21 
Sen
2021
13:32
11
209
4795
Virtual karabakh

Banklar kredit və əmanət faizlərini artıracaq? - ŞƏRH

21 Sen, 2021
13:32
4795

Banklar kredit və əmanət faizlərini artıracaq? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, sentyabrın 17-də son 5 il ərzində ilk dəfə Mərkəzi Bank tərəfindən faiz artımına gedilib. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6,25 faizdən 6,5 faizə qaldırılmasına qərar verib. Bununla da, dəhlizin aşağı həddinin 5,75 faizdən 6 faizə, yuxarı həddinin isə 6,75 faizdən 7 faizə yüksəldilməsi təsdiq edilib.

Mərkəzi Bank qısamüddətli maliyyə vəsaitlərinin dəyərini müəyyənləşdirməklə iqtisadiyyatda daha uzunmüddətli faiz dərəcələrinin formalaşmasına təsir göstərir. Məhz, bu faizlərlə əhaliyə və iqtisadiyyata kredit verilir.

Mərkəzi Bank siyasət faiz dərəcəsini azaltdıqda iqtisadiyyatda faizlər aşağı düşür və bank müştərilərinin ucuz kreditlərə çıxışı, onların investisiya və istehlak aktivliyi artır. Lakin, bu, eyni zamanda pul kütləsinin artırmasına və inflyasiyaya da səbəb olur. Yəni, nəticədə istehlak bazarında qiymətlər artır.

Digər tərəfdən Mərkəzi Bankın siyasət faiz dərəcəsini artırması iqtisadiyyatda faizlərin artmasına da səbəb ola bilir. Nəticədə kredit resursları bahalaşmaqla istehlak və investisiya aktivliyi də azala bilər. Lakin, bu qərar pul kütləsini azaltmağa imkan verməklə inflyasiyanın da qarşısını alır, dolayısıyla qiymət artımının qarşısı alınır.

Bir növ Mərkəzi Bank tərəfindən uçot dərəcəsi ilə bağlı verilən qərarlar qeyd edilən və faiz dərəcəsindən asılı olan prosesləri nəzarətdə saxlamağa hesablanıb. 

Siyasət faiz dərəcəsi ilə bağlı son dəyişikliyin banklar tərəfindən əhaliyə verilən kredit faizlərinə və maliyyə institutlarının əmanətcəlbetmə siyasətinə təsirlərini Oxu.Az-a şərh edən iqtisadçı Ruslan Atakişiyev bildirib ki, bu qərarlar xüsusilə kommersiya banklarının, ümumiyyətlə, fəaliyyət göstərən bütün bankların, o cümlədən bank olmayan kredit təşkilatlarının və müxtəlif maliyyə institutlarının Mərkəzi Bankdan maliyyə vəsaitini almaq imkanlarının məhdudlaşdırılması və ya artırılması ilə bağlı olur.

Banklar kredit faizlərini artıra bilər?

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsini artırmaqda o zaman maraqlı olur ki, ölkədə fəaliyyət göstərən maliyyə institutları alternativ maliyyə mənbələri cəlb etsinlər:

“Alternativ maliyyə mənbələri dedikdə, Mərkəzi Bankdan kənar maliyyə mənbələri nəzərdə tutulur. Hazırda maliyyə institutlarının bu mənbələrdən vəsaiti cəlb etməsinə üstünlük verilir. Kənar maliyyə mənbələrinə əhalinin əmanətləri, müxtəlif maliyyə təşkilatlarının kreditləri və digər vəsaitləri daxildir.

Mərkəzi Bank bu yolla yığımların, əldə olan vəsaitlərin daha çox dövriyyəyə cəlb olunmasında maraqlıdır. Lakin iqtisadiyyatın genişləndirilməsi və kapital çatışmazlığı problemi yarandığı zaman banklar kənar mənbələrdən vəsait cəlb etməkdə çətinlik çəkirsə Mərkəzi Bank faiz dərəcələrini aşağı salmaqla bu boşluğu öz vəsaiti hesabına doldurmağa çalışır. Ümumiyyətlə, Mərkəzi Bankın faiz dərəcələrini aşağı salması mövcud faiz dərəcələrinə bu və ya digər şəkildə təsir göstərir, lakin hazırki vəziyyətdə Azərbaycanda mövcud bazarın məhdudluğu və digər məsələlər faiz dərəcələrinə böyük şəkildə təsir göstərə bilmir”.

“Hazırda ölkədə faiz dərəcələrinin artırılmasına rəvac verəcək vəziyyət yoxdur”

Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması faiz dərəcəsinin artmasına gətirib çıxarmayacaq, hazırda uçot dərəcəsi artırılmasında məqsəd bankların Mərkəzi Bankdan kənar vəsaitlərə və əhalidən yığımlara yönəldilməsidir. 

Bəs, banklar daha çox vəsait cəlb etmək üçün əmanətlərə görə faizləri artıra bilərmi? 

Mütəxəssis qeyd edib ki, banklar öz əmanətçilərindən vəsait cəlb edən zaman faiz dərəcələrini fərqli müəyyən edə bilərlər:

“Bu zaman 100 000 manata qədər olan əmanətlərin sığortalanması, eləcə də bu məbləğdən yuxarı olan əmanətlərin sığortalanması məsələsi də əmanətlər üzrə faiz dərəcələrinə təsir göstərə bilər. Hazırda bankların əmanətləri üzrə faiz dərəcələri ortalama 16,5 - 17 faiz civarında formalaşıb və bundan daha çox faiz artımına getmək sərfəli hesab edilmir. Digər tərəfdən ümumi bazarda artım olmalıdır, təkcə bir bankın qərarı ümumi artıma təsir edə bilmir”.

Xatırladaq ki, siyasət faiz dərəcəsi ilə bağlı artım bundan əvvəl 2016-cı il sentyabrın 14-də edilib və uçot dərəcəsi 9,5 faizdən 15 faizə qaldırılıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri