18 
May
2022
10:52
127
14
436
Virtual karabakh

Litva Prezidentinin Ofisi: “Azərbaycanı Aİ-nin enerji sektorunda etibarlı tərəfdaşı kimi qiymətləndiririk”

18 May, 2022
10:52
436

Litva Prezidentinin Ofisi: “Azərbaycanı Aİ-nin enerji sektorunda etibarlı tərəfdaşı kimi qiymətləndiririk”

Litva Prezidenti Gitanas Nauseda gözləyir ki, Azərbaycan qazı bir gün onun ölkəsinə də daxil olacaq.

Bu barədə Trend-ə Litva Prezidentinin Ofisindən onun Bakıya səfəri ərəfəsində bildiriblər.

“Ukraynadakı müharibə enerji təchizatının şaxələndirilməsi baxımından Avropa üçün təcili çağırış oldu. Avropa İttifaqı (Aİ) Rusiyanın qazıntı yanacağından asılılığına son qoymağa çalışdığı üçün Aİ ölkələri enerji daşıyıcılarının alternativ tədarükçüləri ilə enerji əməkdaşlığının gücləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsində, o cümlədən, Azərbaycandan böyük həcmdə təbii qaz əldə etməkdə son dərəcə maraqlıdır.

Biz Azərbaycanı Aİ-nin enerji sektorunda etibarlı tərəfdaşı kimi qiymətləndiririk. Prezident gözləyir ki, bir gün Azərbaycan qazı Litvaya da daxil olacaq. Dövlət başçısı hesab edir ki, bu, Litvanı və Baltikyanı ölkələri Avropa Qaz Şəbəkəsi (GIPL) ilə birləşdirən yeni qaz kəməri, Litvanın mayeləşdirilmiş təbii qaz terminalının gücü, Azərbaycanı Aİ ilə birləşdirən qaz kəmərləri və əməkdaşlığın dərinləşdirilməsi üzrə hədəflərimiz sayəsində mümkün olacaq”, - dövlət başçısının ofisindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın dünya ticarətindəki rolu nəzərə alınarsa, logistika sahəsində daha geniş investisiya imkanları ortaya çıxır.

“Litvada bərpaolunan enerji sektoru yaxşı inkişaf edib. Eyni zamanda, Azərbaycanın Aİ-yə, o cümlədən, Litvaya enerji tədarükünü artırmaq potensialı var. Biz bilirik ki, Azərbaycan ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını artırmağa çalışır. Litva bərpaolunan enerji, xüsusilə Günəş enerjisi sektorunun inkişafında güclü mövqeyə malikdir. Litva şirkətləri yüksək səmərəliliyə və uzunömürlülüyə əsaslanan yüksək keyfiyyətli Günəş modulları təklif edə bilər. Bundan əlavə, “yaşıl” inkişaf “ağıllı” həllərlə birgə addımlayır. Litvanın “ağıllı” həllərdəki potensialı əməkdaşlıq imkanlarını genişləndirir”, - Litva Prezidentinin Ofisindən deyiblər.

Qurumdan vurğulayıblar ki, Azərbaycan Qafqaz regionunda Litvanın çox mühüm tərəfdaşıdır.

“Biz əvvəlki kimi, ikitərəfli münasibətlərin 13 sentyabr 2007-ci il tarixli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq daha da inkişaf etdirilməsində maraqlıyıq. Litva Aİ və NATO-nun üzvü olaraq bir çox sahələrdə - iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində -ikitərəfli əməkdaşlığın fəallaşmasına ümid edir.

Litva Prezidentini Azərbaycanda geniş biznes nümayəndə heyəti müşayiət edəcək. Litva biznesi Azərbaycanla ikitərəfli ticarətin, xüsusilə İKT, innovasiyalar, nəqliyyat və logistika, enerji sahələrində inkişafına böyük maraq göstərir. Litva Prezidentini təhsil sektorunun nümayəndələri də müşayiət edəcəklər. Litva universitetlərinin rektorları ali təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Azərbaycan bütün Aİ üçün mühüm tərəfdaşdır. Biz yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlarda irəliləyişi səbirsizliklə gözləyirik. Bu, Azərbaycanla Aİ ölkələri arasında bir çox sahələrdə iqtisadi əməkdaşlığı fəallaşdırmağa imkan verəcək. İkitərəfli əməkdaşlığın prioritet sahələri iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və təhsildir. Litva enerji ehtiyatları idxalının şaxələndirilməsində maraqlı olduğu halda, Azərbaycanın marağı ərzaq idxalındadır və burada bizim biznes çox şey təklif edə bilər. Litvanın həmçinin innovasiya və yüksək texnologiyalar, informasiya texnologiyaları və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində də təklif edə biləcəyi çox şey var”, - G.Nausedanın ofisindən bildiriblər.

Prezident Ofisindən qeyd ediblər ki, möhkəm tərəfdaşlıq və keçmişdəki uğurlu layihələr sayəsində Litva Azərbaycanı ali təhsil sahəsində güclü tərəfdaş qismində nəzərdən keçirməyə hazırdır.

“Biz Azərbaycan universitetləri ilə ikili/birgə diplomlar üzrə tədris proqramları hazırlamaq və mütəxəssislərin hazırlanması, təkrar hazırlanması sahəsində dövlət səviyyəsində tərəfdaşlıq əlaqələri qurmaq imkanları axtarırıq.

Litva təbii qaz idxalını şaxələndirməyə və əməkdaşlıq etməyə çalışır və Azərbaycanla bu sahədə əməkdaşlıq daha intensiv ola bilər. Ona görə də ölkələrimizin enerji sahəsində perspektivlərini və imkanlarını öyrənmək lazımdır. İndiyədək Litva-Azərbaycan iqtisadi əlaqələri çox intensiv olmayıb. İkitərəfli ticarət 50 milyon avrodan bir qədər çoxdur. Litvanın Azərbaycana qoyduğu investisiyaları mülayim adlandırmaq olar.

Ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın böyük potensialı var. Litva yaxşı inkişaf etmiş avtomobil, dəmiryolu, intermodal və dəniz limanı infrastrukturu xidmətlərinə malik Aİ ölkəsi olaraq logistika baxımdan Aİ bazarlarına çıxış üçün böyük imkanlar təklif edir. Litva Asiyadan Avropaya mövcud marşrutlara sərfəli alternativ kimi unikal imkan təqdim edən Transxəzər dəmiryol dəhlizinin inkişafı üçün TRASECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizinin potensialının öyrənilməsində maraqlıdır”, - Litva Prezidentinin Ofisindən bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri