27 
Okt
2021
17:48
36
540
13356
Virtual karabakh

Qanuna dəyişiklik maşınların qiymətinə təsir edəcək? - FOTO

Milli Məclisə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklə bağlı daxil olmuş yeni layihədə Azərbaycana gətirilən avtomobillərin qeydiyyatına görə rüsumun dəyişdirilməsi təklif olunur. Dəyişikliklə Azərbaycana gətirilən avtomobillərin qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq.

Avtomobillərin qeydiyyatına görə dövlət rüsumunun artırılmasının bazara təsiri, həmçinin bu dəyişikliyin gömrük rüsumlarının da artırılmasına zəmin yaradıb-yaratmayacağını müəyyənləşdirməyə çalışdıq. 

Məsələni Oxu.Az-a şərh edən nəqliyyat vasitələri üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, qeydiyyat rüsumunda dəyişiklik gömrük rüsumlarının artırılması üçün hər hansı bir zəmin yaratması və ya buna hazırlıq ehtimal deyil.

Onun sözlərinə görə, avtomobillərin qeydiyyatı ilə bağlı dövlət rüsumunun məbləğinin artırılması avtomobillərin qiymətinə təsir etməyəcək:

“Qeydiyyata görə dövlət rüsumu avtomobilin qiymətindən qat-qat aşağıdır. Avtomobillərin bahalaşmasına heç bir halda təsir edə bilməz”.

Azərbaycanda avtomobil bazarı dedikdə həm ikinci əl, həm də yeni nəqliyyat vasitələrinin nəzərdə tutulduğunu deyən Eldəniz Cəfərli əlavə edib ki, ölkəmizdə fəaliyyət göstərən rəsmi diler və distribütorlar yeni avtomobillərin qiymətini qaldırmaqda maraqlı deyillər:

“Yalnız gömrük rüsumları, mühərrik həcminə görə alınan aksiz vergisi, ƏDV olaraq faiz dərəcələri, daşınmalarda risk və xərclər yüksəldikdə qiymətlərdə artım müşahidə edilir. Faktiki olaraq qiymət artımı növbəti ildən yeni avtomobillərdə gözlənilir. Bu isə rüsumun artırılması ilə bağlı deyil. Bu, birbaşa daşınma xərclərinin artması və yeni avtomobillərin bazarda bir qədər qıtlıq təşkil etməsi ilə əlaqəlidir. Tendensiya 2022-ci ilin birinci yarısında hiss olunacaq”.

Avto-ekspert qeyd edib ki, yay mövsümündə ikinci əl avtomobil bazarında qiymətlər 5 faiz civarında artmışdı, lakin il sonuna qədər qiymətlərdə kəskin artım olmayacağı, qiymətlərin sabit qalacağı gözlənilir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri