15 
İyl
2022
14:09
32
201
1071
Virtual karabakh

Yerli istehsal bərpa olunarsa, “Aİ-95”in də qiymətini dövlət tənzimləyə bilər

15 İyl, 2022
14:09
1071

Yerli istehsal bərpa olunarsa, “Aİ-95”in də qiymətini dövlət tənzimləyə bilər

Pərviz Heydərov yazır...

Ölkəmizdə yanacaq məhsullarının istənilən növünün qiymət dəyişiklikləri həmişə ciddi rezonans doğurur. Və bu, hər dəfə müəyyən mübahisələr yaratmaqla yanaşı, ölkədaxili mövcud iqtisadi proseslərə də təsir göstərir.

Ona görə ki, bizdə bir sıra yanacaq məhsullarının qiymətlərini dövlət müəyyən edir, yəni başqa sözlə desəm, hökumət tənzimləyir. Halbuki, inkişaf etmiş ölkələrdə belə deyil.
Ümumiyyətlə, yanacaq məhsullarının qiymətləri qlobal miqyasda məhz xam neftin mövcud dəyərinə əsaslanır. Belə ki, hər şey bilavasitə bu sahədə baş verən dəyişikliklərə müvafiq şəkildə təşəkkül tapır.

Yəni, neftin qiyməti artanda yanacaq məhsulları bahalaşır, azaldıqda isə ucuzlaşır.

Xeyli vaxtdır bir sıra faktorların təsiri nəticəsində isə qlobal miqyasda neftin qiymətləri kəskin şəkildə artdığından yanacaq məhsulları hər yerdə yüksək məbləğdə satılır. Rusiya ilə Ukrayna arasında münaqişə bu sahədə vəziyyəti daha da kəskinləşdirdi. Ümumiyyətlə, əsas səbəb neftin dünya bazar qiymətlərinin uzun müddətdir 100 ABŞ dollarının üzərində olması ilə izah olunur. 

Bu baxımdan, “Aİ-95” və “Aİ-98” markalı benzin növlərinin ölkəmizə kənardan idxal olunduğunu nəzərə alsaq, bunların qiymətlərinin də artacağı gözlənilən idi. Və bunu dünya bazarında yaranmış konkret iqtisadi şərait diktə etdiyindən baş verdi. 

Sual yaranır, bəs nədən “qorxuruq”?! Bu, ölkəmizdə digər növ yanacaq məhsullarının da bahalaşmasına zəmin ola və yaxud şərait yarada bilərmi ?!

Təkrar edirəm ki, “Aİ-95” və “Aİ-98” markalı benzin növləri Azərbaycanda istehsal olunmur: bizdə yalnız “Aİ-92” və dizel yanacağı istehsal olunur. “Aİ-95” və “Aİ-98” markalı benzin növləri ölkəyə xaricdən idxal edilir. Həmin yanacaq markalarının qiymətləri də, bayaq qeyd etdiyim kimi, dünya bazarlarında sərbəst şəkildə tənzimlənir. 

Azərbaycanda istehsal olunan yanacaq növlərinin qiymətlərinə isə Tarif Şurası nəzarət edir. Odur ki, digər ölkələrdə “Aİ-95” və “Aİ-98” yanacaq növlərinin qiymətləri hansı səviyyədədirsə, Azərbaycan bazarına da həmin yanacaq növləri eyni qiymətə gəlib çıxır. 

Yeri gəlmişkən, 2021-ci ildə ölkəmizə ümumən 155 092,66 ton həcmində benzin (115 888 260 dollar dəyərində) idxal edilib ki, bu, 2020-ci illə müqayisədə 40 484,78 ton və ya 35,3 faiz artıq deməkdir.

Sözüm bunda deyil. 2021-ci ildə Azərbaycana idxal edilən “Aİ-95” premium ilə “Aİ-98” super markalı benzinin orta illik dəyəri 2020-ci illə müqayisədə artıb. Belə ki, qeyd olunan dövr ərzində 147 412,23 ton həcmində, 111 106 150 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib ki, “Aİ-95” markalı benzinin bir ton üçün orta illik dəyəri 753,71 dollar təşkil edib. Bu isə əvvəlki il idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün orta idxal dəyərindən 24,7 faiz çox deməkdir.

2021-ci ildə ölkəyə 2 684,79 ton həcmində və 2 395 070 dollar dəyərində isə “Aİ-98” markalı benzin idxal edilib ki, bir ton üçün məhsulun orta illik idxal dəyəri 892,08 dollar təşkil edib. Bu da 2020-ci ildə idxal edilən bir ton “Aİ-98” markalı benzinin orta illik idxal dəyərindən 12,9 faiz çox edib. Ortada “qorxulu” təbii ki heç nə yoxdur. Lakin, ölkə ərazisində satılan yanacaq məhsulları sırasında “Aİ-95” markalı benzinin payı bundan əvvəl təxminən 10 faiz təşkil edirdi. Söhbət, bundan əvvəlki qiymət artımınadək olan dövrdən gedir.

Belə ki, “Aİ-95” premium və “Aİ-98” super markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artmışdı. Aİ-98 1,9 manat, Aİ-95 isə 1,6 manat olmuşdu. Bundan öncə “Aİ-95” premiumun 1 litrinin qiyməti 1,45 manat, “Aİ-98” super markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi. Yəni, qeyd etmək istədiyim odur ki, qiymət artımları nəticəsində konkret olaraq “Aİ-95”in satışı xeyli aşağı düşüb. Belə ki, ümumi istehlakda “Aİ-95” benzinin payı 10 faiz təşkil edirdisə, hazırda bu rəqəm 8,5-8,8 faizə bərabərdir. “Aİ-98” markalı benzinin bazar payı isə bundan da aşağıdır. 

Ölkəmizdə ən çox satılan marka “Aİ-92” və dizel yanacağı məhsullarına tələb isə əksinə, getdikcə artır. Dizel yanacağından kənd təsərrüfatında da istifadə edilir. Odur ki, bəli, “Aİ-95” markalı benzinin qiymətinin 40 qəpik bahalaşması heç bir mənfi təsirlər yaratmayacaq. Ancaq ola bilər ki, “Aİ-95” markalı benzindən istifadə edənlərin bir qisminin “Aİ-92”dən istifadəyə transferi nəticəsində sonuncu adı çəkilən markalı benzinə tələbat bir az da artsın. Belə bir hal gözləniləndir. Bu fakt, yəni “Aİ-92”yə tələbatın artması isə SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda (NEZ) yenidənqurma və modernizasiya işlərini mümkün dərəcədə tez başa çatdırmağı tələb edir.

Yeri gəlmişkən, bir müddət “Aİ-92” və “Aİ-95” markalı benzin növlərinin idxal rüsumları ləğv olunmuş durumda idi, aksiz ödəmələri isə 200 manatdan 1 manatadək azaldılmışdı. Bu baxımdan, yerli istehsal tezliklə bərpa olunmasa xarici bazarlar hələ çox diktələr edə bilər.

Hələlik isə adı çəkilən zavodda yenidənqurma və modernizasiya layihəsinə dair birinci mərhələnin 2023-cü ildə, ikincinin isə 2027-ci ilin sonunda bitəcəyi deyilir. Nəticədə NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək gücə sahib olmalıdır.

Ümumiyyətlə, zavodda ildə 2 milyon ton avtomobil benzini istehsal ediləcək ki, bunun 60 faizi “Aİ-92”, 40 faizi isə “Aİ-95” markalı benzinin payına düşməlidir. O zaman digər markalı yanacaq məhsullarının da qiymətlərinin ölkəmizdə dövlət tərəfindən tənzimlənməsi mümkündür.

Çünki Azərbaycanda buna hələ çox ehtiyac var.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri