İyn
2022
11:36
15
72
4247
Virtual karabakh

Parlamentin iclası: Deputatın tənqidi keçmiş spikeri hiddətləndirir, əlini stola vurur

1 İyn, 2022
11:36
4247

Parlamentin iclası: Deputatın tənqidi keçmiş spikeri hiddətləndirir, əlini stola vurur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin mayın 27-də keçirilən iclasında deputat Qüdrət Həsənquliyevlə Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov arasında mübahisə yaşandı, hətta Valeh müəllim emosional davranaraq əlini stola da vurdu, daha sonra bu hərəkətinə görə üzr istədi.

Deputatla parlamentin keçmiş spikeri arasındakı söz atışmasının səbəbi “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna təklif edilən dəyişikliklərdir.

Qüdrət müəllimin iradının nüvəsində dayanan tezis budur ki, layihə Konstitusiyanın iki maddəsi ilə dərin ziddiyyət içərisindədir.

Qanuna təklif edilən əlavəyə əsasən, Azad Zonanın səlahiyyətli qurumu müəyyən kateqoriyadan olan işçilərin gəlirlərinə vergi tətbiq edə bilər.

Qüdrət müəllim mərəkəni də məhz buna görə qopardır, cənab Həsənquliyev bildirir ki, Konstitusiyanın 94-cü maddəsinə əsasən, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər barədə Milli Məclis 63 səs çoxluğu ilə qanun qəbul etməlidir.

Millət vəkili həmin səlahiyyətin Ələt İqtisadi Zonasına verilməsini az qala kobud qanun pozuntusu kimi xarakterizə edir.

Qanunun 26-cı maddəsinə də dəyişiklik təklif olunur. Layihəyə əsasən, Azad Zonada insan və vətəndaş hüquqları, azadlıqları ilə bağlı mübahisələr də həmin qurumun müstəsna yurisdiksiyasına aiddir.

Millət vəkili bununla da razılaşmır, deyir ki, həmin maddə Konstitusiyanın 71-ci maddəsinin kobud pozulmasıdır.

Yəni insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələr məhkəmələrdə həll edilir və bu hüquq məhdudlaşdırıla bilməz.

İclasda Valeh Ələsgərov deputatın etirazlarına cavab olaraq emosiyalara qapıldı və yuxarıda qeyd etdiyimiz kimi, qeyri-iradi olaraq əlini oturduğu masaya da vurdu. Sonra isə alicənablıq göstərək həmin hərəkətinə görə üzrünü çatdırdı, ardınca isə deputatlardan giley etdi.

Valeh müəllim Milli Məclisin keçmiş vitse-spikeridir, deputatlara belə deyək, ərki çatır, necə deyərlər, uman yerdən küsərlər.

Valeh müəllim Qüdrət Həsənquliyevin iradına cavab verdikdən sonra gileyini bu formada izhar edir:

“Prezident Administrasiyasında müvafiq şöbələr, komitələr var. Onlar da bu dəyişikliklərə baxaraq rəy veriblər. Orada Konstitusiyaya zidd heç bir maddə yoxdur. Mən 1 ilə yaxın deputatlarla bu binada oturdum.

Bir nəfər olsun gəlib işlərin necə getdiyi ilə maraqlanmadı, niyə burada oturduğumuzla maraqlanmadılar. Buna görə də xahiş edirəm imkan varsa, bütün məsələlərə yerində baxın”.

İki şəxsin “davası” parlamentdə qalmadı – Qüdrət müəllimin sayəsində. Belə ki, cənab Həsənquliyev verdiyi müsahibədə Valeh Ələsgərovun mövqeyini manipulyativ, davranışını dözümsüz adlandırıb və belə bir bənzətmə aparıb:

“O, indiki təyinatına qədər uzun illər vitse-spiker olmasaydı, emosional bir təsərrüfat işçisi kimi dediklərinə əhəmiyyət verməmək də olardı. Vitse-spiker kimi ona hər zaman hörmətlə yanaşmışam”.

Qanun layihəsi ikinci və üçüncü oxunuşlarda da müzakirəyə çıxarılacaq, görəsən həmin iclaslarda hansı söz davasının şahidi olacağıq?...

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri