Dek
2021
09:00
338
11
3422
Virtual karabakh

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb - FOTO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Oxu.Az xəbər verir ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 kilometrdir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. İnşa edilən yolun hərəkət hissəsi 14 metr təşkil edir.  

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Artıq avtomobil yolunun ilk 11 km-lik hissəsində torpaq işləri və süni qurğuların inşası işləri bitib.

Qeyd olunan ərazinin ilk 3 km-lik hissədə yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib, yol əsası inşa edilib və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Hazırda asfalt-beton örtüyünün alt layı döşənir. 3-cü və 5-ci km-lik hissədə isə yolun genişləndirilməsi, əsasın alt və üst layının tikintisi işləri icra olunub, texnoloji ardıcıllığa uyğun olaraq digər inşaat işləri agentlik tərəfindən davam etdirilir.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su keçidi, həmçinin tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də icra olunur. Artıq layihə üzrə nəzərdə tutulan 12 dairəvi boru və 5 yolaltı keçidin inşası yekunlaşıb.

Ümumilikdə isə yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının inşası davam etdirilir, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı layın asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.

Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri