18 
Avq
2022
16:16
134
16
2022
Virtual karabakh

Nazir müavini: “Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük nəzarəti təkrarlanmayacaq”

18 Avq, 2022
16:16
2022

Nazir müavini: “Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük nəzarəti təkrarlanmayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında bu gün Bakıda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Sazişin icrası ilə bağlı bəzi işlərin 3 ay ərzində bitirməsi planlaşdırılır.

Bunu “Report”a açıqlamasında Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turagay deyib.

Onun sözlərinə görə, ölkələr arasında sadələşdirilmiş gömrük xidmətinin tətbiqini həyata keçirmək, əvvəlcədən məlumat mübadiləsini təmin etməklə risk analizlərinin paylaşılması planlaşdırılır:

“Risk analizlərinin paylaşıldığı zaman nəzarət təkrarlanmayacaq, lakin effektiv və yerində nəzarət ediləcək. Hazırda Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük idarələri eyni nəzarəti həyata keçirir. Bu isə vaxt itkisinə səbəb olur.

Hazırda bunun infrastrukturu qurulur, bununla bağlı işlərin həyata keçirilməsi lazımdır ki, ticarətdə uğurlar əldə edək. Hər üç ölkənin gömrük idarələri bu istiqamətdə çalışırlar”.

R.Turagay xatırladıb ki, Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin ilk iclası ötən ilin oktyabr ayında İzmirdə keçirilib, bu gün isə ikinci iclası Bakıda təşkil olunub:

“Üçüncü iclasa qədər bu gün müzakirə edilən mövzuları izləyəcəyik. Sadələşdirilmiş gömrük xidmətləri ilə bağlı işlərimizi intensivləşdirəcəyik. Texniki şərtlər hazırlanacaq ki, buna uyğun infrastruktur qurulsun. Bu kimi işləri 3 ay ərzində bitirməyi planlaşdırırıq”.

Nazir müavini hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yükdaşımanın həcmi kifayət qədər qənaətbəxş deyil:

“Bu gün Azərbaycan-Türkiyə-Gürcüstan arasında imzalanan saziş Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yükdaşımaların həcminin artırılmasına səbəb olacaq. Türkiyənin Ticarət Nazirliyi, İnfrastruktur Nazirliyi bu məsələyə çox önəm verir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin daha aktiv şəkildə istifadə edilməsini istəyirik. Gün ərzində 40-45 konteynerin daşınması kifayət deyil. Azərbaycanla Türkiyə arasında ticarətdə quru yollar əsas rol oynayır. Azərbaycanla həyata keçirdiyimiz ticarətin 80%-ni quru yollarla həyata keçiririk. Dəmir yolu ilə ticarətin həcmi çox azdır və biz yükdaşımanın həcminin yavaş-yavaş artmasını gözləyirik”.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri