27 
Yan
2022
17:40
19
410
3121
Virtual karabakh

Sergey Drozdov: “Azərbaycanda manat devalvasiyaya uğrasaydı, qiymətlər xeyli bahalaşardı” – MÜSAHİBƏ

27 Yan, 2022
17:40
3121

Sergey Drozdov: “Azərbaycanda manat devalvasiyaya uğrasaydı, qiymətlər xeyli bahalaşardı” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə ildir 1,7 AZN/1 USD səviyyəsində olan manatın dollara nisbətdə orta məzənnəsi yaxın 3-4 ildə də davam edəcək. Hər halda, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri belə düşünür. Onların fikrincə, dövlət orqanlarının valyuta bazarına məzənnənin saxlanmasına kömək edən müntəzəm müdaxilələri davam edəcək.

Rusiyalı maliyyə analitiki Sergey Drozdov Oxu.Az-a müsahibəsində qeyd edib ki, milli valyutanın dəstəklənməsi Azərbaycanın monetar orqanlarının qərarıdır:

“Dünyada belə nümunələr var. Deyək ki, Taylandın pul vahidi Tayland bahtı uzun illərdir ki, dollara möhkəm bağlanıb. Azərbaycan bu yolla getməyə qərar verib”.

- Bu yaxşıdır, ya pisdir?

- Bu, biznes və əhali üçün yaxşıdır, çünki Mərkəzi Bankın aydın siyasəti var, aydın kurs var. Sahibkarlar, xüsusən idxal-ixracla məşğul olanlar strategiya planlaşdıra bilərlər. Amma neft bazarında dalğalanmaların yaşandığı və Azərbaycan valyutasının məzənnəsi hələ də neftin qiymətini rəhbər tutduğu bir vaxtda, ölkə əsas neft istehsalçısı olduğu üçün Mərkəzi Bank açıq-aydın valyuta intervensiyaları vasitəsilə məzənnəni bərabərləşdirməli idi. Pul-kredit orqanlarının belə bir siyasəti nə vaxta qədər dəstəkləyə biləcəyi başqa sualdır, amma ümid edək ki, bundan sonra da uğur qazanacaq.

Bunun bazar tənzimlənməsi olmadığı aydındır, amma yəqin ki, bayaq qeyd etdiyim kimi hər şeydən öncə onun əhali və biznes üçün öz üstünlükləri var.

- Bəs inflyasiya? Milli valyutanın məzənnəsi sabitdir, qiymətlər isə artır...

- Çox təəssüf ki, bu, dünya miqyasında bir tendensiyadır. Rusiya Mərkəzi Bankı artıq inflyasiyanın “idxal xarakteri” daşıdığını dilə gətirib. Yəqin ki, Azərbaycan Mərkəzi Bankı da bu haqda danışıb. Və bu doğrudur. 2020-ci ildə ABŞ Federal Ehtiyat Sistemi əmtəə bazarlarına sızan, hətta ərzaq bazarlarına təsir edən sadəcə bir “pul dağı” çap etdi. Bu fərziyyələrdən və külli miqdarda puldan sonra qiymətlər göylərə qalxdı.

İndi inkişaf etməkdə olan ölkələrin bütün tənzimləyiciləri ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətini sərtləşdirməyə başlamasını gözləyir. Onlar buna hazırdırlar. Bundan əlavə, payızda ABŞ-da ölkənin Nümayəndələr Palatasına aralıq seçkilər keçiriləcək və yüksək inflyasiya fonunda prezident Cozef Baydenin reytinqi düşüb. Beləliklə, ABŞ-ın hakim Demokratik Partiyası inflyasiyaya qalib gəlməlidir. Birləşmiş Ştatlar qlobal maliyyə bazarlarından izafi likvidliyi aradan qaldıracaq, faiz dərəcələrini qaldıracaq və ola bilsin ki, vəziyyətin öhdəsindən gələ biləcəklər.

Əmtəə bazarlarında çılğın fərziyyələr dayanan kimi, ola bilsin ki, qiymətlər bir az geri çəkilə. Amma çətin ki, 2019-cu il qiymətlərinə qayıdaq.

Azərbaycan manatına gəldikdə, milli valyutanın məzənnəsinin hansı vəziyyətdə olmasına baxmayaraq, dünya bazarında, məsələn, buğdanın qiyməti qalxarsa, o zaman mağazalarda da qiymətlər qalxacaq. Rusiyada vəziyyət daha pisdir: rubl, nisbətən desək sərbəst üzmədədir, lakin zəifləmə istiqamətində üzür. Azərbaycanda isə manat devalvasiyaya uğrasaydı, mağazalarda qiymətlər xeyli baha olardı.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri