyədən də təsirsiz ötüşməyən pandemiya ilə bu çalışmalarımız daha da sürətlənib. Xüsusilə, “low touch economy“ dediyimiz fiziki təmasın minimal səviyyəyə endirilməsi, hələ nə qədər davam edəcəyi təxmin edə bilmədiyimiz bu pandemiya şərtlərində bizim üçün də olduqca aktual məsələdir.

Üçüncüsü, baxım prosesləri də daxil olmaqla, zavodda mövcud avadanlıqların performans qabiliyyətlərinin idarəedilməsinin rəqəmsallaşdırılması, xüsusi maşınların öyrənilməsi kimi sahələri əhatə edən kritik sektorlara düzgün yatırımların edilməsi, STAR neft emalı zavodunun EBITDA-na da (faiz, amortizasiya və vergidən əvvəlki qazanc) 35 milyon ABŞ dollarlıq potensial gəlir qazandırıb.

Dördüncüsü, STAR NEZ-i "Gələcəyin Fabrikaları Liqası" na daşıyacaq yatırımlar sayəsində, məhsuldarlıq artımından başqa, karbon emissiyasını azaldaraq, su istehlakını da önəmli dərəcədə minimallaşdırdıq. Bundan başqa, “SOCAR Türkiyə”nin STAR zavodunda dizel və reaktiv yanacaq istehsalında əldə edilən 10 % məhsuldarlıq artımı ilə yanaşı, zavodda yanacaq olaraq istifadə edilən təbii qaz istehlakında 2020-ci illə müqayisədə 6 % azalma, karbon emissiyasında 178 ton daha az istifadə və su istehlakında ildə 406 min ton qənaət edildiyini müşahidə etmişik. STAR zavodunun tam iş gücü ilə fəaliyyətə başladığı 2019-cu ildə öz istehsalat gücü və keyfiyyətinə görə, İstanbul Sənaye Palatasının "Türkiyənin 500 Böyük Sənaye Quruluşu" siyahısında 5-ci yerə layiq görülüb.

- 4-cü nəsil Sənaye İnqilabı – “Sənaye 4.0” və ya rəqəmsallaşma deyərkən, ilk ağıla gələn çeviklik və məhsuldarlıqdır. “SOCAR Türkiyə”nin son 1-2 il ərzində, pandemiya ilə əlaqədar olaraq istehlak və tələbin ümumi bazarda azalmasını da nəzərə alsaq, məhsuldarlıqda nə kimi müsbət və mənfi göstəricilərlə qarşılaşdınız?

- Qeyd etməliyəm ki, malik olduğumuz texnologiyaların gücünə, “Sənaye 4.0” prinsiplərinə və ən yaxşı sənaye təcrübələrinə istinad edərək, rəqəmsal transformasiyanı istiqamətləndirən çox vacib layihələr həyata keçirmişik və bu gün də davam etdirməkdəyik. 2018-ci ildə “Petkim”də başlatdığımız rəqəmsallaşma ilə çalışmalarımızı 2020-ci ildən etibarən “SOCAR Türkiyə” və qrup şirkətlərinin hər birində rəqəmsal inkişaf proqramı çərçivəsində davam etdiririk.

Bu dönəmdə böyümə potensialı çox yüksək olan neft-kimya sahəsindəki tələblərə cavab verə bilmək üçün prioritet məsələmiz bizə daha çox çeviklik, məhsuldarlıq və səmərəlilik verəcək “Sənaye 4.0” standartlarını tətbiq etmək oldu. “SOCAR Türkiyə”nin iştirakı ilə STAR neft emalı zavodu, “Petkim” ilə fəaliyyətlərimiz və neft-kimya sektorlarındaki rəqəmsallaşma ilə birlikdə, yüksək keyfiyyətli məhsul, sürət, yüksək məhsuldarlıq, səmərəlilik, ətraf mühitə ən az təsir etmək kimi kateqoriyaları da nəzərə alaraq fəaliyyət göstərməyə başladıq. İndiyədək həyata keçirdiyimiz bu rəqəmsallaşma layihələri sayəsində önümüzdəki illərdə təxminən 43 milyon ABŞ dollarlıq əlavə maliyyə əldə edə biləcəyik. Beləliklə, bu addımlarımızın nəticəsində qazandığımız çeviklik və sürət, bizə dünya bazarında böyük bir rəqabət üstünlüyü təmin edir. Nəticə etibarilə, deyə bilərəm ki, uzun müddətdir texnologiya və rəqəmsallaşmaya edilən yatırımlar sayəsində pandemiya dövründə ehtiyacların və tələblərin dəyişməsinə baxmayaraq, biz həm tələbləri qarşılaya biləcək gücə, həm də bunu ən qısa zaman zərfində reallaşdıracaq çevikliyə sahibik.

- “SOCAR Türkiyə” STAR NEZ-də qazandığı müasir standartlara uyğun rəqəmsallaşdırma bacarığı və təcrübələrini gələcəkdə yerli və xarici şirkətlərlə bölüşməyi düşünürmü?

- "SOCAR Türkiyə” olaraq, sadəcə STAR zavodu yox, həm də digər şirkətlər qrupu daxilində əldə etdiyimiz təcrübələr bu sahə üçün çox gözəl örnəklər təşkil etməkdədir. Bu mənada, xüsusilə ortaqlarımızla birgə inkişaf layihələri və təcrübə mübadiləsində uyğun bildiyimiz təşəbbüsləri göstəririk. Əlavə olaraq, rəqəmsal inkişaf və innovasiyalar sahəsində də Türkiyə və Azərbaycandaki universitetlərlə əməkdaşlıq etməyi olduqca vacib hesab edirik.

Məsələn, İstanbul Texniki Universiteti, Yaxın Şərq Texniki Universiteti (ODTÜ) və Boğaziçi Universiteti ilə əməkdaşlıq edərək, istehsalat və proseslərin təkmilləşdirilməsi haqqında layihələrə və “startap”lara davam etdirməkdədir. ODTÜ Texnoloji Transfer Ofisi vasitəçiliyi ilə davam etdirilən layihə çərçivəsində “SOCAR Ar-Ge” və ODTÜ-nün əməkdaşları tullantı plastikləri ilkin komponentlərinə çevirərək, təkrar və davamlı şəkildə plastik xammal istehsalının istifadəsi istiqamətində tədqiqat aparırlar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri