28 
Okt
2021
13:04
62
257
2076
Virtual karabakh

SOCAR tələbələrin ingilis dili təlimlərini maliyyələşdirəcək - FOTO

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə “British Council” arasında Azərbaycanda təhsilin keyfiyyətini davamlı olaraq daha da yüksəltmək, istedadlı magistratura tələbələrinin müasir elmi ədəbiyyata birbaşa çıxışını təmin etmək məqsədilə SABAH magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi layihəsinin maliyyələşdirilməsinə dair imzalanma mərasimi keçirilib.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, eləcə də layihəyə qoşulan universitetlərin rektorları iştirak ediblər.

Sənədi “SOCAR Midstream” şirkətinin icraçı direktoru Fuad Əhmədov və “British Council”un Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo imzalayıblar.

Bildirilib ki, “British Council” tərəfindən həyata keçiriləcək 10 aylıq layihə 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin iyul ayına kimi davam edəcək. Layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin SABAH magistratura qruplarında təhsil alan 372 tələbə 150 akademik saat müddətində ingilis dili biliklərini inkişaf etdirəcəklər.

İmzalanma mərasimindəki çıxışında SOCAR-ın prezidenti Rövnəq Abdullayev tələbələrə uğurlar arzulayıb:

“Möhtərəm Prezidentimiz, gənclərin böyük dostu İlham Əliyevin göstərişlərinə əsasən, gənclərin intellektual potensialının reallaşdırılması istiqamətində fəaliyyətini davamlılıq əsasında quran SOCAR sosial sərmayə fəaliyyətində təhsil və təlimyönümlü layihələrə üstünlük verir və tərəfdaşlarını da bu layihələrə təşviq edir. Sevindirici haldır ki, “SOCAR Midstream”, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatoru kimi layihə iştirakçıları adından Sosial Sərmayə Təşəbbüsünə start verib. Bu təşəbbüsə qoşulmuş tərəfdaşlarımıza təşəkkürümü bildirirəm.

Sosial Sərmayə Təşəbbüsü çərçivəsində artıq iqtisadiyyat, biologiya və kimya üzrə dünya universitetlərində tədris olunan 8 əsas akademik dərsliyin tərcüməsinə başlanılıb. Eyni zamanda, 220 gənc üçün IBM Kibertəhlükəsizlik və Google Data Analitikası Peşəkar Sertifikat proqramı üzrə təlimlər təşkil olunub. Bu gün imzalanma mərasiminə toplaşdığımız layihə isə SABAH magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili biliklərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində gerçəkləşdirdiyimiz bu layihələrin bütün iştirakçı və təşkilatçılarını ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayıram”.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp əlavə edib ki, Azərbaycanla təhsil sahəsində uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələri var:

“British Council” burada tələbələr, alimlər və tədqiqatçıların ingilis dili və peşəkar inkişaf bacarıqlarının dəstəklənməsi sahəsində böyük işlər görür. İnanıram ki, bu yeni müqavilə SABAH magistratura qrupu tələbələrinin təhsilinə lazımi dəstəyi göstərəcək”.

“British Council”un Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo qeyd edib ki, Təhsil Nazirliyinin dəstəyi ilə “British Council” və SOCAR arasında bu yeni tərəfdaşlıq Azərbaycanda gənclərin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı ortaq ambisiyanın göstəricisidir:

“Azərbaycanın yüksək nəticələr nümayiş etdirən yeddi ali təhsil müəssisəsinin SABAH proqramı tələbələri Birləşmiş Krallığın ingilis dili biliklərinin tədrisi sahəsində qabaqcıl təcrübələrindən faydalanacaq. Bu cür hörmətli tərəfdaşlarla əməkdaşlıq etdiyimizə görə çox şadıq və SABAH proqramının bütün iştirakçılarına böyük uğurlar arzu edirik”.

Xatırladaq ki, ölkə rəhbərliyinin müəyyən etdiyi strateji kursa uyğun olaraq, SOCAR-ın sosial sərmayə layihələrinin icrasında gənclərin elmi və peşəkar inkişafına dəstək xüsusi yer tutur. Bakı Ali Neft Məktəbini təsis etməklə yanaşı SOCAR ölkədə beynəlxalq səviyyəli orta məktəb təhsilinə də dəstək verir.

Ali məktəblərdə tələbələrin həvəsləndirilməsi məqsədi ilə SOCAR-ın təqaüd proqramları həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri