18 
May
2021
18:10
116
355
5475
Virtual karabakh

Danimarkanın pivə şirkəti ilə Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB + FOTO

18 May, 2021
18:10
5475

Danimarkanın pivə şirkəti ilə Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İqtisadiyyat Nazirliyi ilə ölkəmizdə ən böyük pivə istehsalı şirkəti olan “Carlsberg Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, eləcə də “Carlsberg Group” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. 

Sənədə uyğun olaraq, “Carlsberg Azerbaijan” şirkəti xammal bazasının lokallaşdırılmasına, müəssisənin modernləşdirilməsinə, itkilərin azaldılmasına və iş yerlərində təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə, ölkədə istehsal olunan pivənin ixracına, eləcə də 2021-2025-ci illərdə istehsalın inkişafına yönəlmiş kommersiya layihələrinə 25 milyon manatdan çox sərmayə yatırmağı planlaşdırır.

Tərəflər həmçinin, “Made in Azerbaijan” məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ixrac layihələrində əməkdaşlıq barədə razılığa gəliblər.

Mikayıl Cabbarov bildirib ki, “Carlsberg Azerbaijan” şirkətinin ölkəmizdə yeni inkişaf və sərmayə planları diqqətəlayiqdir:

“Bu gün imzalanan sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşündən irəli gələn tapşırığının icrasıdır. Şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, xammal bazasının lokallaşdırılması və innovativ texnologiyalara əsaslanan istehsal prosesinə keçidi nəzərdə tutan proqramını təqdir edirik. Anlaşma Memorandumu bir sıra məqsədləri hədəfləyir. Belə ki, şirkət 2025-ci ilədək Azərbaycanda pivəlik arpanın istehsalını dəstəkləməklə xammal idxalını əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur. İstehsalın genişləndirilməsi və lokallaşdırılması ixrac imkanlarını da artıracaq, məşğulluğa töhfə verəcəkdir. İqtisadiyyat Nazirliyi ixraca dəstək mexanizmləri çərçivəsində qarşılıqlı əməkdaşlıq etməklə şirkətin ixrac potensialının artırılmasına dəstək verməyə hazırdır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcək”.

“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann Nazirlik ilə “Carlsberg Azerbaijan” arasında imzalanmış Memorandumun Azərbaycanda biznesə dəstəyin gözəl nümunəsi kimi qiymətləndirib:

“Dövlətin dialoqa açıq olması, bizneslə əməkdaşlıq səviyyəsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə biznesimizin inkişafı üçün əsas yaradır. Azərbaycanda dövlətlə biznes arasında dialoqa belə yanaşma Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin göstəricisidir və bu yanaşma yaxın gələcəkdə öz bəhrəsini mütləq göstərəcək”.

“Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev ələvə edib ki, istər Azərbaycandakı biznesin rəhbəri kimi bizneslə hakimiyyət arasında dialoqda, istərsə də gündəlik həyatda bazar şəffaflığında, müştəriyə xidmətdə və bir çox başqa sahələrdə ildən-ilə real tərəqqini görür:

“Şübhəsiz ki, bu, həm də İqtisadiyyat Nazirliyinin sektor və miqyasından asılı olmayaraq biznesin dəstəklənməsinə yönəlmiş effektiv və dəqiq aparılan işinin nəticəsidir. Biz çox şadıq ki, hakimiyyətdə əsas tənzimləyici orqan və maraqlı tərəf bizim əsas tərəfdaşımız və dəstəkçimizdir. Bu, gələcəkdə Azərbaycanda biznesimizin genişləndirilməsinə inamı daha da artırır”.

17.15

İqtisadiyyat Nazirliyi ilə “Carlsberg” arasında Anlaşma Memorandumu imzalanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Nazir bildirib ki, məqsəd Azərbaycandakı aparıcı beynəlxalq investorlardan biri tərəfindən tamamilə yerli istehsal dövriyyəsinə nail olmaq, daxili podratçıların cəlb olunmasını təmin etmək və ölkəmizdə istehsal olunmuş pivə üçün yeni ixrac imkanları əldə etməkdir.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri