Dek
2021
17:48
111
21
1562
Virtual karabakh

Avropa İttifaqı Lənkəran-Astara iqtisadi rayonunda yeni layihənin icrasına başlayıb - FOTO

1 Dek, 2021
17:48
1562

Avropa İttifaqı Lənkəran-Astara iqtisadi rayonunda yeni layihənin icrasına başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 30-da Lənkəranda “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı”nın başlaması ilə bağlı tədbir keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin, BMT-nin İnkişaf Proqramının və Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Lənkəranda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib, Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi layihəsinin əhəmiyyətindən danışıb.

Aİ Azərbaycan Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko ölkəmizlə qurum arasında regionların inkişafı sahəsində həyata keçirilən layihələrin icrasının nəticəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev dövlət başçısının  rəhbərliyi ilə 2004-cü ildən etibarən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının rayonların iqtisadi potensialının reallaşdırılmasında, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşmasında, əhalinin rifahının yüksəlməsində xüsusi önəmini vurğulayıb, ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, innovativ sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində nail olunmuş sosial-iqtisadi inkişafın davamlılığının dəstəklənməsini təmin etmək məqsədi ilə növbəti 10 il üçün Azərbaycanın Milli Prioritetləri təsdiq edilib, iqtisadiyyatın “yaşıl” və davamlı inkişafına, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu prioritetlərin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi və aidiyyəti dövlət strukturlarının iştirakı, aparıcı beynəlxalq təşkilatlar və ixtisaslaşmış konsaltinq şirkətlərinin birgə əməkdaşlığı ilə “2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır.

Nazir müavini beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə müxtəlif proqramlar və layihələr çərçivəsində əməkdaşlığın müasir yanaşmaların tətbiqində rolunu vurğulayıb. Qeyd edilib ki, “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı” çərçivəsində “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım, “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” tvinninq və “Lənkəran regionunda meyvə-tərəvəz sektorunda rəqabətlilik, əməkdaşlıq və modernləşmənin təşviqi” qrant layihələri icra olunur. Elnur Əliyev İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin benefisiarı olduğu “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsinin Lənkəran-Astara iqtisadi rayonunun meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətini və əlavə dəyərini artırmaq baxımından önəmini, layihə çərçivəsində hər bir inzibati rayon üçün pasport və ərazi inkişaf planlarının hazırlanacağını diqqətə çatdırıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Nazirliklə Avropa İttifaqının birgə bir sıra layihələri uğurla həyata keçirdiyini, uzunmüddətli əməkdaşlığın geniş təcrübə mübadiləsinə imkan yaratdığını qeyd edib, yeni layihənin ölkəmizdə kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında əhəmiyyətli olacağını vurğulayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov  “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı” çərçivəsində “Sanitar və fitosanitar (SFS) tədbirlərin gücləndirilməsi” tvinninq layihəsi üzrə həyata keçirilən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin proqram rəhbəri Ramilə Aslanova birgə layihələr, o cümlədən “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi üzrə dövlət qurumları ilə əməkdaşlığın genişlənməsinin önəmini vurğulayb. Məlumat verilib ki, 6 il müddətinə icra olunacaq “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı”nın ümumi büdcəsi 13,5 milyon avrodur.

Sonra “Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi” layihəsinin qrup rəhbəri Vin Deyvis layihə barədə təqdimatla çıxış edib. “Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi regional ərazi planlaşdırma sisteminin təkmilləşdirilməsi, meyvə-tərəvəz sektorunda müasir yerli iqtisadi və icma əməkdaşlıq mərkəzi şəbəkəsinin yaradılması, meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətinin və əlavə dəyərinin artırılmasıdır. Ümumi dəyəri 5 milyon avrodan çox olan layihənin icra müddəti 38 aydır. 

Tədbirdə həmçinin, “Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində “Sanitar və fitosanitar (SFS) tədbirlərin gücləndirilməsi” tvinninq, “Lənkəran rayonunda meyvə-tərəvəz sektorunda rəqabət, əməkdaşlıq və modernizasiyanın təşviqi” qrant layihələrinin təqdimatları da keçirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Aİ Azərbaycan Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko tədbir çərçivəsində Lənkəran Dövlət Universitetinin tələbələri ilə də görüşüb, Avropa İttifaqının ölkəmizdə həyata keçirdiyi layihələr və onların əhəmiyyəti barədə məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri