20 
Sen
2021
14:58
200
13
5267
Virtual karabakh

Yerin 2000 metr dərinliyindəki təhlükəni hiss edən adam: “Nə baş verdiyini beynimdə canlandırıram” - REPORTAJ

Hər il 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.

Bu bayram 1994-cü il 20 sentyabrda Azərbaycanla beynəlxalq şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulayır. Məhz, bu müqavilə ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu və Bakı nefti bütün dünyada dövr etməyə başladı.

Ümumiyyətlə, Bakını neft buruqları olmadan təsəvvür etmək qeyri-mümkündür. 1846-cı ildə Bibiheybətdə 21 metr dərinlikdə qazılan kəşfiyyat quyusu dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusudur. O gündən bu yana Bakı nefti müxtəlif dövrlərdə həm ən əhəmiyyətli proseslərə səbəb, həm də bu proseslərin iştirakçısı olub.

Bu gün neft sənayesi Azərbaycan iqtisadiyyatının onurğa sütünunu təşkil edir, burada hər saniyə doğru hesablanmalı və vaxtında qərar verilməlidir.

Neftçi olmaq - “Əhəmiyyətli bir iş gördüyümü düşünürəm, bu işin hər saniyəsi dəyərlidir və hər an təhlükəni hiss etməliyəm”.

“Azneft” İstehsalat Birliyinin Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsində quyuların əsaslı təmiri və qazma üzrə mütəxəssis Saleh Rəhmanovun fikrincə neftçi olmaq belə bir hissdir.

10 aprel 1995-ci təvəllüdlü gənc neftçi 2016-cı ildə Dövlət Neft Akademiyasından məzun olub və 2018-ci ildən etibarən SOCAR-da fəaliyyət göstərməyə başlayıb. İlk dəfə neftçi formasını geyinib işə başlamağın onda fərqli hisslər yaratdığını deyən Saleh işini sevərək icra etdiyini və bu işin faydasını gördüyünü deyir.

O, fəaliyyətində hər an təhlükə ilə qarşılaşa biləcəklərini də istisna etmir və əsas məsələnin hadisələri hiss etmək olduğunu vurğulayır.

“Əsas məsələ yerin 2000 metr dərinliyində nə baş verə biləcəyini hiss etməkdir. Bunu heç vaxt dəqiq bilə bilməzsən, yalnız ehtimalları təxmin edirsən.

Problemi həll edirsən və daha sonra problemin nə olduğunu tam olaraq anlayırsan. Sadəcə, beynində nə baş verə biləcəyini canlandırmalısan”.

Neft buruqları sahəsində iş prosesini izləyərkən buradakı ardıcılığı böyük orkestri idarə etməyə bənzətdim. Əgər hər kəs öz öhdəliyinə düşən vəzifəni yerinə yetirsə simfoniyada ahəng pozulmur. Lakin, əgər cəmi bir avadanlıq düzgün çalışmasa və ya bir şəxs yanlış qərar versə, dəhşətli bir xaos yaranar.

Salehin sözlərinə görə, bütün işçilər diqqətli olmağa çalışırlar ki, hadisələrə vaxtında müdaxilə edə bilsinlər, əgər ani diqqətsizlik edilsə bütün bir quyunun fəaliyyəti təhlükə altına düşə, hətta işçilərin həyatı belə risk qarşısında qala bilər:

“Neft qurğularının titrəyişi, proses nəticəsində yaranan səsin fərqliliyi və qazma prosesində dövrlərin sayı, neftin təzyiqi... Əgər nəsə düzgün getmirsə, deməli problem var”.

Buradakı neft quyularının xüsusiyyətlərindən və iş prosesindən danışan gənc neftçi hər gün işçilərin əmək mühafizə qaydaları ilə tanış olduqdan sonra işə start verildiyini qeyd edir. Hətta o, yalnız neftçilərin anladığı işarələrlə ifadə olunan və işin gedişinə nəzarət etməyə kömək edən şkala vasitəsilə fəaliyyətin bütün detallarını izləyə bilir:

“Bu şkala görülmüş işləri göstərir, sanki bütün fəaliyyətimizi özünəməxsus şəkildə kodlaşdırır. Əl ilə müdaxilə etmək isə mümkün deyil. Bununla yanaşı derlometr adlandırdığımız hidravlik çəki indikatoru ilə çəki ölçülür.

Qazma prosesinə davam edərkən ən vacib məsələ gözümüzü derlometrdən ayırmamaqdır. Çünki, buradakı göstəriciləri nəzərə almasaq normadan çox yüklənib qazmanı həyata keçirən baltanı (xüsusi avadanlıq) sındıra bilərik.

Həmçinin, quyunun dövriyyəsini də nəzarətdə saxlamaq lazımdır. Əgər quyunun debiti kəskin azalıbsa, buradakı ehtimal edilən qəza təyin edib onu aradan qaldırmaq lazımdır”.

Salehin ixtisaslaşdığı əsas iş qazma və təmirlə bağlıdır. Onun sözlərinə görə, XIX əsrin əvvəllərində əl ilə qazma üsulu ilə 30 metr dərinlikdə quyular qazılırdısa, bu gün rotor üsulu ilə 2500 metrə qədər də quru sahələrdə neft quyuları qazılır:

“Qazma prosesində gilli məhluldan istifadə edilir. Mütəmadi olaraq bu məhlulun miqdarını nəzarətdə saxlamalıyıq. Məhlulun azalması qəzalı vəziyyətin yarana biləcəyinə işarə edir. Həmin vaxt bir az gec “ayılsanız” qazma apardığımız yer uçula və avadanlıq orada ilişib qala bilər. Lap gec xəbər tutduqda isə avadanlığı oradan çəkib çıxartmaq mümkün olmayacaq. Bu cür tutulmaların aradan qaldırılması üçün bir neçə gün vaxt sərf olunur.

Bəzən elə vəziyyət yaranır ki, əsaslı təmir mümkün olmur. Qəza 1700-1800 metr dərinliyində olur və yan lülənin qazılmasına ehtiyac yaranır. Beləliklə, neft çıxarılması üçün nəzərdə tutulan kəmərə yeni bir pəncərə açılır, filter zonaları yaradılaraq neft axının gəlməsinə nail olunur. Bir neçə gün sonra yenidən həmin quyudan neft çıxarılır”.

Burada quyulardan toplanan neft yığım məntəqələrinə göndərilir, neft digər məhlullardan ayrılır və nasoslar vasitəsilə kəmərlərlə ötürülür.

Gənc mütəxəssis vurğulayır ki, qəzalı vəziyyət hər an yarana bilər, lakin mahir neftçi bu vəziyyətdən çıxmağı bacarmalıdır, ustalıq isə həmin anda qərar verə bilməkdir:

“Qəzalı vəziyyət qaçınılmazdır. Neftçinin işi bu cür vəziyyəti aradan qaldırmaqdır. Bunun üçün hər bir avadanlıq mövcuddur. Belə bir vəziyyət yaranarsa rəhbərlik əraziyə gələnə qədər neftçi özü qərar qəbul etməlidir. O, hiss etməyi bacarmalıdır.

Xüsusilə, işin ahənginə diqqət yetirməlisən. Məsuliyyətdən kənar hərəkət etməməlisən, əks halda işçilərin də həyatını təhlükəyə ata bilərsən.

Nəzərə almaq lazımdır ki, qəza nəticəsində quyunun bağlanması həm gündəlik ziyanla, həm də bura qoyulan vəsaitin batması ilə nəticələnə bilər”.

Gənc neftçi bildirir ki, bu gün sıfırdan qazmaq əvəzinə yan lülə qazma üsulu köhnə quyulara ikinci nəfəs gətirilir və hasilat da əvvəlkinə nisbətən artır, bununla da “ölü quyu”ları belə canlandırmaq olur.

Sahədəki istismarı dayandırılmış neft quyularını özünəməxsus şəkildə təsvir edən Saleh deyir:

“Necə ki, insan həyatını itirəndə dəfn olunur və ona baş daşı qoyulur, burada da istismarı dayandırılan quyuların səliqəli şəkildə üstü qapadılır və işarə qoyulur. Lakin bu, o demək deyil ki, həmin ərazidən bir daha neft çıxarıla bilməz.

Bildiyiniz kimi, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından sonra ən zəngin yataq “Qarabağ” yatağıdır. “Əsrin müqaviləsi” bağlandıqdan sonra “Qarabağ” yatağının ehtiyatları öyrənilməyə başlanıldı. Xarici mütəxəssislər bu yatağın o zaman səmərəli olmadığını bildirsələr də yerli mütəxəssislərimiz dördüncü dəfə qazma işləri aparıldıqdan sonra onun səmərəliliyinin təsdiq oluna biləcəyini açıqlamışdılar. İllər sonra qazıntılar nəticəsində 2020-ci ildə “Qarabağ”ın Azərbaycanın ikinci ən zəngin karbohidrogen yatağı olduğu təsdiqləndi. Prezident çıxışında 90-cı illərdə tərk etdiyimiz “Qarabağ” yatağına döndüyümüz kimi Qarabağ torpaqlarına da qısa zamanda geri qayıdacağımızın anonsunu vermişdi. Elə də oldu...”.

Saleh Rəhmanov dostu, SOCAR-da birgə çalışdığı həmkarı və “Azneft” İB-nin şəhid olmuş əməkdaşı Şahgündüz Cabbarov ilə Vətən müharibəsində iştirak etmək üzrə könüllü olaraq hərbi xidmətə yazılıb:

“Mən və Şahgündüz SOCAR-da çalışmaq üzrə birgə hazırlaşdığımız, şirkətə birgə qəbul olduğumuz və burada birgə fəaliyyət göstərdiyimiz kimi elə çağırışlara da birgə qoşulmağa qərar verdik. Oktyabrın 10-da Şahgündüzün, oktyabrın 20-də isə mənim Vətən müharibəsində iştirakım təsdiqləndi. Döyüşlərə Qubadlıdan başladıq və bu mübarizəni uğurla davam etdirdik. Müharibənin son günlərində dostum Şahgündüzdən xəbər gəlmədiyini hiss etdiyimdə onun şəhid olduğunu anladım. O zaman bir dost kimi çıxdığımız haqq döyüşünü sona çatdırmalı olduğumu anladım və biz buna nail ola bildik, düşmənə qalib gəldik. Axırıncı döyüşlərimiz Laçında oldu. Nəhayət, düşmən üzərində qələbə çaldığımız elan olundu və dekabr ayında evə geri qayıtdım. Şirkət bizə istirahət etmək üçün vaxt ayırdı və bu dövrdə Şahgündüzün xatirəsinə onun şeirlərindən və xatirələrindən ibarət kitabın hazırlanmasında da iştirak etdim və kitab çap olundu”.

Saleh Rəhmanov Vətən müharibəsində göstərdiyi hərbi xidmətlərə görə “Laçının müdafiəsinə görə medalı” ilə təltif edilib. O, hazırda magistr təhsilini neft sahəsində nanotexnologiyalar üzrə alır və gələcəkdə yeni avadanlıqlarla hasilatda iştirak etmək istəyir.

“Bu gün Azərbaycan qitənin enerji təminatçısı rolunu oynayır. Neftçi olduğum üçün fəxr edirəm. Bundan sonra da bu sahədə xüsusi xidmətlərimin olmasını arzu edirəm. SOCAR rəhbərliyinin gəncləri dəstəklədiyini xüsusilə qeyd etməliyəm. Bu günə qədərki xidmətlərinə görə, “Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanı” ilə təltif edilmişəm və 26 yaşında bu mükafatı qazanmaq mənim üçün olduqca əhəmiyyətlidir”.

Nigar Məmmədova

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri