25 
Yan
2022
18:44
23
197
1343
Virtual karabakh

İslahatlar DSMF-in büdcədən asılılığını azaldıb: Neft Fondu üzrə də buna nail ola bilərikmi?

25 Yan, 2022
18:44
1343

İslahatlar DSMF-in büdcədən asılılığını azaldıb: Neft Fondu üzrə də buna nail ola bilərikmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərovun yazır...

Son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində xüsusən büdcə-vergi (fiskal) siyasəti sahəsində dəyişikliklərin nəticəsi daha çox diqqəti cəlb edir. Söhbət, qeyri-neft sektorundan, gəlirlərin artmasından və s. deyil, bir sıra vacib fondlara transfertdən və mədaxildən, daha da konkretləşdirsək, söhbət Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxil olan köçürmədən gedir.

Neçə illər ərzində bütün cəhdlərə və çalışmalara rəğmən Neft Fondundan dövlət büdcəsinə transfertin artmasına baxmayaraq, pensiya fonduna büdcədən ödənişlər isə azalır. Və bu çox sevindirici haldır. Sözügedən tendensiya 2019-cu ildən etibarən müşahidə edilir, həmin o ildən ki, həmin il ölkə tarixində irimiqyaslı sosial-iqtisadi islahatlar ili kimi yadda qalıb.

Xatırladaq ki, həmin ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilərək, vergi və məcburi dövlət sosial ayırma məbləğlərinin toplanması mexanizmində yeni qaydalar təsbit olundu. 

Nəticədə həmin il ərzində, ilin ortasında dövlət büdcəsinə edilən dəyişikliklərdən biri məhz DSMF-yə nəzərdə tutulan transfertin 150 milyon manat məbləğində azaldılması oldu. 

Hansı ki, sözügedən ilə qədər heç bir ildə belə bir hadisə baş verməmişdi. Halbuki, 2019-cu ildə iki dəfə minimum pensiya məbləği artırılaraq, ilin əvvəlindən də bütün əmək pensiyaları və o cümlədən, sığorta pensiya kapitalları məbləğləri indeksləşdirilmişdi.

Bu tendensiya davamlı xarakter daşımağa başladı. Belə ki, sonrakı, yəni 2020-ci ildə dövlət büdcəsindən DSMF-yə transfert məbləği ötən ildəki azaldılmamışdan qabaqkı məbləğə nəzərən 30 faiz, ilin ortasında azaldıqdan sonrakı məbləğə görə isə 12 faiz civarında həyata keçirildi. 

Həmçinin, 2021-ci ildə, yəni keçən il də DSMF-nin maliyyə sənədini balanslaşdırmaq məqsədilə dövlət büdcəsinin öhdəliklərini maliyyələşdirilmək üçün ayrılan vəsait 1 milyard 631 milyon 530 min 950 manat nəzərdə tutulmaqla 27 faiz aşağı məbləğdə götürüldü.

Eləcə bu il üçün də, sözügedən Fondun büdcəsini balanslaşdırmaq məqsədilə dövlətin əsas maliyyə sənədindən 1 milyard 145 milyon 967 min 169 manat transfert nəzərdə tutulub ki, bu da keçən ildəki məbləğdən 30 faiz aşağıdır.

Ümumiyyətlə, DSMF-nin 2018-2020-ci illərdə dövlət büdcəsindən asılılığı 10 faizdən çox azalaraq 1 milyard 303 milyon manatdan 1 milyard 178 milyon manata düşüb. 

Bu sözsüz ki, gəlirlərin artması nəticəsində baş verdi. Göstərilən dövr ərzində DSMF-nin gəlirlərində 39 faiz və ya 1 milyard 327 milyon manat artım qeydə alınıb ki, 2020-ci ildə bu 4 milyard 748 milyon manat təşkil edib.

Sual oluna bilər, məcburi dövlət sosial sığorta ayırmaları və yaxud haqları üzrə mədaxilin artmasının səbəbi nə idi? 

Cavab sadədir, birincisi, əməkhaqqıları artırıldı, ikincisi, məşğulluq genişləndi, nəhayət üçüncüsü isə, əmək müqavilələri və yaxud münasibətlərinin leqallaşması, başqa sözlə desəm, üzə çıxması baş verdi. 

Sözügedən fonda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illər ərzində ciddi artım məhz bu səbəblərlə əlaqədar izah edilməlidir.

Sosial sığorta daxilolmalarının həcminə diqqət yetirək: 2017-ci ildə 2085,7 milyon manat, 2018-ci ildə 2327,1 milyon manat, 2019-cu ildə 2921,6 milyon manat, 2020-ci ildə 3553,2 milyon manat, 2021-ci ildə isə 3843,4 milyon manat... 

Göründüyü kimi, qeyd olunan illər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3 faiz və yaxud 1757,68 milyon manat artım baş verib. 

Bu zaman, diqqəti cəlb edən ən müsbət məqam isə ondan ibarətdir ki, qeyd olunan daxilolmaların ötən il 63,5 faizi və ya 2441,2 milyon manatı özəl sektorun payına düşüb. Bu da ki, 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5 faiz çox deməkdir.

İslahatın və xüsusən də mexanizm dəyişikliklərinin nə qədər səmərəli olduğu aydın görünürmü? 
Sözsüz ki, bəli. Ümumiyyətlə, hələ 2019-cu ildəki dəyişikliklərə və islahatlaradək dəfələrlə yazmışdım ki, məcburi dövlət sosial sığorta ödənişi üzrə mövcud mexanizmdə işçi ilə işəgötürən arasında nisbətin ədalətli şəkildə bölünməsinə nail olmasaq, ölkədə sığorta-pensiya sistemi sahəsində bir addım da olsa irəli gedə bilməyəcəyik. 

Bunu təmin etməyin yeganə çıxış yolu isə fiziki şəxslərdən gəlir vergisi üzrə müvafiq dəyişikliklərdən keçirdi. Çünki digər yol əməkhaqqılarının yüksəldilməsi idi ki, bu istiqamətdə kortəbii addımlar atmaq mümkün deyildi. 

2019-cu ilə qədər mövcud olan qaydaya əsasən ayda 2500 manata kimi gəliri olanlar üçün 3 faiz işçinin + 22 faiz isə işəgötürən üzrə nisbəti dəyişmək lazım idi. Belə ki, işçinin üzərinə düşən yükü, yəni 3 faizi artırmaqla işçini işə götürən tərəfin isə 22 faizlik yükünü azaltmaq, eyni zamanda isə  həm də işçinin gəlirini, yəni, maaşını artırmaq tələb olunurdu.

Ümumiyyətlə, bu məsələ - yəni, fiziki şəxslərdən gəlir vergisi qaydasının üzərinə getməklə sosial sığorta ödəmə mexanizmini dəyişmək 2019-cu ilədək çox gecikmiş addım idi. Çünki bu, ümumən vergi sahəsində və sistemində islahatlar tələb edirdi. Fiziki şəxslərdən gəlir vergisi dərəcələri fonunda addım atmaq tələb olunurdu ki, məhz belə də edildi. 

Sözsüz, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin maaşlarından isə 3 faiz ayırma hüquqi şəxslər üçün ağır yük sayılırdı. Paralel olaraq, gəliri 2500 manatadək olanlar üçün 14 faiz vergi ödənişi kifayət qədər böyük məbləğ idi. Digər ödənişlər də daxil, aylıq gəlirdən ümumən, 40 faizlik ödəniş yükü...

Əməkhaqqıların gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanılmaması kimi amillər də məhz bu üzdən ortaya çıxırdı. Belə ki, məhz vergi yükünün ağırlığı, sığorta-yığım sisteminin tam təkmil olmaması səbəbindən nə işəgötürəndə, nə də işçidə əmək müqaviləsi ilə işləməyə maraq yox idi və ola da bilməzdi.

Odur ki, müvafiq vergi islahatları çərçivəsində fiziki şəxslərdən gəlir vergisinə dair dəyişikliklərlə məcburi sosial sığorta ödəmələrinə aid yeniliklərin də bərabər çərçivədə götürülməsi mühüm hadisə oldu. 
Və bunun səmərəsi özünü dərhal göstərdi.

Fikrimi ona gətirirəm ki, Neft Fondu üzrə də büdcəyə hər il üzrə köçürmənin, transfertin mərhələlərlə azalmasına nail olsaq, Azərbaycan iqtisadiyyatına heç bir kənar amil təsir göstərə bilməz. 

Bunun üçün isə nə lazımdır? İslahat...

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri