28 
Okt
2021
19:17
88
29
969
Virtual karabakh

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub – FOTO

Oktyabrın 27-də öz işinə baslamış Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərcivəsində “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” və “PostCOVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” mövzularında panel müzakirələr təşkil olunub. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmilərinin, iş adamlarının, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə mövzular ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, sammit iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən dağıdılmış və talan olunmuş ərazilərimizdəki vəziyyət, eləcə də hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri diqqətə çatdırılıb. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) prezidenti Hasan Basri Kurt, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPOMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycan Sahibkarlar (İşəgğtürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov və “Dost Agriculture & Livestok Co”nun təsisçisi Abdulkadir Karagöz mövzu ilə bağlı fikirlərini bölüşüblər.     

“Post COVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” panelində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının MDB ölkələri və Avropa regionu üzrə direktoru Samir Tağıyev, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktoru səlahiyyətlərini icra edən Vüsal Qurbanov, Türkiyə “IT Valley”nin baş meneceri Sərdar İbrahimcioğlu, İnnovasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Vüsal Rüstəmov və Gənc Sahibkarlar Konfederasiyasının sədr müavini Xəyalə Məmmədova startapların inkişafı ilə bağlı müasir meyillər, pandemiya şəraitində üzləşdiyi çağırışlar, yüksək dəyərli iqtisadi artımın təmin edilməsində startapların roluna dair çıxışlar ediblər. 

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ortaq dəyərlərə əsaslanaraq müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin tətbiqi imkanları “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” mövzunda panelin əsas müzakirə istiqamətləri olub. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icra direktoru Vüsal Qasımlı və İstanbul Fond Birjasının icraçı vitse-prezidenti Güjan Gülay tədbir iştirakçılarına mövzu ilə bağlı məlumat veriblər.

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti bu gün işini panel iclaslarla və startaplarin təqdimatları ilə davam etdirəcək.

 Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri