14 
Apr
2022
02:03
76
112
1894
Virtual karabakh

“Twitter” səhmdarı Maskı məhkəməyə verib

14 Apr, 2022
02:03
1894

“Twitter” səhmdarı Maskı məhkəməyə verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlon Mask “Twitter” səhmlərini aldığı üçün məhkəməyə verilib. İddiaçı Mark Bein Rasellanın sözlərinə görə, “Tesla” və “Space X”in baş direktoru səhmlərin alınması zamanı qanunsuzluqlara yol verib, bu da bəzi səhmdarları zərərə salıb.

Onun sözlərinə görə, Mask səhmləri hələ yanvarda almağa başlayıb və martın 14-də o, artıq şirkətin səhmlərinin beş faizindən çoxuna sahib olub. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının qaydalarına uyğun olaraq, o, beş faizlik həddi keçdiyi barədə on gün ərzində, yəni martın 24-dək agentliyə məlumat verməli idi.

İddiaçının sözlərinə görə, milyarder bunu etməyib, səhmləri almağa davam edib, səlahiyyətlilərə məlumatı yalnız aprelin 4-də təqdim edib, həmin vaxt o, artıq səhmlərin doqquz faizindən çoxuna sahib idi.

“Twitter” səhmdarı hesab edir ki, Maskın “Twitter”dəki payını bildirməli olduğu tarixlər arasında (24 mart 2022-ci il və 4 aprel 2022-ci il) səhmlərini satanlar zərərə uğrayıblar. Belə ki, məlumatı gizlətmə biznesmenin daha çox səhmi süni şəkildə ucuzlaşmış qiymətə almasına kömək edib.

Qeyd edək ki, Mask sosial şəbəkədəki payı ilə bağlı məlumatları təqdim etdikdən sonra səhmlər 27% bahalaşıb.

Mask daha əvvəl “Twitter”in Direktorlar Şurasında oturmayacağını bildirmişdi. Bu qərar şirkətin səhmlərinin yeddi faiz dəyər itirməsinə səbəb olub. “Twitter”in baş direktoru Paraq Aqraval amerikalı iş adamının şirkətin Direktorlar Şurasına daxil olmaq fikrini dəyişdiyini elan etdikdən sonra sosial şəbəkənin səhmləri bir səhm üçün 42,7 dollara düşüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri