Avq
2022
17:32
122
34
4439
Virtual karabakh

“Bu il bir şans idi, iki ildən sonra neft 150 dollar olsa, bizim üçün əhəmiyyəti olmayacaq” - MÜSAHİBƏ

8 Avq, 2022
17:32
4439

“Bu il bir şans idi, iki ildən sonra neft 150 dollar olsa, bizim üçün əhəmiyyəti olmayacaq” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu həftə bazar üçün müəyyən qədər pozitiv siqnallar gəlsə, neftin 100 dollar olması mümkündür. Ancaq ümumilikdə bazara qlobal baxış ondan ibarətdir ki, neft ucuzlaşacaq. Hətta dekabr ayı üçün 75-80 dollar civarında qərarlaşa bilər”.

Bunu Oxu.Az-a açıqlamasında neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspertlə dünya bazarında neftin ucuzlaşması, bunun dünya iqtisadiyyatına və valyutaların məzənnəsinə təsirləri ilə əlaqədar söhbət apardıq. Sözügedən müsahibəni təqdim edirik:

- Neftin dünya bazarında ucuzlaşmasına səbəb nədir?

- Neftin qiymətinin azalmasının əsas səbəbi aşağıdakı faktorlardır: Dünya iqtisadiyyatının artım tempinin ilin sonuna doğru proqnoz göstəricilərindən xeyli aşağı düşmək ehtimalı; OPEC+ çərçivəsində hasilatın sentyabrdan 100 min barel artırılması qərarı; Səudiyyə və BƏƏ hökumətlərinin dünyanın enerji böhranı ilə üzləşmək təhlükəsi olarsa, bazara cari ilin qış mövsümündə kifayət qədər neft çıxarmaq haqda bəyanatları; ABŞ-da həftəlik neft və avtomobil benzini ehtiyatlarının artımı.

- “Qara qızıl” daha nə qədər ucuzlaşa bilər?

- Neftin qiyməti bir çox faktorlardan asılıdır və heç vaxt stabil qalmır. Bu həftə bazar üçün müəyyən qədər pozitiv siqnallar gəlsə, neftin 100 dollar olması mümkündür. Ancaq ümumilikdə bazara qlobal baxış ondan ibarətdir ki, neft ucuzlaşacaq. Hətta dekabr ayı üçün 75-80 dollar civarında qərarlaşa bilər. Bunu isə iqtisadi proqnozlara əsasən deyirik.

Bu məsələnin bir ucu Rusiya-Ukrayna müharibəsinə, digər ucu isə onilliklər boyu yaranmış ticarət əlaqələrinin pozulmasına gedib dayanır. Ticarət əlaqələrinin pozulması ilə yeni logistika kanallarının axtarışa verilməsi istər-istəməz ticari dövriyyəyə də təsir edəcək. Onun da yaranması üçün bir qədər vaxt lazımdır.

Başqa bir məqam isə koronavirusun yeddinci dalğasının başlaması ilə əlaqədardır. Bu da bazarda ehtiyatlı addımlar atmağa sövq edir. Ancaq real olaraq təxminən oktyabr ayının 20-dən sonra bu mənzərə daha aydın olacaq. Çünki cari ilin ilk üç rübünün ilkin göstəriciləri və dünyanın qış mövsümünə hazırlığı da artıq məlum olacaq.

- Büdcədə neftin qiyməti 85 dollar hesablanıb. Neftin qiymətinin bu səviyyədən də düşmə ehtimalı varmı?

- İlin birinci yarısı neftin orta qiyməti 102 dollar, yeddi ay ərzində ortalama 105 dollardan artıq olub. Biz isə neftin qiymətinin düşməsini əsasən dördüncü rübdə gözləyirik. Əgər bu zaman neftin qiyməti 30 dollar, doqquz ayın yekunu olaraq isə 90 dollar olarsa, neftin illik ortalama qiyməti 60 dollar olacaq. Hətta belə olan halda da bu, çox böyük itki deyil.

Ancaq neftin qiymətinin hazırda yüksək olması insanlarda və hökumətdə eyforiya hissi yaratmamalıdır. Bu il bir şans idi ki, neftimiz də, qazımız da bizə yaxşı gəlir gətirib. Ancaq iki ildən sonra neftin qiyməti 150 dollar olsa da, bunun bizim üçün hansısa böyük əhəmiyyəti olmayacaq. Çünki yarım il ərzində ötən illə müqayisədə bir milyon ton, yəni 7,5-8 milyon barel neft həcmi itirmişik.

Hazırkı vəziyyətdən nə qədər rasional istifadə etsək, o da sonradan qeyri-neft sektorunda effekt almaq imkanı yaradacaq. Üç-beş ildən bir neft qiymətinin artım tempi müşahidə olunur. Sonrakı neft qiymətlərinin artımında neftimizin həcmi kifayət qədər az olacaq ki, biz ondan indi əldə etdiyimiz gəliri əldə etməyəcəyik. Ona görə bu ilin gəlirindən daha səmərəli şəkildə istifadə etmək lazımdır.

- Bu hal dolların və avronun məzənnəsinə necə təsir edə bilər?

- Dünyada dollar bahalaşıb, çünki Avropa iqtisadiyyatı üzüaşağı gedir. Digər tərəfdən, müharibə Avropa qitəsində gedir və müharibə səbəbindən miqrasiya dalğasının xərclərini də Avropa çəkir. Həmçinin Rusiyanın Avropaya enerji verməməsi, eyni zamanda Avropanın 50 illik enerjidən imtina etməsi onun iqtisadiyyatını kiçilməyə məcbur edib. Buna görə də avro ucuzlaşır, dolların məzənnəsi möhkəmlənir.

Dolların məzənnəsi isə dünyadakı əsas xammalın ucuzlaşmasına gətirib çıxarır. Azərbaycanda isə dolların məzənnəsi dövlət tərəfindən tənzimlənir. İndiki halda bu, müsbət haldır. Çünki hökumətimiz qeyri-neft sektorunu ixracyönümlü görmək istəyir və çalışır ki, neftdən, qazdan başqa da qazanc yeri olsun. Bundan sonra insanlar da fərdi olaraq Azərbaycandan kənardakı bazarlara kənd təsərrüfatı məhsulları çıxarıblar.

Əgər bizdə birjada bazar kursu müəyyən edilsəydi, indi dolların manata kursu 1-1.20 AZN arası olardı. Çünki ölkəyə valyuta axını çox, xərcləmək yeri azdır ki, bunun nəticəsində milli valyuta möhkəmlənəcəkdi.

- Neftin ucuzlaşmasının istehlak və qeyri-istehlak mallarının qiymətinə, eyni zamanda logistikaya təsirləri necə ola bilər?

- Neftin ucuzlaşmasının müəyyən qədər logistikaya təsirləri ola bilər, çox yox. Çünki qatarlar adətən elektriklə, digər vasitələr isə dizellə çalışır. Bazar iqtisadiyyatı hansı ölkədə güclü inkişaf edibsə, orada istehlak və qeyri-istehlak malları daha tez ucuzlaşır.

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri