10 
Dek
2021
12:16
29
140
947
Virtual karabakh

Orxan Məmmədov: “Səsləndirilən fikirlər gənc sahibkarların biznesini inkişaf etdirməsinə töhfəsini verəcək”

10 Dek, 2021
12:16
947

Orxan Məmmədov: “Səsləndirilən fikirlər gənc sahibkarların biznesini inkişaf etdirməsinə töhfəsini verəcək”

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Gənc Sahibkarların II Forumunda çıxış edib.

Çıxışın mətnini təqdim edirik:

“Hörmətli tədbir iştirakçıları,

İlk növbədə hər birinizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından salamlayır, gənc sahibkarların sayca 2-ci forumunun işinə uğurlar arzu edirəm.

Bu gün olduqca dinamik bir mühitdə yaşayırıq. Qlobal dəyişikliklər şəraitində yaranan yeni reallıqlara çevik reaksiyanın verilməsi üçün gənclərin iştirakı ilə bu cür tədbirlərin və müzakirələrin təşkilini olduqca vacib hesab edirik. Bu baxımdan düşünürəm ki, bugünkü tədbirin təşkili gənclərin biznes təşəbbüslərinin reallaşdırılması üzrə mövcud vəziyyətin öyrənilməsi, gənclərin təkliflərinin dinlənilməsi və onların sahibkarlıq fəaliyyətinə təşviqi baxımından əhəmiyyətli olacaq.

Qlobal dünyada baş verən və həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər yeni çağırışlar yaratmaqla, yeni hədəflərin müəyyən edilməsini zəruri edir. Bu hədəflərdən irəli gələn vəzifələrin həyata keçirilməsi, mövcud ehtiyacların qarşılanması istiqamətində bir sıra tədbirlərin reallaşdırılması mühüm aktuallıq kəsb edir.

Gənclər siyasəti sahəsində əldə edilən uğurlar dövlətimizin ümumi inkişaf səviyyəsini, siyasi, iqtisadi potensialını müəyyənləşdirən vacib amillərdir. Gənclərin ruh yüksəkliyi və fəallığı, onların ölkənin inkişafı üçün fərqli təşəbbüsləri, o cümlədən proseslərə daha yaradıcı və çevik yanaşması diqqət cəlb edir. Cəmiyyətin inkişaf proseslərində gənclərin fəallığı təbiidir, onların potensialı, enerjisi, dünyagörüşləri bu fəallığı şərtləndirən əsas meyarlardır. Bu baxımdan gənclərin dayanıqlı iqtisadi inkişaf prosesinə yaxından cəlb edilməsi, həmçinin gənclərin sahibkarlıq fəaliyyəti üçün ölkəmizdə münbit şərait yaradılıb. Gənclər arasında sahibkar düşüncə tərzinin təşviqi, gənc sahibkarların fəaliyyətinin dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməkdədir.

Bu tədbirlər sırasında ötən dövr ərzində KOBİA, Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində həyata keçirilən “Biznesini Yarat Marafonu”na xüsusilə qeyd etmək istərdim. Düşünürəm ki, sözügedən layihəyə ölkənin müxtəlif şəhər və rayonlarından cəlb olunmuş gənclərə KOBİA tərəfindən keçirilən təlimlər və göstərilən mentorluq xidmətləri onların öz bizneslərini qurması və inkişaf etdirməsi üçün faydalı olacaqdır.

Həmçinin, cari ilin dekabr ayından KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılıb. “Gənclərin biznes emalatxanası adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələlərində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində müxtəlif sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcəkdir.

KOBİA olaraq biz gənclərin sahibkarlıq fəaliyyətində onların biznes təşəbbüslərinin reallaşdırılmasında maraqlıyıq. Bu təşəbbüslərin dəstəklənməsi, eləcə də sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi KOBİA-nın fəaliyyət gündəliyində olan prioritet istiqamətlərdəndir. KOBİA-da öz biznesini inkişaf etdirmək istəyən gənc sahibkarlardan, startaplardan və biznesə başlamaq istəyən gənclərdən daxil olan müraciətlər diqqətlə təhlil olunur və onlara müvafiq dəstək xidmətləri göstərilir.

Müşahidələrimizə görə, gənc sahibkarlar, startaplar və biznes fəaliyyətinə yeni başlamaq istəyən gənclər mütəmadi olaraq öz bilik və bacarıqlarının artırılmasına daha həssas yanaşırlar. KOBİA tərəfindən bu istiqamətdə müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi kimi dəstək tədbirləri biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir. Bu məqsədlə ölkəmizin müxtəlif şəhər və rayonlarında KOBİA strukturunda 21 KOB inkişaf mərkəzi yaradılıb, KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. Sözügedən xidmətlərin göstərilməsi təcrübəli və peşəkar ekspertlər tərəfindən ödənişsiz olaraq təmin edilir. Təqdirəlayiq haldır ki, 2021-ci il ərzində KOBİM-lərin xidmətlərindən faydalananların 40%-ə qədəri gənclərdən ibarət olmuşdur. Bir məqamı da qeyd etmək istərdim ki, KOBİM-lərin gənclərin inkişafına yönəlmiş tədbirləri əsasən Gənclərin Karyera və İnkişaf Mərkəzləri, gənclərin qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir.

Gənc sahibkar və menecerlər tərəfindən innovativ texnologiyaların və yeni biznes modellərinin öyrənilməsi və daxili iş proseslərində tətbiqi üçün KOB-ların beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakı tərəfimizdən dəstəklənir. Nümunə üçün deyə bilərəm ki, “Azərbaycanda biznes menecerlərinin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində KOB-ların nəzəri və praktik biliklərinin artırılması, Almaniyanın müəssisələrində istifadə edilən idarəetmə metod və texnoloji təcrübələr barədə yerində tanış olmaq imkanı yaradılır. Bugünədək 480 sahibkar və menecer bu proqramdan faydalanıb ki, onların arasında gənclər üstünlük təşkil edib.

Cari dövrdə bilik və bacarıqların artırılması istiqamətində KOBİA tərəfindən video təlim platformasının fəaliyyətə başlaması təmin edilib. Video təlim platformasında qeydiyyatdan keçməklə 180 təlim videosunu izləmək mümkündür. Artıq 250-dən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxs video təlimlərdən faydalanıb. Özünüqiymətləndirmə testləri vasitəsilə qazanılmış biliklərin yoxlanılması, mövzuların peşəkar təlimçilər tərəfindən izah olunması və ödənişsiz istifadə imkanı video təlim platformasının başlıca üstünlükləridir. 

Müasir biznes modellərinin inkişafının dəstəklənməsi məqsədilə KOBİA tərəfindən təmin edilən infrastruktur ilə bağlı onlayn satış platformasını xüsusilə qeyd etmək istərdim. Kobmarket.az saytı KOB-lar arasında elektron ticarətin genişləndirilməsi və satış imkanlarının artırılması üçün əhəmiyyətli resursdur.

Daha bir dəstək mexanizmi, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Düşünürəm ki, bu dəstək tədbiri ölkəmizdə KOB-ların inkişafına müsbət təsir göstərməklə, bu sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsində gənc sahibkarların da rolunu artıracaq. 2021-ci il ərzində Agentlik tərəfindən təşkil olunmuş 1-ci müsabiqəyə təqdim edilmiş layihələrdən 15-i maliyyələşdirilib. Sevindirici haldır ki, ilk müsabiqə qalibləri arasında gənc sahibkarlarımız və startaplarımız da var. Hazırda 2-ci müsabiqəyə layihələrin qəbulu davam edir. Hər bir layihə üçün maksimum 20 min manat həcmində vəsait ayrılır. Gənc sahibkarlarımızı və startaplarımız bu müsabiqədə fəal iştirak etməyə dəvət edirəm.

Bir məsələni də vurğulamaq istərdim ki, son illərdə gənclər xüsusi olaraq rəqəmsal texnologiyalara əsaslanan məhsul və xidmətlərə daha çox meyillidirlər. Bununla bağlı, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Bugünədək 27 sahibkarlıq subyektinə şəhadətnamə verilib. Startap şəhadətnaməsi əldə edənlərin 50 %-ə qədəri gənc startaplardır.

Qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın, innovativ məhsul və xidmətlərin yaradılmasının stimullaşdırılması üçün daxili bazar araşdırmasının aparılmasına KOBİA tərəfindən dövlət dəstəyi göstərilir. Bildiyiniz kimi, pandemiya kimi qeyri-müəyyən dövrlərdə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Bugünədək mikro və kiçik sahibkarların müraciəti əsasında 16 daxil bazar araşdırmasına dövlət dəstəyi göstərilib.

Həmçinin, bir sıra zəruri sahələr üzrə KOBİA tərəfindən də 25 daxil bazar araşdırması aparılıb və bunlar Agentliyin internet səhifəsində yerləşdirilir.

Gənc sahibkarların, startapların, biznes fəaliyyətinə başlamaq gənclərin bu dəstək mexanizmlərindən faydalanmasını məqsədəuyğun hesab edirik.

Gənclərin inkişafı istiqamətində həyata keçirilən “KOB Könüllüləri” Proqramının uğurları barədə məlumatları Sizinlə bölüşmək istərdim. Ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, ölkə gənclərinin həyat tərzinə çevrilmiş könüllülər hərəkatına öz töhfəsini verən qurumlardan biri də KOBİA-dır. Bu gün ölkədə fəaliyyət göstərən müxtəlif könüllü hərəkatları arasında KOBİA-nın “Kiçik və Orta Biznes Könüllüləri” xüsusilə seçilir. Agentlik yarandığı gündən etibarən könüllülərlə sıx əməkdaşlıq edir və bu sahədə yaranmış müsbət təcrübəni inkişaf etdirir. Proqramın məqsədi gənclərin dünyagörüşlərinin genişləndirilməsi, ixtisas biliklərinin artırılması, onlara peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanmasıdır. Könüllülük fəaliyyətində iştirak edən şəxslər müvafiq olaraq, Agentliyin struktur bölmələrində könüllü xidmətə cəlb olunur. 2021-ci ildə 150-yə yaxın gənc, indiyədək isə 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq bilik və təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. “KOB könüllüsü” olmuş bir sıra gənclər artıq müxtəlif dövlət və özəl müəssisələrdə, o cümlədən KOBİA-da əmək fəaliyyətinə başlayıblar. 2021-ci ildə 2 könüllü gənc, ümumilikdə isə 11 könüllü gənc Agentlikdə işlə təmin olunub.

Gənc sahibkarları, startapları, öz biznesini qurmaq istəyən gəncləri bu dəstək mexanizmlərindən yararlanmağa çağırıram. İnanıram ki, forum çərçivəsində gənclər öz inkişaf və fəaliyyətləri üçün faydalı məlumatlar əldə etməklə, yeni layihələrə başlamaları və inkişaf etdirmələri üçün stimul qazanacaqlar. Yeni çağırışlar şəraitində forum gənclər üçün yeni perspektivlər və imkanlar yaradacaq. Həmçinin, forum çərçivəsində gənclərin inkişafı istiqamətində dəyərli təkliflər və layihələr üzərində yeni müzakirələrimiz olacaq. Eyni zamanda, ümid edirəm ki, bu gün burda səsləndirilən fikirlər və təkliflər hər birimiz üçün əhəmiyyətli olmaqla gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına, gənc sahibkarların biznesini inkişaf etdirməsinə töhfəsini verəcək, gənclər siyasətinin həyata keçirilməsində iştirak edən qurumların fəaliyyətinə öz müsbət təsirini göstərəcəkdir. 

Diqqətinizə görə təşəkkür edirəm”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri