28 
Sen
2021
13:40
56
110
965
Virtual karabakh

SOCAR-ın Türkiyədəki şirkəti tədqiqat sahəsi ilə bağlı yeni layihəyə başlayır - FOTO

Ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən istiqamətlərdə fəaliyyətini fasiləsiz olaraq davam etdirən “SOCAR Türkiyə” dayanıqlılıq hədəflərində mühüm əlavə dəyər yaradan elmi-tədqiqatlarını (Ar-Ge) və innovativ layihələrini də durmadan genişləndirir.

Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a verilən məlumata əsasən, “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” tərəfindən Gebze Texniki Universitetinin (GTU) nəzdində yaradılan “SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi” fəaliyyətə başlayıb.

Bildirilib ki, bu layihə Türkiyənin 4691 saylı Texnoloji İnkişaf Bölgələri Qanunu çərçivəsində GTU Texnoparkında reallaşdırılacaq. İcrasına ötən il başlanılmış müştərək layihələrin inkişaf etdirələcəyi bu Mərkəzdə universitetin elmi araşdırmaları ilə “SOCAR Türkiyə”nin fəaliyyətinin inteqrasiyası təmin olunacaq, yüksək dəyər daşıyan yeni məhsul və proseslər təkmilləşdiriləcək.

Mərkəzdə katalizator analizi cihazı, avtonom hava nəqliyyatı vasitələri, nəzarət sensorları və CO2 emissiyalarından dimetil efirinin istehsalı kimi mühüm layihələr davam etdiriləcək

“SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi” universitetdən sənayeyə məlumat axınını asanlaşdırmaqla məhsuldar və dayanıqlı istehsal üçün innovativ layihələr hazırlayacaq. Universitetin təmin etdiyi elmi infrastruktur ilə “SOCAR Türkiyə Ar-Ge”-nin təcrübəsinin birləşdirilməsi sayəsində əldə olunacaq innovativ həllər müştəri məmnuniyyəti və ictimai fayda yaratmaqla yanaşı SOCAR-ın rəqabətədavamlı və dinamik inkişafına töhfə verəcək.

“SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” və GTU əməkdaşlığı çərçivəsində həyata keçiriləcək əsas layihələr sırasında neft-kimya məhsullarının istehsalında istifadə olunan katalizatorların analizini həyata keçirən və prototipi təkmilləşdirilən cihazın son variantı ilə bağlı işlərin davam etdirilməsi mühüm yer tutur. Burada həmçinin emal sənayesinin gəlirliliyində mühüm rol oynayan hidrokrekinq qurğusunun modelləşdirilməsi və optimallaşdırılması layihəsi, istehsal sahələrində texniki xidmət və təhlükəli maddə daşınması üçün nəzərdə tutulan avtonom hava nəqliyyatı vasitələrinin, istehsal proseslərində yüksək proqnozlaşdırma gücünü hədəfləyən xüsusi hesablamalı sensorunun layihələndirilməsi və istehsal tullantılarınının qiymətli məhsullara çevrilməsi məqsədini daşıyan layihələr üzərində də işlər davam etdiriləcək. Mərkəzdə istehsal tullantılarının ətraf mühitə təsirini azaldan və təkrar dövriyyəsinə imkan yaradan innovativ layihələr də inkişaf etdiriləcək.

Elm-sənaye əməkdaşlığı daha rəqabətədavamlı bir dəyər yaradacaq

“SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi” vasitəsilə eyni zamanda GTU tələbələrinin layihələri də “SOCAR-Türkiyə” mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və dəstəklənəcək, bəyənilən layihələrin müəllifləri təqaüd və proqram təminatı imkanı qazanacaq. Burada təşkil olunacaq seminarlar tələbələrin sənaye tətbiqləri sahəsində təcrübə qazanmalarına və texniki bazalarını inkişaf etdirmələrinə əlavə töhfə verəcək. Elm-sənaye zəncirindəki bütün maraqlı tərəflər üçün dəyər yaradacaq Proses Sistemləri Mərkəzi dayanıqlılıq layihələri ilə Türkiyə sənayesinin rəqabət gücünün yüksəlməsinə xidmət edəcək.

“Açıq innovasiya modeli vasitəsilə elmi araşdırma təcrübəmizi elm ilə tamamlayırıq”

“SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi”nin açılış mərasimində çıxış edən “SOCAR Türkiyə AR-Ge ve İnovasyon A. Ş.”-ın baş direktoru Bilal Quliyev bildirib ki, dayanıqlı inkişaf və strateji transformasiya üçün bu gün bütün dünyanın diqqət mərkəzində olan sahələrin əsasında elmi-tədqiqatlar və innovasiya durur:

“SOCAR-Türkiyə” daim bunu diqqət mərkəzində saxlayır, əlavə dəyərli, rəqabətədavamlı məhsulların dayanıqlı istehsalı üçün innovativ həllər yaradan elmi araşdırımalarını ildən-ilə inkişaf etdirir. “SOCAR Türkiyə AR-Ge ve İnovasyon” olaraq bu günə kimi işləyib hazırladığımız layihələrlə istər şirkətimiz, istərsə də fəaliyyət zəncirimizdəki bütün maraqlı tərəflər üçün əlavə dəyər yaratmaqda maraqlıyıq. Gebze Texniki Universiteti ilə ötən ildən bəri davam edən əməkdaşlığımız bu gün açılan yeni mərkəzimizlə daha yüksək səviyyəyə qədəm qoyur. Fikrimizcə, texnoloji bilikləri dayanıqlı inkişaf üçün həll yoluna çevirə bilən cəmiyyətlər gələcəyin ən güclü oyunçuları olacaq. Bu səbəbdən “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” və Gebze Texniki Universitetinin əməkdaşlığına mühüm əhəmiyyət veririk. Dəstək və töhfələri üçün Universitetə təşəkkür edir, tələbələrimizə və bütün əməkdaşlarımıza uğur diləyirəm. Birgə fəaliyyətimizin dayanıqlı inkişafda, elm-sənaye əməkdaşlığı sinerjisinə çox uğurlu bir model olacağına inanıram.”

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri