18 
Yan
2022
10:44
121
25
3274
Virtual karabakh

Sərhədsiz ideyalar, üç həftəlik əziyyət və möhtəşəm sənət əsəri - REPORTAJ + FOTO

18 Yan, 2022
10:44
3274

Sərhədsiz ideyalar, üç həftəlik əziyyət və möhtəşəm sənət əsəri - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda mebel sənayesində yeni bir dövrə qədəm qoyulub. Daha az yer tutan, israfa yol vermədən hazırlanan, yenidən emal edilə bilən və daha çox funksional olan məhsulların hazırlanmasına xüsusi diqqət göstərilir. İndi dizaynerlər bu mövzuda sərhəd tanımırlar.

Dünyada təbii olan hər şeyin tükənmə riski ilə qarşı-qarşıya qaldığı dövrdə kifayət qədər keyfiyyətli məhsullarla iş aparılır ki, onları yenidən emal etmək mümkün olsun.

Son 2-3 il ərzində taxta məhsulları korlamadan, israfa məruz qoymadan, olduğu kimi əyrilikləri, çıxıntıları, çürükləri ilə birgə daha da gözəlləşdirən şəffaf bir məhluldan istifadə edilməyə başlanıldı. “Epoxy” adlandırılan məhsulun tətbiqi ilə mebel sənayesinə yeni nəfəs gətirilib.

Təbiətin ən gözəl elementlərini - açıq səmanı, dənizi, dağları və ağlınıza gələ biləcək hər şeyin mebelin üzərində təsvirini yaratmaq mümkündür. Məhlul həm taxtanın təbii gözəlliyini saxlayır, həm də əks olunan təsvirlər daha effektiv görünməklə qalıcı olur. Üstəlik məhsulun içərisində müxtəlif gülləri, meyvələri və s. digər bu kimi canlı elementləri olduğu kimi saxlamaq mümkündür. 

Azərbaycanda son bir ildə mebel məhsullarında “epoxy”dən istifadə artıb. Kiçik məişət aksesuarlarından tutmuş, qəhvəaltı stol və iri masalar hazırlanır. Bu yenilik mebel sənayesini daha da maraqlı, rəngli və ideyaları sərhədsiz edir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, rəssam-dizayner Nərgiz Hüseynova “epoxy”dən istifadə edərək taxtadan olan mebellərə xüsusi detallar əlavə edir. O, sadəcə “epoxy”dən istifadə etmir, bu, sadəcə onun işinin sonuncu halqasıdır.  

Nərgiz deyir ki, onun müəllimi “YouTube” olub və artıq bir ildən çoxdur ki, bu işlə məşğuldur:

“Vitraj, keramika, şüşə üzərindəki işlər həmişə diqqətimi çəkib. Sosial mediada “epoxy”dən hazırlanan işlərlə qarşılaşırdım və diqqətimi çəkirdi. Əvvəlcə maraq üçün izləyirdim. Sonra bu işlə məşğul olmağa qərar verdim. Bütün materialları aldım və başladım. İlk iş çox gözəl alındı. Amma sonra o qədər səhvlər oldu ki... Bu işin texnikası var imiş, vaxt keçdikcə öyrəndim”.

Rəssam-dizaynerin sözlərinə görə, məhlulun kiloqramı təxminən 35 manat civarındadır və baxmayaraq ki, dünyada bir çox ölkədə artıq illərdir ki, istifadə edilir, lakin ölkəmizdə son bir ildə daha məşhurdur:

“Bu məhlulu Azərbaycanda satan yerlər çox azdır. Lazımi avadanlıqları “Instagram” vasitəsilə bu işlə məşğul olan şirkətlərdən əldə edirdim. Elə oldu ki, material lazım oldu və hazırda çalışdığım şirkətə yazdım. Onlar mənə “epoxy”ni nə üçün istədiyimi soruşdular - stol üçün, yer üçün və ya dekorativ əşyalar üçün? Bunlar arasında fərqlər olur. Mənə o zaman dekorativ qablar və sinilər üçün lazım idi. Hazırda çalışdığım şirkət mənim əl işlərimlə maraqlandı. Daha sonra işlərimi bəyəndiklərini bildirdilər və əməkdaşlıq təklif etdilər”.

Nərgiz deyir ki, indi bazarda çox adam var, lakin kim ki, bacarmır, bu işdən dərhal aralanır, çünki düşündüyünüz qədər asan deyil, rəssam işi ilə yanaşı texnikanı da bilmək lazımdır. 

Onun sözlərinə görə, xüsusilə yaşlı ağacların üzərində işləyirlər və bu günə qədər üzərində işlədikləri ən yaşlı ağacın 180-nə yaxın yaşı olub:

“Ağacın üzərindəki halqaları saydıq. Bəli, tənbəllik etmədik və 180-ə yaxın halqa saydıq. Maraqlısı onda idi ki, bu ağacı yonan zaman içərisindən qırmızı maye çıxırdı. Biz də onun adını “Qanayan ağac” qoyduq”.

Rəssam-dizayner vurğulayır ki, bu məhsullarla işləyərkən diqqətli olmaq lazımdır, adicə məhlulu qarışdırarkən taxtadan istifadə olunmalıdır:

“Epoxy” özü də kimyəvi elementdir. Onunla birgə qarışdırılan zaman digər məhsullar da diqqətlə seçilməlidir ki, reaksiya yaranmasın.

Mən və texniki işləri daha yaxşı bilən iş yoldaşımla birgə komanda təşkil edirik. Rəssam-dizayner işini daha çox mən görürəm, işin texniki tərəfi isə ona aiddir. Lakin indi texniki işlərlə də tanışam. Onunla paralel işləyirəm”.

Hazırlıq prosesi necə başlayır?

“İşimizin əsas hissəsi taxta üzərində qurulur. Taxta mükəmməl şəkildə yonulmalıdır. Səthi qüsursuz səviyyəyə çatdırılmalıdır. Otaq temperaturu çox vacibdir. 24 dərəcə civarında olmalıdır. Nə az, nə çox... Əgər otaq temperaturu çox olarsa, ümumiyyətlə məhlul qurumur, əgər otaq çox soyuqdursa, “epoxy” çürüyür. Bu zaman səthə sərf etdiyiniz “epoxy” məhsulunu ziyan etmiş olursunuz.

Fotolarda əks olunan proses:

Əvvəlcə dəyirmi qəhvə masası üzərində gil və gipsdən dəniz sahilindəki təpələrin maketi yaradılır. “Epoxy”ni əlavə etmədən əvvəl əsas məhsul rənglənir. Daha sonra ətrafı haşiyəyə alınır ki, sulu məhlulu əlavə etdikdə haşiyə onu saxlayaraq ətrafa yayılmasının qarşısını alsın. Müxtəlif qablardakı məhlula rənglər əlavə edilir. Eyni rəngin fərqli çalarları seçilir ki, istənilən rəsm effekti yaransın. Beləliklə mərhələ ilə masanın üstü “epoxy” ilə doldurulur. Daha sonra istənilən “ləpə” effektini almaq üçün texniki fen ilə üzərində işlənilir. İstənilən rəsmi aldıqdan sonra isə 24 saat qurumağa qoyulur. Bitmiş məhsul quruduqdan sonra cilalama edilir. 

“Epoxy”dən hazırlanan ən balaca aksesuar açarlıqdır. Daha sonra fincan altlıqları, sinini misal göstərə bilərik. Bunlar 10-15 manatdan başlayır. Qəhvə altlıqları 300-400 manatdan, stollar isə 500-600 manatdan başlayır. Bəzən müştəri tələsir, bir həftə içində hazır istəyir məhsulu, bəzən isə bir ay vaxt verir. Bu vaxt məsələsi də məhsulun qiymətinə təsir edir”. 

Nərgiz deyir ki, bu vaxta qədər “epoxy” ilə işlədikləri ən dəyərli məhsul üç metr uzunluğundakı masa olub və hazırda 9000 manata satışdadır. Onun sözlərinə görə, bu, komanda işi idi:

“Masanı tamamlamaq üçün 3 həftə kifayət edirdi, lakin müştəri bizə kifayət qədər vaxt vermişdi və biz onu hissə-hissə işləyirdik”. 

Bir masanı neçə gün ərzində hazır etmək olur?

“Əslində, 10 gün ərzində bir masanı hazır etmək olar. Lakin, onun altlığı da var. Onun forması müəyyən edilib, sifariş edilməlidir. Daha sonra masanın üstünün lakı var, cilalaması var... Cilalama zamanı məhsul tamamilə hamar edilir. 

“Epoxy”dən istifadə etməklə divar rəsmləri də hazırlamaq mümkündür. Onların hazırlanması zamanı gildən, gipsdən, akril boyalardan, slikon yapışdırıcıdan və “epoxy”dən istifadə olunur.

Amma o qeyd edir ki, bəzi maddələrdən boya kimi istifadə etmək olmaz. Çünki onlar “epoxy” ilə reaksiyaya girdikdə istənilən rəng alınmır. Bu da işin texniki sirlərindəndir.  

Nigar Məmmədova
FOTO: Rəşad Mehdiyev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri