21 
Yan
2022
16:28
25
502
2271
Virtual karabakh

Hökumət bahalaşmanın qarşısını almaq üçün hansı tədbirləri görür? – ŞƏRH

21 Yan, 2022
16:28
2271

Hökumət bahalaşmanın qarşısını almaq üçün hansı tədbirləri görür? – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qlobal istiləşmə, quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Azərbaycanda bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Bununla belə, orta illik inflyasiya 6,7 %, o cümlədən ərzaq inflyasiyası 8,1 %, qeyri-ərzaq inflyasiyası 5,1 % təşkil edib, inflyasiyanın illik səviyyəsi 12 % olub. Çünki ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərini yüksəldib”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

Deputatın sözlərinə görə, 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub.

“Məsələn, dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45 %-dən çox artım baş verib. 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb. Ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2024-cü ilədək uzadılıb. O cümlədən iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb” - deyə Tahir Mirkişili əlavə edib.

Komitə sədri qeyd edib ki, bu kompleks tədbirlərə baxmayaraq, buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb.

“Amma hökumət süni qiymət artımına imkan verməmək üçün qabaqlayıcı tədbirlər görür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib və respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır. Digər tərəfdən, bahalaşmanı nəzərə alaraq Prezidentin tapşırığına uyğun olaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılmasının ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək.

Eyni zamanda haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısının alınması, istehlak bazarına antiinhisar nəzarətinin gücləndirilməsi haqda tapşırıq verilib. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini də hökumətə təqdim etmələri tapşırılıb. “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı antiinflyasiya tədbirlərinin daha ardıcıl və davamlı həyata keçirilməsini təmin edəcək. Beləliklə, Azərbaycanda antiinflyasiya tədbirləri 2022-ci ildə daha da gücləndiriləcək”, - deyə Tahir Mirkişili fikrini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri