16 
Sen
2021
17:01
16
574
8464
Virtual karabakh

Vahid Əhmədov bilmir, ya da öyrənmək istəmir… - ŞƏRH

16 Sen, 2021
17:01
8464

Vahid Əhmədov bilmir, ya da öyrənmək istəmir… - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, artıq Azərbaycanda “Aİ-95” premium markalı benzin 1,60 AZN-ə, “Aİ-98” super markalı benzin isə 1,90 AZN-ə satılır. Premium və super markalı benzinin qiyməti ilə bağlı müzakirələr məsələni bir qədər də araşdırmağı labüd edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Aİ-95” markalı benzinə tələbin yüksək olduğunu, görünür açıqlamasının daha maraqlı olması üçün bir qədər də irəli gedərək bu benzin növünün qiymətinin 15 qəpik bahalaşdırmağın “absurd olduğunu” bəyan edib.

Deputatın irəli sürdüyü fikirlərin nə dərəcədə əsaslandırıldığını aydınlaşdırmaq üçün Azərbaycanda və “Aİ-95” markalı benzin istehsal edən ölkələrdə bu benzin növünün qiymətlərinə nəzər saldıq.

Hazırda ölkəmizdə “Aİ-95” markalı benzinin bir litr üçün qiyməti 0,94 dollardır. Azərbaycan bu benzin növünü adətən böyük həcmlərdə Rusiya və Rumıniyadan idxal edir. Rusiyada “Aİ-95” markalı benzinin bir litri 0,70 dollara, Rumıniyada isə hətta Azərbaycandakı satış qiymətindən 0,43 dollar daha çox - 1,37 dollara istehlak edilir. Belə olduğu halda idxal edilən premium markalı benzinin onun istehsalını həyata keçirən ölkələrdə daha yüksək qiymətə satıldığını müşahidə edirik. Deməli, ölkəmizə gətirilən “Aİ-95” markalı benzinin qiymətinin yalnız müəyyən xərclər nəzərə alınmaqla müəyyənləşdiyini demək olar.

V.Əhmədov xüsusilə “Aİ-95” markalı benzinə tələbin yüksək olduğunu deyib. Lakin, rəqəmlərə nəzər salsaq, 2020-ci ildə Azərbaycanda 1,3 milyon tondan çox dizel və 1 milyon tondan çox “Aİ-92” benzini istehlak olunduğunu görürük. Bu müddət ərzində Azərbaycan xaricdən 50 min tondan çox premium və 2,6 min tondan çox super markalı benzin idxal edib. Belə bir nəticəyə gəlmək olar ki, ölkədə nəqliyyat vasitələri üzrə ümumi istehlakın 54,4 faizini yerli məhsul olan dizel, 43,4 faizini isə yerli məhsul olan “Aİ-92” benzin və cəmi 2 faizini isə idxal olunan premium və super markalı benzin təşkil edib. Bu, Azərbaycanda “Aİ-92” markalı benzinin böyük həcmdə istehlak edildiyini göstərir. Digər tərəfdən, hazırda Azərbaycanda bir milyon yarım avtomobil vasitəsinin böyük qismi köhnə avtomobil vasitələridir və həmin avtomobillərdə “Aİ-95” markalı benzindən istifadə edilməsi mütləq deyil. Əgər avtomobilin mühərriki öz zavod spesifikasiyasına görə 92 oktan ədədli benzin ilə işləyirsə bu avtomobil üçün kifayət edəcək keyfiyyətdir.

İndi isə Vahid Əhmədov təklifinə nəzər salaq. Parlament üzvü təklif edir ki, əgər idxal baha başa gəlirsə, o zaman zavod tikib bu məhsulu öz ölkəmizdə istehsal edək. Bu, ilk baxışdan qulağa yaxşı, hətta çox yaxşı təklif kimi gəlir. Lakin gəlin dəqiqləşdirək. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etməmişik?

İlk növbədə neft emalı ciddi kapital tələb edən bir işdir. Yeni, bu gün kiçik ölçüdə neft emalı zavodunu layihələndirmək və tikintisini planlaşdıraraq onu ərsəyə gətirmək 7-10 milyard dollar tələb edir. Bu, ən azı 5-7 illik davam edən bir prosesdir. Lakin, yuxarıda qeyd edilən kiçik həcmli tələbi nəzərə alsaq belə bir nəhəng layihəni həyata keçirib çox cüzi rəqəmlərdə satış etmək heç də gəlir gətirəcək addım deyil. Bu, sadəcə zərərlə çalışan və büdcəyə ağırlıq edən bir təsisatı işlətmək deməkdir və istənilən halda büdcədən qeyri-səmərəli istifadə etməklə nəticələnir. 

Lakin, ölkəmizdə belə bir yeni zavodu inşa etməyə hələ ki, ehtiyac yoxdur. Çünki, gələcəkdə premium markalı benzinə tələbin yüksəlməsi ehtimalını nəzərə alaraq Azərbaycanda 2022-ci ildən etibarən premium markalı benzinin də SOCAR-ın Heydər Əliyev adına NEZ-də istehsal olunmağa başlanması nəzərdə tutulur. Hazırda zavodda modernizasiya və yenidənqurma işləri aparılır və bu proses mərhələli şəkildə davam edir.

Belə ki, layihəyə görə, zavodda yüksək keyfiyyətli dizelin istehsalına 2022-ci ilin ortalarında, 2023-cü ildə benzinin keyfiyyətinin artırılaraq Avro-5 standartlarına çatdırılması planlaşdırılır. 2023-cü ildə modernizasiyanın hazırkı mərhələsi başa çatacaq və zavodda “Aİ-92” və “Aİ-95” markalı benzin istehsal olunacaq. Beləliklə, bu yanacaq növünün artıq idxalından asılı olmayacağıq və onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi şəkildə tənzimlənə biləcək.

Son olaraq müqayisə aparsaq, Azərbaycanda “Aİ-92” markalı benzinin qiymətinin postsovet məkanında ən ucuzlardan biri olaraq qaldığını müşahidə edirik. Sentyabrın əvvəlinə olan məlumatlara görə, “Aİ-92” markalı benzinin bir litrinin qiyməti Azərbaycanda 0,59 dollara satıldığı halda, Rusiyada 0,63 dollara, Gürcüstanda 0,97 dollara, Ukraynada isə 1,08 dollara satılır. Bu məhsulun qiymətinin süni şəkildə endirilməsini isə yalnız rentabelliyin təmin edilməsi baxımından səmərəsiz və ölkədə iqtisadi tənəzzülə təkan verən bir addım kimi dəyərləndirmək olar.

Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə ilin əvvəlində, daha dəqiq desək 4 yanvar tarixində “Aİ-92” markalı benzinin qiymətinin 1 manat şəklində olmasına qərar verilib. İl ərzində bu qiymət sabit qalıb. Azərbaycanda dövlətin tənzimlədiyi yanacaq qiymətləri adətən bir neçə il sabit qalır. Bu optimallaşdırılmış qiymət neftin qiymətindəki ani dəyişiklərlə birgə benzinin dəyərinin də kəskin artmasının qarşısını alır.

Nəticə olaraq belə bir qərara gəlmək olar ki, populist və cəmiyyətdə mübahisəyə səbəb olacaq fikirlər səsləndirmək əvəzinə araşdırmaq və bu fikirləri konkret faktlara əsaslandırmaq daha doğru olar.

Vahid müəllim kimi təcrübəli şəxs ya bunları bilir və qərəzli çıxış edir, ya da bilmirsə də, əvvəlcə araşdırıb sonra çıxış etməli idi.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri