15 
Avq
2022
13:12
210
27
2850
Virtual karabakh

Manatın təkamülü: “İllik inflyasiyanın 1800% olduğu illərdən çıxan valyutamızın 30 yaşı tamam olur” - FOTO

15 Avq, 2022
13:12
2850

Manatın təkamülü: “İllik inflyasiyanın 1800% olduğu illərdən çıxan valyutamızın 30 yaşı tamam olur” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli valyuta, yəni manat, 11 fevral 1992-ci il tarixli “Milli Bankın yaradılması haqqında” və 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanları əsas götürülərək yaradılıb.

Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla (sovet) bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il ötür. 

Milli valyutanın dövriyyəyə buraxılmasının əhəmiyyətindən danışan sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov Oxu.Az-a açıqlamasında bildirib ki, bu 30 ildə milli valyutamız onun üçün heç də asan olmayan enişli-yoxuşlu yollardan keçib:

“Yadıma 1990-cı illərin ortalarında baş vermiş hadisələr düşür. İllik inflyasiyanın 1750-1800%-ə çatdığı o dönəmlərdə manat bir milli valyuta kimi öz nüfuzunu əsaslı şəkildə itirmişdi. O zaman apardığımız islahatlar manatın məzənnəsini sabitləşdirməyə imkan versə də, onun ucuzlaşmış varlığı 2006-cı ilin əvvəlinə qədər yaşaya bildi. Yalnız 2006-cı ildən başlayaraq biz bir yeni manatı 5000 keçmiş manatla əvəzləyərək, dövriyyəyə yeni milli valyuta nümunələri buraxdıq.

Lakin biz dövriyyəyə yeni, daha çəkili manatı buraxsaq da, onun beynəlxalq maliyyə müstəvisində baş verən proseslərə münasibət bildirməsini istəmədik. Yəni sərt monetar siyasət manatın üzən məzənnə ilə yaşamasına imkan vermədi. Elə bunun nəticəsi idi ki, 2015-ci ildə milli valyutamız iki kəskin devalvasiya ilə iki dəfədən çox dəyər itirdi”. 

F.Yusifov vurğulayıb ki, 2016-cı ilin əvvəllərindən bu günə qədər milli valyutamız dünyanın maliyyə müstəvisində baş verən olaylara, qonşu ölkələrdə milli valyutaların məzənnələrində baş verən dəyişikliklərə (ucuzlaşmalara) baxmayaraq, sabit kurs (1 ABŞ dolları üçün 1,7 manat) nümayiş etdirir:

“Manatın bu mövqeyi təhlükəlidir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və deməli, milli valyutamız da dünya maliyyə bazarlarında baş verən proseslərə münasibət bildirməlidir. Yəni ən azından, o, tədricən üzən məzənnəyə keçməlidir. Əks halda 2015-ci il təkrarlana bilər. Bu isə heç kimə lazım deyil”. 

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri