24 
Yan
2022
12:40
7
267
2985
Virtual karabakh

Azərbaycan iqtisadiyyatı hara gedir?

24 Yan, 2022
12:40
2985

Azərbaycan iqtisadiyyatı hara gedir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son iki il müasir tarixin bəlkə də ən mübahisəli və dumanlı dövrlərindən biridir. Dünya bazarının strukturunda ayrı-ayrı elementləri milli iqtisadiyyatlar olan tektonik dəyişikliklər baş verir ki, bunlar da dövrün yeni çağırışlarının təsirinə məruz qalır. Əsas bazarlarda tələbin strukturu dəyişir, avtomobil istehsalı, təyyarə istehsalı, beynəlxalq turizm, beynəlxalq logistika, pərakəndə satış, əyləncə, restoran və digər biznes növləri kimi qabaqcıl sənayelərin transformasiyası baş verir.

Formal olaraq, bunda koronavirus pandemiyası günahkardır. Ancaq məsələnin yalnız bununla bağlı olduğuna inanmaq sadəlövhlük olardı.

Ayrı-ayrı ölkələr və onların ittifaqları pandemiya dövrünün sonundan sonra baş verəcək iqtisadi yarışda geri qalmamaq və imkan təqdirində irəli getmək üçün mümkün olan hər şeyi edirlər. Çox uzatmadan demək olar ki, ölkələr, obrazlı desək, dünya iqtisadi müharibəsinə cəlb olunublar.

Bu yazıda biz bu məsələnin çox da təfərrüatına varmayacağıq, yalnız ölkəmizin iqtisadiyyatı üçün birbaşa əhəmiyyət kəsb edən tərəfinə toxunacağıq.

Dünya bazarlarında ciddi qeyri-müəyyənlik dövrünə qədəm qoyduğumuzdan, dünya ticarət və investisiya münasibətlərinin necə olacağı ilə bağlı sual yaranır. Biz Avropa, ABŞ və Cənub-Şərqi Asiya kimi əsas regional bazarların özünütəcrid, proteksionizm və ticarət müharibələri kursuna keçmələri kimi kifayət qədər qorxulu tendensiyasını müşahidə edirik.

Bizim tipdə və böyüklükdə olan ölkələrin təkcə daxili tələbata yönəlmiş iqtisadi inkişaf modeli qurmaq imkanları yoxdur. Davamlı ÜDM artımı üçün xarici tələb əsas rol oynayır. Ona görə də dünya iqtisadiyyatına intensiv inteqrasiya ölkənin gəlirlərinin daimi artması üçün ən mühüm ilkin şərtdir.

Digər məsələ - bu inteqrasiyanın keyfiyyətidir, yəni ölkənin qlobal əlavə dəyər zəncirinə nə dərəcədə dərindən cəlb olunacağıdır ki, bu da iqtisadiyyatın xammal ixracından (yalnız neft və qazdan yox) asılılığını minimuma endirəcək. Burada son məhsulun, o cümlədən ixrac üçün nəzərdə tutulan məhsulların istehsalında yerli kontentin payının artması da son dərəcə mühüm amildir ki, bu, qlobal konyunkturada baş verən dəyişikliklərin daxili iqtisadiyyata təsirini azaldacaq.

Bunun bariz nümunəsi hazırkı qlobal ərzaq qiymət böhranıdır. Kimisi bunu ölkədə strateji ehtiyatları artırmaq üçün ərzaq alışını kəskin artıran Çinin hədsiz iştahasının nəticəsi hesab edir, kimisi arqument kimi iqlim kataklizmlərini göstərir, kimisi isə bunun səbəbini logistik zəncirlərin qlobal uğursuzluğunda, yaxud da birjalardakı oyunda görür. Amma necə olursa-olsun, fakt faktlığında qalır: 2020-ci ildən bəri dənli bitkilər, şəkər, ət və yağ kimi əsas ərzaq məhsullarının dünya qiymətləri təxminən 1/3 artıb.

Azərbaycan müxtəlif dərəcədə öz daxili bazarını demək olar ki, bütün növ ərzaq məhsulları ilə təmin edən kifayət qədər diversifikasiya olunmuş kənd təsərrüfatı istehsalçısıdır. Ölkədə ərzaq istehsalının strukturu əsasən kənd təsərrüfatı torpaqlarının milli fondu və müəyyən dərəcədə iqlim şəraiti ilə müəyyən edilir. İxtiyarımızda olan kənd təsərrüfatı torpaqlarının həcmi iki milyon hektardan azdır, həmçinin mövsüm ərzində təbii yağıntıların zəmanətsiz həcminə görə əlavə suvarmaya ehtiyac duyması faktına görə Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsi riskli əkinçilik zonası hesab edilir, bu da onun qida istehsalının ixtisaslaşması və diversifikasiyası əsasında inkişaf yolunu müəyyən edir.

Sadə dillə desək, bazarımızı ucuz ətlə doldurmağı qarşımıza məqsəd qoyuruqsa, biz yem və ərzaq məhsullarının idxalını artırmalıyıq. Və ya əksinə.

Əgər biz tərəvəz və meyvə istehsalına fokuslanacağıqsa, o zaman biz ixrac bazarlarını fəal şəkildə inkişaf etdirməli və digər əmtəə məhsullarının səmərəli idxalı haqqında düşünməliyik.

İstənilən halda, yaxın gələcəkdə beynəlxalq qiymət artımı mühiti bizə birbaşa təsir edəcək, son nəticədə özünü istehlak səbətində göstərəcək.

Digər tərəfdən, hökumət bu yaxınlarda qeyri-neft ixracından gələn gəlirlərin əhəmiyyətli dərəcədə artdığını bildirdi. Bu da eyni prosesin digər tərəfidir.

Əsasən kimya və tikinti sənayesində fəaliyyət göstərən azərbaycanlı istehsalçılar xarici bazarlarda əlverişli qiymət və tələb mühitindən istifadə edərək bir sıra mövqelərdə ixracı genişləndiriblər.

Ancaq biz unutmamalıyıq ki, bu gün xarici konyunktura gözlənilməzdir və biz onun yenidən dəyişəcəyi təqdirdə nə edəcəyimizi düşünməliyik.

Mövcud vəziyyəti beynəlxalq münasibətlərdə iqtisadi eqoizm dövrü kimi xarakterizə etmək olar.

Ölkələr bir-birinə güvənmir, onların hər biri öz ölkəsinin maraqlarını, risklərini düşünür. Bir çoxları açıq ticarətə gizli və ya açıq şəkildə müxtəlif texniki maneələr yaradır. Misal üçün: ixrac rüsumları, artan liman haqları, sanksiyalar və sair. Məqsəd bazarda üstünlük əldə etmək, inzibati resursun köməyi ilə rəqibi üstələməkdir.

20-ci əsrdə Ümumdünya Ticarət Təşkilatı və qloballaşmanın digər alətləri vasitəsilə fəal şəkildə irəliyə doğru hərəkət etdirilən azad ticarət prinsipləri bu gün acınacaqlı vəziyyətdədir.

Dünyada şahmatda “Suqsvanq” adlanan vəziyyət yaranıb. Bu termin (“Suqsvanq” gedişin edilməsinə məcburiyyət) o deməkdir ki, alternativ addımlar atmaq mümkün olmadıqda hökumətlər pis və yaxud daha pis seçim etmək məcburiyyəti qarşısında qalır.

Bu vəziyyətin nə qədər davam edəcəyini söyləmək çətindir, lakin biz bugünkü qərarların nəticələrini həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə qarşıdakı onilliklər ərzində hiss edəcəyik.

Yuxarıda deyilənlər bizi birmənalı nəticəyə gətirib çıxarır - bu gün ağlabatan iqtisadi siyasət ehtiyatlılıq və mühafizəkarlıqdır.

Bizə cari və gələcək qlobal, regional çağırışların iqtisadiyyatımıza mənfi təsirlərini azaltmaq, qiymət artımının və gəlirlərin azalmasını Azərbaycan vətəndaşlarına mənfi təsirinin minimal olmasını təmin etmək çox vacibdir.

Davamında Azərbaycan iqtisadiyyatı üçün şok terapiyası və sarsıntılar olmadan onun orta və uzunmüddətli artım mənbələrini təmin etmək lazımdır. Çünki qeyd etdiyimiz sarsıntılardan əhalinin ən müdafiəsiz təbəqəsi əziyyət çəkir.

Hazırkı, mənfi beynəlxalq konyunktura şəraitində buna necə nail olmaq olar? Tapşırıq mürəkkəbdir və kompleks yanaşma tələb edir.

Hökumət hazırda müzakirələrin son mərhələsində olan İqtisadi İnkişaf Planı hazırlayıb. Onun əsas postulatları yuxarıda qeyd olunun məqamlara uyğundur. Və əgər onları iki əsas hissəyə bölsək, bu planın iki mesaj ətrafında qurulduğu aydın olur - Optimallaşdırma və İnkişaf.

İqtisadi sabitliyin qorunması və vətəndaşların davam edən qlobal böhranın nəticələrindən qorunması ilə bağlı ilk mesaj iqtisadiyyatın idarə edilməsinin səmərəliliyinin artırılmasına və optimallaşdırılmasına yönəlib.

Qarşıdakı illərdə əsas diqqət və bu səmərəliliyin mənbəyi dövlət şirkətləri olacaq. Onların ölkə iqtisadiyyatında sistem yaradıcı rol oynaması sirr deyil. Və yadda saxlamaq lazımdır ki, bir çox hallarda bu şirkətlərin rolu iş yerlərinin qorunmasında, əhaliyə əsas xidmətlərin göstərilməsində, dövlət siyasətinin və səylərinin dəstəklənməsində mühüm rol oynayır. Dövlət şirkətləri iqtisadiyyatın sabitləşdirici aləti kimi mühüm əhəmiyyət kəsb edir, eyni zamanda, onların gəlir və xərc baxımından səmərəli olmaması da sirr deyil. Cənab Prezident dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini və şəffaflığını artırmaq üçün hökumət qarşısında konkret vəzifələr qoyub. Dövlət şirkətlərində daxili istifadə olunmayan resursları üzə çıxarmaq və onları iqtisadiyyatın xeyrinə yönəltmək – bu, hökumətin iqtisadi komandasının hazırkı səylərinin və İqtisadi İnkişaf Planının məqsədidir.

Digər məsələlər bloku iqtisadi idarəetmə sisteminin optimallaşdırılması ilə əlaqədar, qanunvericilik və inzibati islahatların davam etdirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl investorların stimullarının gücləndirilməsi ilə bağlıdır.

Başlıcası isə qanunvericiliyin və dövlət institutlarının köhnəlmiş və səmərəsiz norma və təcrübələrdən təmizlənməsini davam etdirmək, səmərəliliyini sübut edən müasir dünya təcrübəsini ölkəmizə gətirməkdir. Planın əhəmiyyətli hissəsi buna həsr olunub və bu, gələcək illər üçün böyük həcmdə işdir.

Planın ikinci əsas istiqaməti İnkişafdır və onun əsas alətləri aşağıdakılardır:

- inkişaf layihələri, yəni həm də dövlət-özəl tərəfdaşlıq çərçivəsində iqtisadi artıma nail olmaq üçün dövlət tərəfindən dəstəklənən təşəbbüslər;

- rəqəmsallaşma, innovativ inkişaf,

- dövlət layihələrinə əhəmiyyətli dərəcədə cəlb edilməsi, eləcə də ixrac da daxil olmaqla açıq bazardakı səylərini dəstəkləməklə, kiçik biznes də daxil özəl sektora dəstək.

Baxmayaraq ki, Plan bütün ölkəni əhatə edir, onun əsas diqqət mərkəzi və bir sıra əsas inkişaf layihələrinin mənbəyi azad edilmiş ərazilərdir. Məhz orada yeni yanaşmalar formalaşacaq və müasir həllər sınaqdan keçiriləcək. Ölkəni işğaldan azad edilmiş torpaqlarda yeni iqtisadiyyat yaratmaq və onları bütün iqtisadiyyat üçün artım və innovasiya lokomotivinə çevirmək kimi unikal problem və şans gözləyir.

Plan çox təfərrüatlıdır və çoxlu sayda təşəbbüsü ehtiva edir. Onların bir çoxu tamamilə yenidir və bir sıra ideyalar uzun müddətdir müzakirə olunur. Bu təfərrüatın məqsədi iqtisadiyyata kumulyativ müsbət təsir göstərəcək çoxlu sayda əlaqələndirilmiş səy vasitəsilə onu irəliyə doğru itələyərək, sistemin tarazlıq vəziyyətində saxlanması üçün yuxarıda qeyd edilmiş ehtiyacdır. Bu planın daha bir özəlliyi ondan ibarətdir ki, o, hökumət daxilində öz miqyasında görünməmiş müzakirələr kontekstində hazırlanıb. Ölkənin bütün nazirlikləri və idarələri həm sektorial, həm də ümumi müzakirələrdə fəal iştirak ediblər. Bu məhsul öz təbiətinə görə kollegial xarakter daşıyır və hökumətin iqtisadi blokunun bütün səviyyələrində reallıqları əks etdirir. Bu, planın bütün təfərrüatı ilə mümkün və real olduğuna daha bir zəmanətdir.

Beynəlxalq iqtisadiyyatın həddindən artıq gözlənilməzliyi şəraitində milli iqtisadiyyatın sabitliyini qorumaq, eyni zamanda, onun artımına şərait yaratmaq  və böyüməsini dəstəkləmək, çətin, lakin həyata keçirilə bilən tapşırıqdır. Xoşbəxtlikdən, Prezidentimiz dünyanın ən təcrübəli və uzaqgörən siyasətçilərindən, idarəçilərindən biridir. Və onun rəhbərliyi altında biz bu vəzifənin öhdəsindən gələcəyik.

Azər Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri