11 
Okt
2021
17:44
86
24
843
Virtual karabakh

Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır - FOTO

Daxili bazar araşdırması mexanizmindən faydalanmış sahibkarlıq subyektləri tərəfindən Bakı şəhərlərində ağıllı ev və bina avtomatlaşdırması sahəsində istifadə olunan avadanlıqların, Mingəçevir şəhərində isə termal kağız və yapışqan stiker kağızların istehsalına başlanılıb. Yeni istehsal sahələri ölkəmizdə müvafiq məhsullara olan tələbatın yerli istehsal hesabına təmin edilməsi və bu sahədə idxaldan aslılığın azaldılması baxımından əhəmiyyətlidir.

“ALLSMART TECHNOLOGIES” MMC-nin təsisçisi Elşad Hüseynov: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ağıllı ev və bina avtomatlaşdırması sahəsində şlaqbaum, domofon, kamera, lift idarə edilməsi, jalüz qaraj qapısı və təhlükəsizlik sistemlərinin istehsalı sahələrində daxili bazar araşdırmasının aparılması üçün müraciət etdik. Bazar araşdırmasına çəkilən xərcin 80 %-i dövlət tərəfindən ödənildi. Daxili bazar araşdırması əsasında ağıllı evlər və binaların avtomatlaşdırılmasında istifadə olunan iki yeni məhsulun istehsalına başladıq. Hazırda bu məhsullardan Bakıda və regionlarda ağıllı evlərdə və binaların avtomatlaşdırılmasında istifadə olunur. Daxili bazar araşdırması bizə müvafiq sahədə mövcud vəziyyəti və bu avadanlıqlara olan tələbatı öyrənməkdə dəstək oldu”.

“VİOLET” MMC-nin rəhbəri Rami Məmmədov: “Daxili bazar araşdırması mexanizmindən istifadə etməklə termal və yapışqan stiker kağızların istehsalına başladıq. Bununla da müvafiq məhsullar üzrə xaricdən asılılığı 40 %-ə qədər azaltdıq. Çeklərin və barkodların çapında istifadə edilən termal kağızlara tələbat böyükdür. Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı, “MilliÖn”, “Azəriqaz”, “Expressbank”, “Rahat” marketlər şəbəkəsi və s. kimi qurumlar sifarişçilərimiz sırasındadır”.

Qeyd edək ki, 2019-cu ildən etibarən KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. İndiyədək sahibkarların müraciəti əsasında 12, KOBİA-nın təşəbbüsü ilə doqquz daxili bazar araşdırması aparılıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri