28 
İyl
2021
17:44
19
79
2487
Virtual karabakh

SOCAR və tərəfdaşları kibertəhlükəsizlik və data təhlili üzrə peşəkar kurslar təşkil edir

28 İyl, 2021
17:44
2487

SOCAR və tərəfdaşları kibertəhlükəsizlik və data təhlili üzrə peşəkar kurslar təşkil edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR strateji hədəflərindən biri olan rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi və bu sahədə yerli kadr potensialının inkişaf etdirilməsi məqsədilə 2021-ci ilin iyulundan 2022-ci ilin fevralına kimi kibertəhlükəsizlik və data (verilənlər) təhlili üzrə peşəkar kurslar təşkil edir.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, “SOCAR Midstream” Sosial Sərmayə təşəbbüsləri çərçivəsində təşkil olunan kurslarda əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi” haqqında 27 aprel 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi, data təhlili və kibertəhlükəsizlik sahəsi ilə maraqlanan şəxslərin bilik və bacarıqlarının artırılması və potensialının aşkara çıxarılması, gənclər arasında bu sahələrə maraq və motivasiya yaradılması, onların karyera potensialının yüksəldilməsidir. 

Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə əlaqədar dünya miqyasında internetdən istifadə tezliyi artıb, bu isə kiberhücumların intensivləşməsinə səbəb olub. Statistik məlumatlara görə, kiber təhlükə ilə daha çox dövlət qurumları, enerji şirkətləri, səhiyyə təsisatları, ali təhsil müəssisələri və kiçik biznes struktruları üzləşir. Bütün bu qlobal və yerli çağırışlar kibertəhlükəsizlik sisteminin və əlaqədar kadr potensialının gücləndirilməsinin iqtisadiyyatın rəqəmsal transformasiyası üçün əhəmiyyətini bir daha təsdiq edir.

Layihə çərçivəsində “Google” və IBM şirkətləri tərəfindən təklif olunan Sertifikat Proqramlarında iştirak etmək üçün müsabiqə yolu ilə ümumilikdə 150 nəfər (75 nəfər -  “Google” Data Təhlili Peşəkar Sertifikat Proqramı;  75 nəfər - IBM Kibertəhlükəsizlik Analitiki Peşəkar Sertifikat Proqramı üzrə) seçiləcək. İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. İlkin mərhələdə layihədə iştirak etmək istəyənlər CV və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin avqust ayının 15-dək müraciət etməlidirlər. Təlimlərdə iştirak etmək istəyənlər keçid üzərindən müraciət edə bilərlər. Bu mərhələdə seçilən namizədlər imtahana dəvət ediləcək və onların ingilis dili və layihə proqramlarına uyğun təməl bilikləri yoxlanılacaqdır. İmtahandan uğurla keçən şəxslər layihədə iştirak hüququ qazanacaq. 

Tədrisin effektivliyi və iştirakçılara fərdi yanaşmanın təmin olunması məqsədilə təlimlər hər biri 15 nəfərlik 5 qrupda aparılacaq. Sertifikatlara layiq görülmək üçün iştirakçılar müvafiq olaraq 224 və 191 saatlıq tədris proqramlarını müvəffəqiyyətlə başa çatdırmalı və test imtahanlarında tələb olunan minimum balı toplamalıdırlar.

Layihə Azərbaycanda fərdi və korporativ təlimlərin təşkili və təhsildə mentorluq sahəsində aparıcı təşkilatlardan olan Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən icra ediləcək.

Qeyd edək ki, layihə SOCAR və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir. CQBK layihəsində iştirakçıların pay bölgüsü hazırda belədir: SOCAR (10 faiz), Cənub Qaz Dəhlizi şirkəti (6,67 faiz), BP (28,83 faiz), TPAO (19 faiz), “Petronas” (15,5 faiz), “Lukoil” (10 faiz), NİCO (10 faiz).

Namizədlər seçim prosesi və şərtləri ilə bağlı suallarla [email protected] ünvanına müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri