Avq
2022
16:04
11
167
2425
Virtual karabakh

Pekindən məhsul sifariş edənlərin nəzərinə: Texnika və Çin mallarının qiyməti qalxacaq? - FOTO

3 Avq, 2022
16:04
2425

Pekindən məhsul sifariş edənlərin nəzərinə: Texnika və Çin mallarının qiyməti qalxacaq? - FOTO

Dövlət tərəfindən maliyyələşən Amerika texnoloji nəhənglərinə Çində istehsalı genişləndirmək qadağan edilib. Bununla bağlı ötən gün ABŞ Konqresi ölkə şirkətlərini yarımkeçiricilərin istehsalında Çinlə rəqabətə təşviq edən “Çip və Elm Aktı” (CHIP-plus) adlanan qanunu qəbul edib.

Dünya iqtisadiyyatının böhran yaşadığı bir vaxtda ABŞ-ın bu addımı nəyə hesablanıb? Qərar bahalaşmaya səbəb ola bilərmi? Çindən internet platformaları ilə müxtəlif məhsullar sifariş edənlər ziyana düşəcəklərmi?

Mövzuyla bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov əvvəlcə Çin şirkətlərinin ABŞ-a investisiya qoymasından söz açıb:

“Hələ 2019-cu ildə Çin şirkətlərinin ABŞ maliyyə bazarlarına 1,2 trilyon vəsait yatırmasıyla bağlı məlumat təsdiqlənmişdi. Lakin qeyd olunurdu ki, bu investisiyalar haqqında amerikalı investorların məlumatları məhduddur, ona görə də ABŞ bunu şəffaflığın pozulması kimi qiymətləndirir. Beləliklə, Çin şirkətlərinin ABŞ-a investisiya yatırması məhdudlaşdırılmağa başladı.

Rusiya-Ukrayna müharibəsi başlamadan öncə, təxminən 2022-ci ilin əvvəllərindən isə Çində fəaliyyət göstərən 33 böyük şirkətə sanksiya tətbiq olundu. Yəni müxtəlif vaxtlarda ABŞ-ın Çinə qarşı iqtisadi təzyiqləri müşahidə edilib”.

Ekspert hazırkı təzyiqin səbəbini Rusiya-Ukrayna müharibəsilə əlaqələndirib:

“Belə ki, bu müharibədə Çinin ABŞ siyasətini dəstəkləməməsi və müəyyən hallarda Vaşinqtonun istəyinə maneə yaradan davranışları ABŞ-ı Çinə qarşı təzyiqlərdən istifadə etməyə vadar edib. Bu, istər Tayvan məsələsindəki siyasi gedişlərdə, istərsə də iqtisadi qərarlarda özünü göstərir”.

ABŞ şirkətlərinin Çində genişlənməsinin məhdudlaşdırılma qərarına gəldikdə isə həmsöhbətimiz vurğulayıb ki, bu həmin şirkətlərin fəaliyyətlərini tamamilə dayandırması demək deyil:

“Mövcud fəaliyyət davam edəcək, istehsal köklü şəkildə dayanmayacaq. Bu səbəblə də hansısa Çin malının qiymətinin artacağını gözləmirəm. Düzdür, ABŞ şirkətlərinin genişləndirilməsi Çin istehsalına öz töhfəsini verər. Amma bu olmadan belə, Çin istehsalı genişlənməkdə davam edəcək. Tendensiya bunu göstərir.

Beynəlxalq aləmdə ABŞ Çinin həm iqtisadi, həm siyasi, həm hərbi baxımdan mövqeyini sarsıtmaqda davam edir. Bu mövqe sarsıntısı arasında iqtisadi təsirlər qaçılmaz olacaq. Buna görə də böyük ehtimalla Çin yuanının ucuzlaşmasını müşahidə edəcəyik. Çinin milli valyutasının ucuzlaşması isə bir növ istehsal zamanı maya dəyərinin daha aşağı formalaşmasına gətirib çıxaracaq ki, bu da istehsal xərclərini azaldacaq. Nəticədə nisbi anlamda ixrac qabiliyyəti artacaq. Ona görə də hazırkı verilmiş qərarın Çin mallarının bahalaşacağı ilə nəticələnəcəyini düşünmürəm.

Ümumilikdə, düşünürəm ki, Vaşinqtonun Pekinə təzyiqi artacaq, Çin ABŞ-la Rusiya məsələsində Moskvanı gizli və ya aşkar dəstəkləməyəcəyini öhdəlik olaraq götürdükdən sonra isə ABŞ-ın Çinə qarşı təzyiqində, Tayvan məsələsindəki münasibətində yumşalmalar müşahidə olunacaq”.

İqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov Oxu.Az-a açıqlamasında qeyd edib ki, ABŞ ciddi qərarlarla iki şəkildə Çini cəzalandırmağa çalışır:

“ABŞ tarixində 30-40 ildən sonra ilk dəfə inflyasiya bu qədər yüksəldi, işsizlik göstəricisi artdı. Buna pandemiyayla yanaşı, Rusiya-Ukrayna müharibəsi də təsir göstərdi. Çünki hər iki ölkə dünya iqtisadiyyatında əhəmiyyətli oyunçudur. Çinlə bağlı tətbiq edilən qərarlar yeni deyil. ABŞ iki şəkildə Çini cəzalandırmağa çalışır.

Birincisi, Rusiya yeni ittifaqda Çin, Hindistan kimi ölkələrlə əməkdaşlıq edərək dünya iqtisadiyyatına ciddi oyunçu olma addımları atır. ABŞ isə bu fəndləriylə Çin iqtisadiyyatına təsir göstərmək istəyir. Eyni zamanda ABŞ-dakı işsizliyin aradan qaldırılması üçün ABŞ iqtisadiyyatının inkişafı hədəflənir. Çünki Çində istehsalın maya dəyərinin aşağı olması bir çox böyük şirkətin öz zavodlarını Çinə daşımasına gətirib çıxarmışdı ki, bu da ölkədə işsizliyə təsir göstərirdi. Bu qərarla həmin problemi önləməyə çalışırlar, amma dövlət dəstəyi əsas şərtdir. Çünki Çindəki əməkhaqqı ABŞ-dakından dəfələrlə aşağıdır, şirkətlərə belə vəziyyət sərf edir, əgər onların geridönüşü nəzərdə tutulursa, dövlət dəstəyi mütləqdir. Məsələn, vergi güzəşti və s. olmalıdır.  Hökumət proqramında bunlar var”.

Mütəxəssis ABŞ iqtisadiyyatının hələ də dünyanın ən böyük iqtisadiyyatı olduğunu və mövcud problemlərin onun bazarda yerini itirməsinə səbəb olmayacağını bildirib:

“Onların əlində rıçaq var ki, bu şəkildə şirkətlərə dəstək verərək öz istehsallarını ABŞ-a geri gətirsinlər. Bu, ilk mərhələdə real görünməsə də, zamanla mümkün ola bilər. Çünki Çin ABŞ-ın ən böyük rəqibidir və get-gedə böyüyən iqtisadiyyatıyla birlikdə ABŞ-ın iqtisadiyyatına təhdid olaraq görüldüyü üçün ABŞ şirkətləri dövlətçilik baxımından buna dəstək verəcəklər. Bunun isə qiymət bahalaşmasına gətirib çıxarması şəksizdir, çünki maya dəyəri birbaşa qiymətin formalaşmasına təsir göstərir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri