23 
May
2022
17:10
13
78
1310
Virtual karabakh

Sığorta uçotu ilə bağlı YENİLİKLƏR olacaq

23 May, 2022
17:10
1310

Sığorta uçotu ilə bağlı YENİLİKLƏR olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına əsasən, komitə sədri Musa Quliyev layihə barədə danışıb.

O qeyd edib ki, qanunun preambulasına və doqquz maddəsinə ümumilikdə 53 dəyişiklik təklif olunub.

Qanunun preambulasına edilən dəyişiklik onun tətbiq sahəsini xeyli genişləndirir.

Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkəmizdə çalışan və sığorta olunan şəxslərin sığorta uçotuna alınmasına və sığortaya cəlb olunmasına geniş imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov bildirib ki, təklif olunan dəyişikliklər bir neçə zərurətdən irəli gəlib.

Sənəddə “Sığorta haqqında” qanuna edilən dəyişikliklərlə əlaqədar təkmilləşdirmə xarakterli düzəlişlər, habelə məlumat mənbələrinin genişləndirilməsi, elektron resurslar üzərindən əməliyyatların aparılmasına imkan verən bazanın yaradılması və bəzi dəqiqləşdirmə xarakterli əlavə və dəyişikliklər nəzərdə tutulub.

Layihədə qanunda istifadə olunan anlayışların açıqlanması, “fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” anlayışının “sığortaçı” anlayışı ilə əvəz edilməsi nəzərdə tutulub.

Yeni redaksiyada verilən 4-cü maddədə fərdi uçotun sığortaçı tərəfindən elektron qaydada aparılması, bu sahədə elektron xidmətlərin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi, xidmətin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin fərdi uçotunun müəyyən edilmiş qaydada aparılması və digər məsələlər əks olunub.

Sənəddə sığortaolunanın fərdi şəxsi hesabına daxil edilən məlumatlar sırasına fərdi identifikasiya nömrəsinin (FİN), xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumatın əlavə edilməsi təklif olunur.

Həmçinin qeyd edilir ki, sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən, sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil. 

Qanunda nəzərdə tutulan digər düzəlişlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğlərinin Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınması nəzərdə tutulur.

Bununla yanaşı, sığortaolunanın özü haqda məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri