İyl
2021
10:28
21
66
2153
Virtual karabakh

Azərbaycan növbəti ildə nə qədər neft hasil edəcək? - ABŞ-dan PROQNOZ

8 İyl, 2021
10:28
2153

Azərbaycan növbəti ildə nə qədər neft hasil edəcək? - ABŞ-dan PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2021 və 2022-ci il üzrə neft və kondensat hasilatı ilə bağlı proqnoz azaldılıb.

Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, iyul ayının proqnozuna görə 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcmi 720 min barel olacaq.

Halbuki, agentliyin iyun ayı üçün hasilat proqnozu 730 min barel idi. Ötən ayla müqayisədə proqnoz göstəricisi 10 min barel və ya 1,4 faiz azaldılıb. Buna baxmayaraq, 2020-ci ilin neft və kondensat hasilatının gündəlik orta həcmi ilə müqayisədə proqnoz 20 min barel və ya 2,9 faiz çoxdur.

Agentliyin hesablamalarına əsasən, 2021-ci ilin üçüncü rübündə hasilat 700 min barel, ilin sonunda, yəni, dördüncü rübdə isə 740 min barel olacaq.

2021-ci ilin üçüncü rübünün proqnozu ötən ilin eyni dövrü ilə müqayisədə 40 min barel və ya 6,1 faiz artırılıb. Eləcə də, dördüncü rübdə hasilat üzrə proqnoz ötən ilin göstəricisi ilə müqayisədə 50 min barel və ya 7,2 faiz çoxdur.

ABŞ-ın Enerji İnformasiya Agentliyi 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcminin 760 min barel olacağını proqnozlaşdırır. Halbuki, agentliyin iyun ayında 2022-ci il üzrə proqnozu 780 min barel idi. Proqnoz ötən ayla müqayisədə 20 min barel və ya 2,6 faiz azaldılıb.

Növbəti ilin birinci rübündə neft və kondensat hasilatının gündəlik orta həcminin 760 min barel olacağı bildirilib. 2022-ci ilin ikinci rübündə hasilatın 770 min barel, üçüncü rübdə 750 min barel, dördüncü rübdə isə 780 min barel olacağı proqnozlaşdırılıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri