Mar
2022
10:12
408
39
11874
Virtual karabakh

Rusiya-Ukrayna müharibəsi: Bakıda 10 minlərlə əmlak aşağı qiymətə satılacaq - ŞƏRH

5 Mar, 2022
10:12
11874

Rusiya-Ukrayna müharibəsi: Bakıda 10 minlərlə əmlak aşağı qiymətə satılacaq - ŞƏRH

Rusiya-Ukrayna münaqişəsinin iki ölkə ilə yanaşı digər dövlətlərin iqtisadiyyatına təsir edəcəyi gözlənilir.

Həm Ukrayna, həm də Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ümumi ticarət dövriyyəsi yüksəkdir, xüsusilə də Rusiya ilə. Bununla yanaşı, Federasiyadan Azərbaycana investisiya qoyuluşu, pul transfertlərinin həcmi də yüksəkdir. Həmçinin Rusiyada kifayət qədər soydaşımızın yaşadığı məlumdur. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Oxu.Az-a açıqlamasında Rusiya-Ukrayna münaqişəsi fonunda rublun kəskin dəyər itirməsi, dollar qıtlığının yaşanmasının ölkəmizdə bir sıra proseslərə təkan verə biləcəyindən danışıb. 

O bildirib ki, Rusiyada yaşayan soydaşlarımız yaxın zamanda Azərbaycandakı daşınmaz əmlaklarının satışına start verəcəklər:

“Rusiyada tətbiq edilmiş sanksiyaların nəticəsi kimi artıq dollar qıtlığı yaranıb, rublun dəyəri kəskin düşüb. Rusiyada kifayət qədər azərbaycanlı yaşayır. Onların təxmini sayı 2,5 milyona qədərdir. Buradakı azərbaycanlıların böyük qismi ticarət və bizneslə məşğuldurlar. Yaranmış vəziyyətlə əlaqədar orada yaşayan azərbaycanlı sahibkarlar da ciddi problemlərlə üzləşiblər. Hazırda Bakıda əmlakları olan bu şəxslər onları qiymətləndirərək satışa çıxarmaq istəyirlər. İnsanlar orada uzun illərdir ki, iş qurublar. Bu müvəqqəti dövrdə bizneslərini saxlamağa çalışırlar. Çünki biznesləri çöksə onu sıfırdan qurmaq çətindir. Buna görə də onlar buradakı əmlaklarını satıb, biznesə yönəltmək istəyirlər”.

Ekspertin sözlərinə görə, eyni hal 2014-2015-ci illərdə devalvasiya zamanı da yaşanıb, bu illərdə Rusiyada rubl kəskin dəyər itirdiyindən orada yaşayan azərbaycanlılar kütləvi şəkildə Azərbaycandakı əmlaklarını bazar dəyərindən aşağı satışa çıxarıblar:

“Bununla da onlar Federasiyada daha yaxşı mənzil və ya qeyri-yaşayış obyekti satın alıb, pullarını digər sahələrə yönəldə bildilər. Əldə olan bizneslərin saxlanılması üçün bu ən unikal addımdır. Eyni ssenari bu günlərdə də yaşanır. Minlərlə, hətta on minlərlə əmlakın aşağı qiymətə satışa çıxarılması ümumi əmlak bazarında qiymətlərin enməsinə səbəb olacaq. Bu, digər tərəfdən tikilməkdə olan binalardakı mənzillərin satışına da mənfi təsir göstərəcək. Çünki onların maya dəyəri baha olduğundan ucuz sata bilmirlər”.

Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Rusiyadan burada əmlakını satmaq üçün çox sayda zənglər gəlir.

O qeyd edib ki, indiki şəraitdə Azərbaycana geri dönüşlər də olacaq. Xüsusilə Ukraynadan Azərbaycana gələn şəxslər kirayə bazarında qiymətlərə təsir edəcəklər:

“Daşınmaz əmlak bazarındakı araşdırmalar nəticəsində alıcıların böyük qisminin Rusiyadan olduğu müəyyən edilir. Ukraynadan alıcı qismində gələn insanların sayı çox azdır. Çünki bu ölkədə həyat yaxşı olsa da, qazandıqları pul yalnız yaşamlarına bəs edir və həmin pulu toplayıb Azərbaycanda və ya digər ölkələrdə əmlak almaq imkanına sahib olmurlar. İndiki halda Rusiyadakı proseslər Azərbaycana daha çox təsir edəcək. Hazırda Rusiyadan əmlakını dəyərləndirib satmaq istəyənlərdən çoxlu sayda zənglər daxil olur”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri