12 
İyn
2021
12:00
99
21
4246
Virtual karabakh

Azərbaycan kartofunu necə ucuz ala bilərik? - İstehsalçı ilə MÜSAHİBƏ + FOTO

12 İyn, 2021
12:00
4246

Azərbaycan kartofunu necə ucuz ala bilərik? - İstehsalçı ilə MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə artıq kartofun yığım prosesinə start verilib. Bu mövsümdə həm də paralel olaraq məhsulun ixracı həyata keçirilir. Hazırda məhsul yığımının hansı mərhələdə olduğunu, bu il bazara çıxarılacaq məhsulun qiymətinin necə təyin olunacağı ilə bağlı Azərbaycanın yeddi rayonunda artıq altı ildir ki, kartof istehsalı ilə məşğul olan sahibkar Samir Eldar oğlu Verdiyev ilə həmsöhbət olduq.  

- Yəqin ki, artıq məhsul yığımına başlamısınız. Hazırda hansı ərazilər üzrə proses davam etdirilir?  

Hazırda Cəlilabad rayonunda yetişdirdiyimiz kartofu çıxararaq Rusiyaya ixrac edirik. Bir həftədən sonra ixrac prosesi dayanır. Daha sonra digər rayonlarda daxili bazar üçün istehsal prosesinə başlayacağıq. Növbəti dövrdə Tovuz və Ağstafanın Aran bölgəsindən kartof çıxarılacaq. Daha sonra Qazax, Şəmkir, Qəbələ, İsmayıllıda prosesə start verəcəyik. Bu il ötən illə müqayisədə məhsuldarlığın bol olmasını gözləyirik. Çünki ötən dövr ərzində qar və yağış çox oldu.

- Bu il məhsulun topdan satışında qiymətlər necə müəyyənləşib?

- Bu il ixrac qiymətləri normaldır. Ötən il bir kiloqram üçün ixrac dəyəri 25 qəpik idi. Bu il isə 40-50 qəpik civarındadır. Hazırda Rusiya tərəfindən kartof məhsuluna tələb çoxdur. Daxili bazar üçün isə topdan satış qiyməti bir kiloqram üçün 40-50 qəpik civarında olacaq. Ötən il isə 25-35 qəpik civarında idi və kartofun bir kiloqramının maliyyəti 25 qəpik olduğundan ziyanla çalışmışdıq. Ölkəmizdə quraqlıq olduğundan suvarmaya çox böyük xərclər çəkirik. Keçən il müəyyən qədər ziyana getmişik. Həm də karantin rejimi ilə əlaqədar yığıncaqlar da yox idi. Eləcə də, müəssisələr də məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərirdi. Buna görə də tələb xeyli azalmışdı.  

- Məhsulun qiyməti sahələrdən evimizə gəlib çatana qədər necə dəyişir?

- Biz məhsulu 25-35 qəpiyə satırıq. Onu bazara çıxaran tərəf bir kiloqram üçün 7-8 qəpik xərc çəkir və məhsulun üzərinə daha 5 qəpik də əlavə gəlir. Nəticədə biz məhsulu bir kiloqram üçün 30 qəpiyə satdıqda bazarda 45 qəpiyə gəlib çıxır. Marketlər də ikinci tərəflərdən məhsulu alarkən qiymətinə 25 qəpik də əlavə edərək onu bir kiloqram üçün 70 qəpiyə satır.

- Daha çox məhsuldarlıq əldə etmək üçün hansı işləri görürsünüz?

- Təsərrüfatı canlandırmaq üçün yeni texnologiyalar və suvarma sistemləri cəlb etmişik. Yeddi rayon üzrə 3 min əməkdaşım var. Əgər hər becərilən məhsulun kiloqramından ən azı 5 qəpik gəlir əldə etsək bütün Azərbaycanın kartofa olan tələbatı üç ilə tamamilə qarşılaya bilərik.

- Bəzən bazarda daha çox xarici məhsula rast gəlirik və qiymətin heç də məhsulun keyfiyyətinə görə müəyyən edilmədiyinin şahidi oluruq. Necə olur ki, həmin məhsul bazara bu qiymətlə çıxarılır?

- Azərbaycanda noyabr ayında kartof ehtiyatı qurtarır və ölkəmiz bu məhsulu aprel ayına qədər Rusiya, İran, Türkiyədən idxal edir. Avqust ayında bazara xaricdən idxal edilən kartof 40 qəpiyə satılır (topdan satış qiyməti). Bu zaman biz məhsulu 27 qəpiyə satırıq ki, onu alan tərəf də 13 qəpik fərq ilə sata bilsin. Yayda xüsusilə məhsulu tez satmağa məcbur oluruq. 40 dərəcə istidə məhsulun xarab olma ehtimalı yüksəkdir. Xaricdən gələn kartoflar isə soyuducuda saxlanılır, mal xarab olmur və yerli istehsal ilə daxili bazarı qarşılamaq mümkün olmadıqda topdan 50 qəpiyə satışa çıxarılır. Anbar çatışmazlıqlarına görə bəzi sahibkarlar bütün məhsulu yayda 25 qəpikdən satışa çıxarır. Lakin, problemin həlli üçün Kənd Təsərrüfatı Nazirliyi artıq anbarların tikilməsinə subsidiya ayırır. 2-3 ildir ki, bu prosesə başlamışıq.   

- Bazara nə qədər məhsul çıxarırsınız?

- Hər il bazarı 28 min ton kartofla tədarük edirik. Azərbaycanda insanların gündəlik kartofa olan tələbatı min tondur. Yay aylarında isə 500-600 ton. Çünki digər məhsul çeşidlərinin həcmi artır. Ölkəmizdən bir ay və ya ay yarım kartof ixracı baş tutur. Gündəlik minimum 3 min ton ixrac olur. Lakin, artıq iyun ayının 15-dən ixrac dayanır. Çünki Rusiya öz kartofunu bazara çıxarır.

- Məhsulu bazara daha münasib qiymətə çıxarmaq üçün birbaşa mağaza və marketlərlə danışıqlar aparmağa cəhd etmisiniz? 

- Marketlər birbaşa olaraq bizimlə alış-veriş etməyə maraqlı olmalıdır. Bizim bununla bağlı öz təşəbbüslərimiz də olur. Marketlərlə birbaşa əlaqə saxlayırıq. Satışı sahədən birbaşa marketə etmək daha yaxşı olar. Bu zaman biz məhsulun bir kiloqramını 30 qəpiyə deyil 35 qəpiyə marketə satırıq, onlar isə məhsulu 70 qəpiyə satmaq əvəzinə 60 qəpiyə satırlar. Bu zaman həm istehsalçı, həm market, həm də istehlakçı qazanır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri