29 
Noy
2021
12:10
162
33
2352
Virtual karabakh

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda dörd yeni qurğuda istismara hazırlıq işləri başlayır - FOTO

29 Noy, 2021
12:10
2352

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda dörd yeni qurğuda istismara hazırlıq işləri başlayır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası layihəsi çərçivəsində yaxın iki ay ərzində dörd yeni qurğuda istismara hazırlıq işləri başlayacaq.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsi məlumat yayıb.

Yeni məşəl təsərrüfatı, buxar istehsalı və suyun deminerallaşdırılması qurğuları, yeni susoyutma qurğusu və müvafiq infrastrukturların işə salınması yeni əsas emal qurğularının istehsala başlaması üçün tələb olunan yanacaq təminatına imkan verəcək və su/buxar kimi yardımçı xidmətləri təmin edəcəkdir. Məşəl təsərrüfatı fövqəladə hallarda təhlükəsizliyi təmin etmək üçün karbohidrogen maddələrinin sistemdən boşaldılması məqsədi ilə istifadə ediləcək.

2020-2021-ci illərdə tikinti sektorunda mövcud məhdudiyyətlərə və təklif sıxlığına baxmayaraq, görülən tədbirlər nəticəsində layihənin icrasında əhəmiyyətli irəliləyiş (2021-ci ilin əvvəlindən 25 %, pandemiya dövründə isə təqribən 45 %) əldə edilib. Ümumilikdə, cari ilin oktyabr ayının sonunadək layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85 %-dən yüksək olub. Cari ilin sonunadək layihənin hazırkı mərhələsi üzrə yenidənqurma işlərinin 90 %-nin tamamlanması gözlənilir. Hazırda NEZ-də istismara hazırlıq və sazlama işlərinə başlanıb, eyni zamanda 2022-ci ildə zavodda aparılacaq əsaslı və dövri təmir işlərinə fəal hazırlıq görülür.

Növbəti addım olaraq, digər köməkçi qurğuların – yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu və son olaraq, dizelin hidrotəmizləmə qurğusunun işə salınması ilə NEZ-də artıq “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaqdır. “Avro-5” dizel istehsalı üzrə işlərin 2022-ci ilin ortalarında başa çatdırılması və əsas qurğuların da həmin vaxt işə salınması planlaşdırılır. Növbəti bir il ərzində isə daha keyfiyyətli Aİ-92 benzinin istehsalı və nəhayət “Avro-5” standartına cavab verən Aİ-92 və Aİ-95 benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, pərakəndə satışa çıxarılan yanacaq enerji təhlükəsizliyinin təmin olunması üçün adətən əvvəlcədən istehsal olunur və yanacaqdoldurma şəbəkələri tərəfindən tədarük edilərək, tədricən reallaşdırılır. Odur ki, yanacaqdoldurma məntəqələrində əvvəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən gercəkləşəcək. Bu proses “Avro-5” standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər.

2020-ci ildən NEZ-in modernizasiyası, layihənin daha səmərəli idarə olunması məqsədi ilə SOCAR “Downstream” şirkətinə həvalə olunub. Beynəlxalq məsləhətçilərin iştirakı ilə inteqrasiya olunmuş layihə komandası yaradılıb və layihənin idarəedilməsinə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub. SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanı Aİ-92, dizel və təyyarə yanacağı kimi mühüm yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

NEZ-in istehsal səmərəliliyinin artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaq növləri ilə təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri